“Qaranlıq Akademiya: universitetlər necə ölür?” -  Akademik rəy

21 Aprel, 2026 - 15:22
“Qaranlıq Akademiya: universitetlər necə ölür?” -  Akademik rəy

Məlum olduğu kimi, Azərbaycan  dünya ölkələrindən biridir və bu səbəbdən də ətrafında baş verən proseslərdən, müxtəlif hüquqi, mədəni və institusional əlaqələrlə bağlı olduğu ölkə və strukturlardan müəyyən şəkildə təsirlənir. Bu təsirlər cəmiyyət, iqtisadiyyat və siyasət sahələri ilə yanaşı, ali təhsil sistemində də özünü göstərir. Universitetlər də bu transformativ təsirlərdən kənarda qalmır. Bununla belə, baş verən dəyişiklikləri təhlil edərkən “özünəməxsusluq” amilini nəzərə almaq vacibdir.

Professor Peter Fleminq tərəfindən qələmə alınmış “Dark Academia: How Universities Die?” (Qaranlıq Akademiya: universitetlər necə ölür?”)  adlı kitab Türkiyənin Koç Universiteti  tərəfindən nəşr olunmuşdur. 

Müəllif hazırda University of Technology Sydney-də təşkilati tədqiqatlar üzrə professor kimi fəaliyyət göstərir və neoliberal dövrün dominant ideoloji narrativlərinə tənqidi yanaşması ilə seçilir.

Giriş, on bölmə və nəticədən ibarət olan əsərdə müəllif kifayət qədər tənqidi mənzərə təqdim edir. Müəllif yazır: “Müasir universitetlər artıq uzun müddətdir ki, ciddi böhran vəziyyətindədir. Son 35 il ərzində universitetlər gəlir, genişlənmə və məhsuldarlıq göstəricilərinə fokuslanan kommersiya strukturlarına çevrilmiş, ictimai ali təhsilin əsas missiyası isə demək olar ki, tamamilə deqradasiyaya uğramışdır. Tədris və tədqiqat fəaliyyətlərinə tətbiq olunan qeyri-rasional performans göstəriciləri formal xarakter daşıyır. Akademik fəaliyyətlərin böyük hissəsi könüllü deyil, institusional təzyiq nəticəsində həyata keçirilir. Müəllim heyətinin əhəmiyyətli hissəsi qeyri-sabit əmək müqavilələri ilə işləyir, hətta daimi ştatlı əməkdaşlar belə yüksək nəşr təzyiqi altında fəaliyyət göstərirlər”.

Bu yanaşmaya görə, universitetlər zaman keçdikcə ierarxik-kommersiya strukturlarına transformasiya olunmuş, akademik heyət isə performans əsaslı qiymətləndirmə sistemləri çərçivəsində kvazi-bazar mexanizmləri ilə idarə olunmağa başlamışdır. 
Fleminq yazır ki, həyatda dərsə girməyən, elmi fəaliyyətlə məşğul olmayan, elmi dərəcəsi olmayan şəxslərin universitet idarəçiliyində əsas qərarverici mövqelərə yüksəlməsi akademik sistem üçün ciddi risk yaradır. Bu, sadəcə kadr problemi deyil, universitetin mahiyyətinin dəyişməsi deməkdir.

Belə hallarda idarəetmə akademik dəyərlərə deyil, menecerial göstəricilərə və qısa müddətli nəticələrə əsaslanır. Universitet tədricən elmi düşüncə məkanı olmaqdan çıxaraq, hesabat və performans göstəriciləri üzərində qurulan bürokratik struktura çevrilir. Akademik təcrübəsi olmayan idarəçilər üçün elmin dərinliyi, metodoloji keyfiyyət və tənqidi düşüncə deyil, ölçülə bilən nəticələr – reytinqlər, statistik göstəricilər və formal uğur indikatorları daha prioritet olur.

Bu isə bir neçə təhlükəli tendensiyanı gücləndirir:
•    akademik azadlığın formal xarakter alması; 
•    müəllim və tədqiqatçıların qərarvermə prosesindən kənarlaşdırılması; 
•    universitet daxilində etimad və həmrəylik mühitinin zəifləməsi; 
•    elmi fəaliyyətin məzmun deyil, forma üzərindən qiymətləndirilməsi. 

Fleminqin yanaşmasına görə, bu cür idarəetmə modeli universiteti daxilən boşaldır: struktur qalır, amma məzmun itir. Akademik subyekt özünü qərarların iştirakçısı deyil, icraçısı kimi hiss etməyə başlayır.

