Qarabağ Universitetinə qəbulda rəqabət artır: keçid balları dəyişəcək?

11 İyun, 2026 - 11:13
Qarabağ Universitetinə qəbulda rəqabət artır:

Abituriyentlər üçün ən məsuliyyətli mərhələlərdən biri olan ixtisas seçimi dövrü yaxınlaşdıqca ali təhsil müəssisələrinin təqdim etdiyi imkanlar daha çox diqqət mərkəzinə gəlir. Universitet seçimi artıq gələcək karyera, sosial mühit, təcrübə imkanları və şəxsi inkişaf baxımından strateji qərar hesab olunur.

Son illərdə Azərbaycanın ali təhsil məkanına qoşulan Qarabağ Universiteti də gənclərin maraq göstərdiyi təhsil ocaqlarından birinə çevrilməkdədir. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən ilk ali təhsil müəssisəsi kimi universitet həm də tarixi və mənəvi missiya daşıyır. Universitetin sürətlə inkişaf edən infrastrukturu, dövlət dəstəyi, müasir təhsil mühiti və Qarabağın bərpası prosesinin bir parçası olmaq imkanı bu ali məktəbə marağı daha da artırır.

Bəs universitetə artan maraq keçid ballarının yüksəlməsinə səbəb ola bilərmi?

“Bu il qəbul prosesində Qarabağ Universitetinə maraq əvvəlki illərlə müqayisədə daha yüksək olacaq”

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə açıqlama verən təhsil mütəxəssisi Rasim Həsənzadə bildirib ki, əgər əvvəllər seçim zamanı əsas diqqət daha çox universitetin tarixinə və ənənələrinə yönəlirdisə, bu gün gənclər tədrisin keyfiyyəti, beynəlxalq əməkdaşlıqlar, tələbələr üçün yaradılan imkanlar, müasir infrastruktur, karyera perspektivləri və universitetin gələcək inkişaf potensialını da ciddi şəkildə nəzərə alırlar: “Azərbaycanda ali təhsil sahəsində son illərdə müşahidə olunan əsas tendensiyalardan biri abituriyentlərin universitet seçimində daha tələbkar və strateji yanaşma nümayiş etdirmələridir. Bu baxımdan Qarabağ Universiteti qısa müddət ərzində ölkənin ali təhsil məkanında ən çox diqqət çəkən və maraq doğuran ali təhsil müəssisələrindən birinə çevrilib.

Hesab edirəm ki, 2026/2027-ci tədris ili üzrə qəbul prosesində Qarabağ Universitetinə maraq əvvəlki illərlə müqayisədə daha yüksək olacaq. Bunun əsas səbəblərindən biri universitetin artıq ilk fəaliyyət ilini uğurla başa vuraraq öz potensialını nümayiş etdirməsidir. Universitet yaradılarkən bir çoxları onu gələcəyin layihəsi kimi qiymətləndirirdilər. Bu gün isə artıq konkret nəticələr mövcuddur. İlk qəbul ilində orta qəbul balının yüksək olması, yüzlərlə yüksək nəticə göstərmiş abituriyentin məhz Qarabağ Universitetini seçməsi, müasir tədris və tələbə yataqxanalarının yaradılması, güclü akademik heyətin formalaşdırılması və beynəlxalq əməkdaşlıqların qurulması universitetin qısa zamanda etimad qazanmasına səbəb olub”.

Mütəxəssis qeyd edib ki, Qarabağ Universitetinin cəlbediciliyini artıran amillər yalnız təhsil prosesi ilə məhdudlaşmır: “Universitet Azərbaycanın son onilliklərdə həyata keçirdiyi ən böyük dövlət layihələrindən biri hesab olunan Qarabağın bərpası və yenidən qurulması prosesinin mərkəzində yerləşir. Bu gün Qarabağ yeni iqtisadi, sosial, texnoloji və akademik inkişaf modelinin formalaşdırıldığı məkandır. Belə bir mühitdə fəaliyyət göstərən universitet təbii olaraq gənclərin diqqətini cəlb edir. Çünki tələbələr yalnız diplom əldə etməyi deyil, həm də tarixi bir prosesin iştirakçısına çevrilməyi, ölkənin gələcəyinin qurulduğu məkanda təhsil almağı önəmli hesab edirlər”.

“Qarabağ Universitetində yeni fəaliyyət göstərəcək fakültə və ixtisasların sayı universitetin geniş akademik platformaya çevrildiyini göstərir”

Onun sözlərinə görə, Qarabağ Universitetinin inkişaf strategiyası müasir ali təhsil yanaşmalarına tam uyğun görünür: “Universitet yalnız mövcud ixtisasların inkişafı ilə kifayətlənməyərək akademik strukturunu da genişləndirir. 2026/2027-ci tədris ilində fəaliyyət göstərəcək yeni Təbiət elmləri fakültəsi və Riyaziyyat və İT elmləri fakültəsi universitetin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Bu fakültələrin yaradılması biologiya, fizika, kimya, riyaziyyat, data analitikası, informasiya təhlükəsizliyi və kompüter mühəndisliyi kimi strateji istiqamətlərin ayrıca inkişafına imkan yaradacaq. Xüsusilə data analitikası və informasiya təhlükəsizliyi kimi proqramların açılması müasir əmək bazarının ehtiyaclarına uyğun kadr hazırlığının həyata keçirilməsinə xidmət edir.
Ümumilikdə, 2026/2027-ci tədris ilində Qarabağ Universitetində bakalavriat səviyyəsində fəaliyyət göstərəcək fakültə və ixtisasların sayı universitetin artıq klassik ali təhsil müəssisəsi modelindən daha geniş akademik platformaya çevrildiyini göstərir. Pedaqoji, mühəndislik, iqtisadiyyat, humanitar və sosial elmlər, incəsənət, turizm, tibb və sağlamlıq elmləri ilə yanaşı, təbiət elmləri və informasiya texnologiyaları istiqamətlərinin ayrıca fakültələr səviyyəsində təşkili universitetin gələcək inkişaf strategiyasının nə qədər genişmiqyaslı olduğunu ortaya qoyur”.