Tədqiqatın davamında vurğulanır ki, neoliberal prinsiplər artıq universitet sistemində o qədər dərin kök salmışdır ki, bu institutların bərpasının mümkünlüyü belə sual altına düşür.

Universitetlərin tənqidi təhlili zamanı mühüm bir aspekt də nəzərə alınmalıdır: nəsillərarası fərqlər. Akademiyada yeni fəaliyyətə başlayan gənc tədqiqatçılar mövcud sistemin təzyiqləri altında formalaşır və bir çox hallarda bu şərtləri normativ qəbul edirlər. Eyni zamanda, onların bu problemləri açıq şəkildə müzakirə edə biləcəkləri institusional və ya ictimai platformalar kifayət qədər məhduddur. İctimai məsuliyyətin zəifləməsi akademik diskursun da marginalizasiyasına səbəb olur.

Akademik kapitalizmin uzunmüddətli təsiri nəticəsində formalaşan bu mühitdə alternativ akademik modelin mümkünlüyünü təsəvvür etmək belə çətinləşir. Xüsusilə, yeni fəaliyyətə başlayan və institusional baxımdan zəif qorunan gənc akademiklər üçün tətbiq olunan formal və çox vaxt əsassız təyinat və yüksəliş meyarları əlavə çətinliklər yaradır. Belə bir şəraitdə onlara akademik nəşr sistemində mövcud olan struktur qeyri-bərabərlikləri, jurnal reytinqlərinin problemli tərəfləri və “ölçü fetişizmi”nin elmi keyfiyyətə mənfi təsiri barədə izah vermək praktiki baxımdan ciddi nəticə doğurmaya bilər.

Kitabın bölmələrinə qısa nəzər salmaq onun daha yaxşı anlaşılması üçün faydalıdır:
Qaranlıq Akademiya (1-ci bölmə) Fleminq burada “qaranlıq akademiya” anlayışını sadəcə metafor kimi deyil, struktur və emosional rejim kimi təqdim edir. Ənənəvi özünüidarəetmənin yerini peşəkar menecerlərin alması yalnız idarəetmə dəyişikliyi deyil, akademik subyektin tarixi mövqeyinin transformasiyasıdır. Bu bölmənin əsas töhfəsi dəyişimi yalnız təşkilati deyil, həm də etik və subyektiv qırılma kimi təqdim etməsidir. Peter Fleminq bu bölmədə “qaranlıq akademiya” anlayışını sadəcə ədəbi-metaforik təsvir kimi deyil, müasir universitetlərin daxilində formalaşan strukturlaşdırılmış və eyni zamanda emosional olaraq yaşanan bir rejim kimi təqdim edir. Bu yanaşmanın əsas gücü ondadır ki, o, universitet böhranını yalnız institusional dəyişikliklər səviyyəsində deyil, insan təcrübəsi – hiss, psixologiya və gündəlik həyat səviyyəsində izah edir. Fleminqin konsepsiyasında “qaranlıq akademiya” iki səviyyədə işləyir: struktur səviyyəsində – idarəetmə modellərinin dəyişməsi, performans rejimi, menecerial nəzarət; emosional səviyyədə – tükənmişlik, mənasızlıq hissi, daimi narahatlıq və özünə şübhə.

Burada mühüm məqam ondan ibarətdir ki, bu iki səviyyə bir-birindən ayrı deyil. Əksinə, struktur dəyişikliklər emosional vəziyyətləri formalaşdırır. Universitet yalnız təşkilat kimi deyil, həm də emosiyalar istehsal edən bir mühit kimi fəaliyyət göstərir.

Ənənəvi universitet modeli tarixən müəyyən dərəcədə kollegial idarəetmə prinsiplərinə əsaslanırdı. Yəni akademik işçilər  öz fəaliyyətlərini müəyyən dərəcədə özləri tənzimləyir, qərarvermədə sərbəst iştirak edirdilər. 

Fleminq göstərir ki, bu model tədricən yerini peşəkar menecerlər tərəfindən idarə olunan sistemə verir. Bu dəyişiklik yalnız texniki deyil, fundamental xarakter daşıyır: qərarvermə akademik müzakirədən uzaqlaşır; idarəetmə dili dəyişir (elmi anlayışlar yerini biznes terminologiyasına verir); universitet “ictimai institut”dan “idarə olunan təşkilat”a çevrilir.

Bu transformasiya nəticəsində akademik subyekt artıq qərar verən deyil, idarə olunan və qiymətləndirilən obyektə çevrilir. Fleminqin ən güclü analitik xəttlərindən biri akademik subyektin dəyişməsi ilə bağlıdır. Əvvəllər akademik işçinin kimlik statusu- tənqidi düşüncə, intellektual azadlıq, kollektiv məsuliyyət üzərində qurulurdusa, yeni şəraitdə bu kimlik aşağıdakı xüsusiyyətlərlə əvəz olunur: performans yönümlülük, fərdi rəqabət və özünü daimi optimallaşdırma zərurəti. 

Bu isə akademik heyətdə “daxili nəzarət mexanizmi”nin formalaşmasına gətirib çıxarır. Yəni nəzarət artıq yalnız xaricdən deyil, insanın öz daxilindən gəlir. Akademik heyət özünü daim qiymətləndirir, müqayisə edir və “kifayət qədər yaxşı olub-olmadığını” sorğulayır. 

Fleminqin əsas yeniliyi dəyişimi yalnız struktur və ya təşkilati səviyyədə deyil, etik və subyektiv qırılma kimi təqdim etməsidir. Bu qırılma üç istiqamətdə özünü göstərir: 
1. Etik səviyyədə -akademik dəyərlər (həqiqət axtarışı, ictimai fayda) zəifləyir; yerini nəticəyönümlü və utilitar yanaşmalar tutur.
2. Subyektiv səviyyədə-  akademik özünü mənalı fəaliyyət göstərən subyekt kimi deyil, sistemin bir hissəsi kimi hiss edir. İş və şəxsi həyat arasındakı sərhədlər itir.
3. Kollektiv səviyyədə həmrəylik zəifləyir və rəqabət əməkdaşlığı əvəz edir. 

Fleminqin mühüm tezislərindən biri budur ki, problem universitetin fiziki olaraq mövcudluğunu itirməsi deyil. Universitetlər fəaliyyət göstərir, hətta genişlənir. Əsl problem isə akademik varlığın dəyərinin azalmasıdır. Yəni universitet strukturu qalır, amma onun ruhu – tənqidi düşüncə, azadlıq, mənalı bilik istehsalı – zəifləyir.

La La Land: həyallar diyarı- ikinci bölmədə - universitetin daxili çürüməsi ilə onun cəmiyyətdə romantik obrazı arasındakı ziddiyyəti təhlil edir. Akademiya cəmiyyətin gözündə hələ də prestijli və rahat məkan kimi görünür, lakin daxilində yorğunluq, güvən¬sizlik və tükənmişlik hökm sürür. Fleminq burada mühüm bir məqama diqqət çəkir: böhran yalnız xarici təzyiqlərin nəticəsi deyil, akademik heyətinin özlərinin performans rejiminə uyğunlaşması ilə də dərinləşir.

“Təhsil Fabrikinə xoş gəlmisiniz” 3-cü bölmə – universitetin Yeni Dövlət İdarəçiliyi yanaşması çərçivəsində korporativ struktura çevrilməsi konseptuallaşdırılır.Bu bölmə universitetlərin Yeni Dövlət İdarəçiliyi yanaşması çərçivəsində getdikcə korporativ strukturlara çevrilməsi prosesini konseptual şəkildə izah edir. Bu transformasiya universitetlərin ənənəvi akademik missiyasını – bilik istehsalı və tənqidi düşüncə funksiyasını – arxa plana keçirərək onları daha çox nəticəyönümlü, ölçülə bilən performans indikatorları ilə idarə olunan qurumlara çevirir.

Fleminq bu prosesi “təhsil fabriki” metaforası ilə izah edir. Burada tələbələr “məhsul”, akademiklər isə “istehsal vahidi” kimi nəzərdən keçirilir. Təhsil isə artıq dərin intellektual fəaliyyət deyil, standartlaşdırılmış və sürətlə istehsal olunan bir xidmət formasına çevrilir.

Bu model çərçivəsində:
•  akademik fəaliyyət ölçülə bilən göstəricilərə (reytinqlər, sitatlar, indekslər) tabe edilir; 
•  müəllimlərin işi getdikcə bürokratik hesabatlılıq və performans təzyiqi ilə yüklənir; 
•  tədqiqatın məzmunundan çox onun “görünən nəticələri” ön plana çıxır. 

Nəticədə universitetlərdə yaradıcı və tənqidi düşüncə zəifləyir, akademik azadlıq isə formal çərçivələr daxilində məhdudlaşır.
Fleminqin yanaşmasına görə, bu dəyişiklik sadəcə institusional transformasiya deyil, həm də akademik kimliyin transformasiyasıdır. Akademik artıq özünü azad düşünən tədqiqatçı kimi deyil, performans hədəflərini yerinə yetirməyə çalışan “işçi” kimi qavramağa başlayır. Bu isə uzunmüddətli perspektivdə həm elmi keyfiyyətə, həm də akademik mühitin etik əsaslarına mənfi təsir göstərir.