“Yüksək bal toplayan abituriyentlərin seçim meyarlarında ciddi dəyişiklik müşahidə olunur”

Son illərdə yüksək bal toplayan abituriyentlərin seçim meyarlarında ciddi dəyişiklik müşahidə olunduğunu qeyd edən təhsil mütəxəssisi vurğulayır ki, bu tələbələr artıq yalnız ənənəvi olaraq tanınmış universitetlərə üstünlük vermirlər: “Onlar hansı universitetin gələcəkdə daha sürətli inkişaf edəcəyini, hansı imkanları təqdim etdiyini, beynəlxalq əlaqələrinin səviyyəsini, müasir laboratoriyalarını, təcrübə və məşğulluq imkanlarını diqqətlə araşdırırlar. Qarabağ Universitetinin ilk ildən etibarən beynəlxalq əməkdaşlıqlara xüsusi önəm verməsi, Türkiyənin aparıcı universitetləri ilə əlaqələr qurması, İstanbul Texniki Universiteti ilə bəzi mühəndislik proqramları üzrə ikili diplom modelini tətbiq etməsi və beynəlxalq akademik mühitə inteqrasiya istiqamətində addımlar atması yüksək nəticə göstərən abituriyentlər üçün mühüm üstünlük yaradır.

Universitetin dövlət tərəfindən xüsusi diqqət və dəstək görməsi də mühüm amillərdəndir. Dünyanın bir çox ölkələrinin təcrübəsi göstərir ki, dövlətin prioritet hesab etdiyi universitetlər daha sürətli inkişaf edir, daha güclü maddi-texniki baza formalaşdırır və daha geniş imkanlar əldə edir. Qarabağ Universiteti də məhz belə ali təhsil müəssisələrindən biridir. Müasir kampus modeli, tələbələrin yataqxana ilə təmin olunması, yeni laboratoriyaların yaradılması, universitet klinikasının fəaliyyətə başlaması, kitabxana fondunun genişləndirilməsi, yeni fakültələrin və ixtisasların açılması bunun konkret göstəriciləridir”.

“Bu il ali təhsil müəssisələri üzrə keçid ballarında kəskin artım gözlənilmir, əksinə, cüzi enmə ehtimalı mövcuddur”

R.Həsənzadə qeyd edib ki, ilkin müşahidələr və mövcud nəticələrə əsasən, bu il ali təhsil müəssisələri üzrə keçid ballarında kəskin artım gözlənilmir: “Əksinə, bəzi ixtisas qruplarında keçid ballarının ötən illə müqayisədə sabit qalması və ya müəyyən istiqamətlər üzrə cüzi enməsi ehtimalı mövcuddur. Lakin burada ümumi ölkə mənzərəsi ilə konkret universitetlərə olan marağı fərqləndirmək vacibdir.

Məhz bu baxımdan Qarabağ Universiteti fərqlənən ali təhsil müəssisələrindən biri kimi görünür. Universitetə marağın artması, yeni fakültələrin və ixtisasların açılması, dövlət dəstəyi, beynəlxalq əməkdaşlıqlar, müasir kampus imkanları və ilk tədris ilində əldə olunan müsbət nəticələr bəzi proqramlar üzrə rəqabəti artıraraq keçid ballarının ümumi tendensiyadan fərqli şəkildə formalaşmasına səbəb ola bilər. Xüsusilə hüquqşünaslıq, beynəlxalq münasibətlər, tibb, stomatologiya, informasiya təhlükəsizliyi, data analitikası, kompüter mühəndisliyi, maliyyə və biznesin idarə edilməsi kimi ixtisaslarda daha yüksək rəqabətin yaranacağını gözləmək olar”.

Təhsil mütəxəssisi xüsusilə vurğulayıb ki, yaxın illərdə Qarabağ Universiteti Azərbaycanın ali təhsil sistemində ən sürətlə inkişaf edən ali təhsil müəssisələrindən birinə çevriləcək: “Universitetin akademik potensialı, dövlət dəstəyi, beynəlxalq əməkdaşlıqları, müasir infrastrukturu, yeni fakültələri və strateji əhəmiyyəti onu həm yüksək bal toplayan abituriyentlər, həm də gələcəyini planlaşdıran gənclər üçün cəlbedici seçimlərdən birinə çevirir. Qarabağ Universitetinin artıq formalaşmaqda olan nüfuzu göstərir ki, yaxın perspektivdə o, ölkənin ən çox üstünlük verilən və rəqabətli universitetləri sırasında öz mövqeyini daha da gücləndirəcək”.