Fleminq bilik istehsalının maraq və ictimai fayda motivasiyasından uzaqlaşdırılaraq nəticəyönümlü, səmərəlilik mərkəzli və iqtisadi performans göstəricilərinə endirilməsini akademik etik dəyərlər sisteminin,  davranış normaları və peşəkar məsuliyyət mədəniyyətin bir dağılma kimi qiymətləndirir. Bölmənin əsas töhfəsi neoliberal yenidənqurmanı yalnız idarəetmə dəyişikliyi kimi deyil, bilik dəyər sisteminin transformasiyası kimi şərh etməsidir. Bu dəyişiklik bilik anlayışını əxlaqi və intellektual müstəvidən iqtisadi və idarəetmə müstəvisinə keçirir. Universitet artıq maraq və tənqidi düşüncə ilə deyil, səmərəlilik və rəqabətlə yönləndirilən bir təhsil fabrikinə çevrilir. 

Kitabın dördüncü bölməsi universitetlərdə idarəetmə transformasiyasının təşkilati fəaliyyətə təsirini “nizamlı bürokratiya”dan “məcburedici bürokratiya”ya keçid kontekstində təhlil edir. Fleminq yeni idarəetmə formalarının xarici nəzarət mexanizmləri vasitəsilə işlədiyini, qərar qəbuletmə proseslərinin isə çox vaxt formal iştirak görüntüsü yaradan rituallaşdırılmış razılıq istehsalına əsaslandığını vurğulayır.

Bu strukturun mərkəzində “para-akademik” kimi təsvir edilən yeni fiqur dayanır. Bu fiqur akademik etika və həmrəylik dili ilə danışsa da, əslində institusional təzyiqi daxildən legitimləşdirən vasitəçi rolunu oynayır. İdarəetmə birbaşa zor və ya cəza ilə deyil, yeni peşəkar normaların və “uğur hekayələrinin” daxili şəkildə mənimsənilməsi ilə fəaliyyət göstərir. Fleminqin bu təhlili göstərir ki, neoliberal universitetdə idarəetmə yalnız iyerarxik deyil, həm də üfüqi və dolayı mexanizmlərlə qurulur.

Bu bölmə universitetlərdə ölçmə əsaslı idarəetmənin akademik əməyə necə təsir etdiyini araşdırır. Fleminq “ölçü tiranlığı” anlayışı ilə hesabatlılıq diskursunun etik məsuliyyət olmaqdan çıxaraq nəzarət mexanizminə çevrildiyini qeyd edir. Akademik fəaliyyət keyfiyyətindən asılı olmayaraq rəqəmsal göstəricilərə endirilir.

Nəşr sayı, sitat göstəriciləri, qrant həcmi kimi metriklər akademik fəaliyyətin məzmunundan çox performans skorlarına əsaslanan qiymətləndirmə sistemi yaradır. Beləliklə, bilik istehsalı məzmun yaratmaqdan çıxaraq nəticə istehsalına yönəlir, akademik məna isə ölçülə bilənliklə əvəz olunur.

Fleminq akademik subyektin psixoloji, sosial və etik səviyyədə yaşadığı dağılmanı təhlil edir. Bu dağılma abstrakt institusional böhranın deyil, real insan itkilərinin nəticəsidir.

Peter Fleminqin “Dark Academia: How Universities Die” əsərinin 5-ci bölməsi (“You Are Not a Spreadsheet with Hair” / “Saçı olan bir cədvəl deyilsiniz”) müasir universitetlərdə ölçmə və performans əsaslı idarəetmənin akademik əməyə təsirini tənqidi şəkildə araşdırır. Bu bölmə kitabın ən konseptual və eyni zamanda ən praktik nəticələr doğuran hissələrindən biridir.

Fleminq bu bölmədə universitetlərin fəaliyyətinin qiymətləndirilməsində tətbiq olunan metrik sistemləri “ölçü tiranlığı” kimi xarakterizə edir. Bu anlayış belə bir məntiqə əsaslanır ki, ölçülə bilən göstəricilər obyektivlik kimi təqdim edilsə də, əslində onlar akademik fəaliyyətin mahiyyətini deyil, yalnız onun kəmiyyət tərəfini əks etdirir və nəticədə ölçülə bilən dəyərləndirilir, ölçülə bilməyən isə əhəmiyyətsiz hesab olunur ki, bu da bilik istehsalının məntiqini köklü şəkildə dəyişir. Bölmədə əsas tənqid akademik fəaliyyətin məqalə sayı, sitat indeksləri (Scopus, WoS və s.), qrantların həcmi, layihələrin sayı və maliyyə göstəriciləri kimi metriklərə endirilməsinə yönəlir.

Bu göstəricilər ilkin olaraq hesabatlılığı artırmaq məqsədi daşısa da, zamanla idarəetmə alətinə çevrilir. Nəticədə elmin məzmunu arxa plana keçir, “nə yazıldığı” deyil, “nə qədər yazıldığı” ön plana çıxır və akademik fəaliyyət keyfiyyətdən çox say üzərində qurulur.

Fleminqin əsas metaforası – “siz saçı olan bir cədvəl deyilsiniz” – akademikin insan kimi deyil, məlumat vahidi kimi qiymətləndirilməsinə işarə edir. Bu transformasiya aşağıdakı dəyişikliklərlə müşahidə olunur:
•  akademik CV - performans hesabatına çevrilir; 
•  elmi fəaliyyət -  statistik göstəricilər toplusu kimi təqdim olunur; 
•  tədqiqatçı - “çıxış istehsal edən vahid” kimi qəbul edilir. 
Beləliklə, akademik subyektin humanist və intellektual mahiyyəti zəifləyir.
Fleminqin mühüm tezislərindən biri odur ki, hesabatlılıq (accountability) anlayışı öz ilkin etik məzmununu itirərək nəzarət mexanizminə çevrilir. Bu prosesdə:  şəffaflıq - bürokratik prosedura çevrilir; hesabat -  inzibati təzyiq alətinə dönür;  qiymətləndirmə - inkişaf vasitəsi deyil, intizam mexanizmi olur.  Bu isə akademik azadlığı dolayı şəkildə məhdudlaşdırır.

Ölçü əsaslı sistem akademiklərin davranışını dəyişir. Fleminq göstərir ki, akademik heyət:
•    daha çox “tez nəşr olunan” mövzulara yönəlir; 
•    riskli və uzunmüddətli tədqiqatlardan uzaqlaşır; 
•    sitat potensialı yüksək olan sahələrə üstünlük verir; 
•    elmi fəaliyyəti “strategiya” kimi planlaşdırır. 

Bu isə elmi fəaliyyətin mahiyyətinə mənfi təsir göstərərək konformizmin güclənməsinə, innovativ və riskli tədqiqat istiqamətlərinin azalmasına, həmçinin təkrarçılıq və standartlaşmış yanaşmaların geniş yayılmasına səbəb olur ki, nəticədə elmin yaradıcı və transformativ potensialı zəifləyir.

Bu bölmə yalnız texniki deyil, həm də etik tənqiddir. Ölçmə rejimi akademik dürüstlük risklərini artırır, “publish or perish” (dərc et, ya yox ol) təzyiqini gücləndirir və əməkdaşlıq əvəzinə rəqabəti təşviq edir.

Nəticədə universitetlərdə etik mühit zəifləyə bilər. “Saçı olan bir cədvəl deyilsiniz” bölməsi göstərir ki, universitetlərin idarəetməsində tətbiq olunan metrik sistemlər yalnız texniki alət deyil, həm də epistemoloji və etik nəticələr doğuran mexanizmlərdir.Fleminqin əsas mesajı belə ümumiləşdirilə bilərik:Akademik fəaliyyət yalnız ölçülə bilən göstəricilərlə ifadə oluna bilməz və universitet insan fəaliyyətinin – düşüncənin, yaradıcılığın və tənqidin məkanıdır. Bu baxımdan, akademik siyasətin əsas vəzifəsi sadəcə ölçmək deyil, anlamaq və dəyər vermək olmalıdır.

Peter Fleminqin Dark Academia: How Universities Die əsərinin 6-cı bölməsi – “Homo Academicus-un ölümü” – müasir universitetlərin ən dərin və narahatedici transformasiyalarından birini, yəni akademik subyektin psixoloji, sosial və etik səviyyədə dağılmasını sistemli şəkildə təhlil edir. Bu bölmə kitabın yalnız institusional deyil, həm də antropoloji və etik tənqidini təşkil edir. 

“Homo Academicus” anlayışı ənənəvi olaraq universitet mühitində fəaliyyət göstərən, elmi bilik istehsalına sadiq, tənqidi düşüncəyə malik və akademik azadlıq prinsiplərinə bağlı olan subyekti ifadə edir. Bu tip subyekt:
•  elmi fəaliyyətə daxili motivasiya ilə yanaşır; 
•  bilik istehsalını ictimai missiya kimi qəbul edir; 
•  akademik icmanın üzvü kimi kollektiv məsuliyyət daşıyır. 

Fleminqin təhlilində isə bu klassik model artıq dağılmaq üzrə olan bir ideal kimi təqdim olunur.
Fleminq “ölüm” anlayışını metaforik deyil, real və çoxölçülü proses kimi izah edir. Bu “ölüm” üç səviyyədə baş verir:
a) Psixoloji səviyyədə- Akademik heyətdə: xroniki tükənmişlik (burnout), mənasızlıq hissi və daimi performans təzyiqi  kimi hallar geniş yayılır. Akademik fəaliyyət artıq özünüreallaşdırma deyil, davamlı stress mənbəyinə çevrilir.
b) Sosial səviyyədə - Universitet daxilində: həmrəylik zəifləyir, kollektivlik parçalanır, fərdiləşmə və təcrid güclənir. Akademik icma anlayışı yerini rəqabətli və parçalanmış mühitə verir.
c) Etik səviyyədə- elmi dəyərlər instrumental yanaşmalarla əvəz olunur; akademik fəaliyyət məqsəd deyil, vasitəyə çevrilir;  “uğur” etik prinsiplərdən üstün tutulur. 

Fleminqin ən güclü tezislərindən biri odur ki, müasir universitet artıq icma (community) kimi fəaliyyət göstərmir. O, konkret hadisələr üzərindən göstərir ki:
•  universitetlər fərdi məsuliyyəti maksimumlaşdırır; 
•  institusional qayğı və dəstək mexanizmləri zəifləyir; 
•  insan itkiləri belə sistem daxilində görünməz qala bilir. 

Bu yanaşma universiteti sosial institutdan çox xidmət göstərən təşkilata çevirir.
Bu Bölmədə mühüm anlayışlardan biri akademik əməyin proletarlaşmasıdır. Bu proses aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunur:
•  iş güvən¬sizliyinin artması (müqaviləli və qeyri-sabit işlər); 
•  əmək şəraitinin ağırlaşması; 
•  akademik fəaliyyətin standartlaşdırılması; 
•  iş üzərində nəzarətin azalması. 

Nəticədə akademik heyət  öz fəaliyyətlərinə nəzarət edən subyektlərdən çox, idarə olunan əmək qüvvəsinə çevrilirlər.
Fleminq akademik sistemdə geniş yayılmış “publish or perish” prinsipinin yalnız karyera riski deyil, bəzi hallarda həyat riski yaratdığını göstərir. Bu rejim: daimi performans təzyiqi yaradır; iş və şəxsi həyat arasındakı sərhədləri aradan qaldırır; psixoloji gərginliyi maksimum həddə çatdırır.  Beləliklə, akademik fəaliyyət idealın reallaşdırılması deyil, yaşamaq uğrunda mübarizə formasına çevrilir.

Fleminqin mühüm müşahidələrindən biri də odur ki, neoliberal universitetdə:  akademik identiklik ilə peşə fəaliyyəti arasında sərhəd demək olar ki, yox olur. Bu isə: şəxsi həyatın iş tərəfindən “udulmasına”;  özünü dəyərləndirmənin yalnız akademik nəticələrlə ölçülməsinə; uğursuzluğun şəxsi dəyərsizlik kimi qəbul edilməsinə səbəb olur.

“Homo Academicusun ölümü” bölməsi göstərir ki, müasir universitetlərdə baş verən transformasiya yalnız struktur dəyişiklik deyil, həm də insanın dəyişməsi prosesidir.

Fleminqin əsas tezisi belə ümumiləşdirilə bilərik : Universitet yaşayır, lakin akademik insan tədricən “yoxa çıxır”. Bu baxımdan, ali təhsilin gələcəyi yalnız institusional islahatlarla deyil, həm də aşağıdakı sualla bağlıdır: Akademik subyekt necə qorunacaq və yenidən qurulacaq?

Peter Fleminqin Dark Academia: How Universities Die əsərinin 7-ci bölməsi – “Yüksək təsir” – müasir universitetlərdə “təsir” (impact) anlayışının necə dəyişdiyini və bu dəyişimin akademik bilik istehsalına hansı epistemoloji, institusional və etik nəticələr doğurduğunu tənqidi şəkildə təhlil edir. Bu bölmə ali təhsildə qiymətləndirmə meyarlarının transformasiyasını anlamaq baxımından xüsusi əhəmiyyət daşıyır. Fleminq bu bölmədə “təsir” anlayışının akademiyada tənqidi bilik istehsalını boğan bürokratik alətə çevrildiyini qeyd edir. Hakim “təsir” anlayışı ictimai fayda və etik məsuliyyətdən çox sənayeyə uyğunlaşma, iqtisadi artım və ölçülə bilən nəticələrə fokuslanır.

Bu dəyişiklik xüsusilə humanitar elmləri dəyərsizləşdirir və universitetləri tənqidi düşüncə məkanından texnokratik həllər təqdim edən qurumlara çevirir.
Ənənəvi akademik kontekstdə “təsir” anlayışı aşağıdakı məzmunları ifadə edirdi:
•  bilik istehsalının elmi və intellektual dəyəri; 
•  cəmiyyətə uzunmüddətli töhfə; 
•  tənqidi düşüncənin inkişafı. 

Fleminq göstərir ki, neoliberal universitet modelində bu anlayış köklü şəkildə dəyişir və daha çox aşağıdakı meyarlara bağlanır:
•  iqtisadi fayda və bazar uyğunluğu; 
•  sənaye ilə əməkdaşlıq potensialı; 
•  qısa müddətli, ölçülə bilən nəticələr. 

Beləliklə, “təsir” anlayışı normativ-intellektual kateqoriyadan iqtisadi-inzibati göstəriciyə çevrilir.

Bu transformasiya nəticəsində bilik artıq özlüyündə məqsəd deyil, vasitə kimi dəyərləndirilir.

Fleminqin təhlilinə görə:
•  elmi araşdırmaların dəyəri onların həqiqətə töhfəsi ilə deyil, tətbiq oluna bilmə qabiliyyəti ilə ölçülür; 
•  nəzəri və fundamental tədqiqatlar arxa plana keçir; 
•  bilik istehsalı iqtisadi sistemin tələblərinə uyğunlaşdırılır. 

Bu proses bilik istehsalının instrumentallaşması kimi xarakterizə olunur.
“Yüksək təsir” diskursu xüsusilə humanitar və sosial elmlər üçün problem yaradır, çünki bu sahələr qısa müddətdə ölçülə bilən iqtisadi nəticələr vermir, daha çox tənqidi və reflektiv funksiyaya malikdir və ictimai düşüncə ilə dəyərlərlə sıx bağlıdır; nəticədə isə onların maliyyələşməsi azalır, akademik statusu zəifləyir və universitet daxilində rolu ikinci plana keçir.

Fleminq göstərir ki, “təsir” anlayışının dəyişməsi universitetin funksiyasını da transformasiya edir: ənənəvi modeldə universitet tənqidi düşüncə məkanı, ictimai refleksiya institutu və bilik istehsalının mərkəzi kimi çıxış etdiyi halda, yeni modeldə texnokratik həllər istehsal edən, iqtisadi sistemə xidmət edən və tətbiqi nəticələrə yönəlmiş təşkilata çevrilir ki, bu da universitetin ictimai missiyasının zəifləməsinə səbəb olur.

Bu bölmədə Fleminq mühüm bir etik paradoksu da vurğulayır: Universitetlər bir tərəfdən: etik məsuliyyət və ictimai fayda diskursunu saxlayır, digər tərəfdən isə: mübahisəli sənaye sahələri ilə əməkdaşlıq edir (məsələn, hərbi sənaye, fosil yanacaq sektoru və s.).  Bu vəziyyət akademikləri çətin seçim qarşısında qoyur: ya susmaq və sistemə uyğunlaşmaq, ya da tənqidi mövqe tutaraq marginalizasiya riski ilə üzləşmək. 

 “Təsir” yönümlü sistem akademik azadlığa dolayı təsir göstərir. Bu təsir aşağıdakı formalarda özünü göstərir:
•  tədqiqat mövzularının maliyyə mənbələrinə uyğunlaşdırılması; 
•  “riskli” və tənqidi mövzuların azaldılması; 
•  elmi fəaliyyətin strateji planlaşdırmaya tabe edilməsi. 

Beləliklə, akademik tənqid funksiyası zəifləyir və universitet özünü tənqid edən institut olmaqdan uzaqlaşır.
Peter Fleminqin Dark Academia: How Universities Die əsərinin 8-ci bölməsi – “Akademiyada ulduzluq kompleksi” – müasir universitetlərdə akademik fəaliyyətin fərdiləşməsi, reputasiya iqtisadiyyatının güclənməsi və “ulduz akademik” fenomeninin institusional mexanizmə çevrilməsi prosesini tənqidi şəkildə təhlil edir. Bu bölmə ali təhsildə simvolik kapitalın necə istehsal olunduğunu və paylandığını anlamaq baxımından xüsusi əhəmiyyət daşıyır.
Fleminq “ulduz akademik” anlayışını yalnız fərdi uğur göstəricisi kimi deyil, institusional olaraq təşviq edilən və idarə olunan bir model kimi təqdim edir.

Bu modeldə akademik heyət:
•  yüksək görünürlük (media, konfranslar, sosial platformalar), 
•  şəxsi brend (personal branding), 
•  geniş auditoriya təsiri  ilə xarakterizə olunur.

Beləliklə, akademik fəaliyyət tədricən bilik istehsalından reputasiya istehsalına doğru yönəlir.
Bu bölmənin əsas tezislərindən biri odur ki, akademik fəaliyyət getdikcə performativ xarakter alır. Bu, aşağıdakı formalarda özünü göstərir:TED tipli çıxışlar və populyar təqdimatlar; sosial mediada aktivlik və şəxsi imicin qurulması və elmi ideyaların sadələşdirilmiş və “satıla bilən” formaya salınması. 

Akademik şöhrət artıq seçim deyil, zərurət kimi təqdim olunur. Lakin bu parıltının arxasında görünməyən əmək və güvən¬sizlik dayanır. Bu sistem yalnız fərdi deyil, həm də etik və siyasi problemlər yaradır.

Nəticədə akademiya: düşüncə məkanından çox səhnə performansına bənzəməyə başlayır.
Peter Fleminqin təhlilinə görə, “ulduz akademik” modelinin arxasında gizlənən görünməyən əmək problemi ondan ibarətdir ki, bir neçə tanınmış akademik ön plana çıxsa da, onların fəaliyyətinin əsasında geniş akademik əmək şəbəkəsi – gənc tədqiqatçılar, assistentlər və layihə iştirakçıları dayanır və beləliklə, əslində kollektiv əmək nəticəsi olan akademik uğur fərdi nailiyyət kimi təqdim olunur; bu model eyni zamanda akademiyada struktur qeyri-bərabərliyi dərinləşdirərək göstərir ki, akademik uğur yalnız fərdi qabiliyyətlə deyil, həm də sosial kapital, institusional resurslar və şans faktorları ilə müəyyən olunur və nəticədə bəzi akademiklər sistemli şəkildə üstün mövqelərə yüksəlir, digərləri isə görünməz qalaraq inkişaf imkanlarından məhrum olur; bundan əlavə, “hər kəs uğur qazana bilər” kimi təqdim olunan meritokratiya ideyası akademik sistemin ədalətli olduğu illüziyasını yaradaraq struktur problemləri gizlədir və uğursuzluğu fərdi məsuliyyət kimi təqdim edir ki, bu da real qeyri-bərabərliyi maskalayır; nəticə etibarilə isə “ulduzluq kompleksi” akademik əməkdə kollektiv dəyərin fərdi prestijlə əvəz olunmasına, əməkdaşlığın zəifləyərək rəqabətin güclənməsinə və elmi fəaliyyətin həqiqət axtarışından daha çox görünürlük əldə etməyə yönəlməsinə səbəb olur ki, bu da universitetin etik əsaslarını ciddi şəkildə sarsıdır.

Fleminqin əsas nəticəsi belə ümumiləşdirilə bilərik: Akademik uğur getdikcə fərdi istedadın deyil, sistem daxilində mövqelənmənin nəticəsinə çevrilir. Bu baxımdan əsas sual belədir:

Universitetlər fərdi şöhrət istehsal edən məkan olmalıdır, yoxsa kollektiv bilik istehsal edən institut?

Peter Fleminqin Dark Academia: How Universities Die əsərinin 9-cu bölməsi – “Cəhənnəmlik tələbə mənzərələri” – müasir universitetlərdə tələbəlik təcrübəsinin necə dəyişdiyini, ali təhsilin ictimai institutdan fərdi investisiya modelinə keçidini və bunun sosial, iqtisadi və psixoloji nəticələrini tənqidi şəkildə təhlil edir. Bu bölmə universitet böhranının yalnız akademik heyət deyil, həm də tələbələr səviyyəsində necə təzahür etdiyini göstərir.

Fleminq göstərir ki, neoliberal universitet şəraitində ali təhsil getdikcə ictimai fayda modelindən fərdi investisiya modelinə transformasiya olunur; bu çərçivədə tələbə artıq bilik əldə edən subyekt deyil, gələcək gəlir gözləntisi ilə təhsilə sərmayə qoyan “iqtisadi aktor” kimi təqdim edilir.

Beləliklə, təhsil: sosial hüquqdan iqtisadi qərara, ictimai məsuliyyətdən fərdi riskə çevrilir.
Bu model çərçivəsində universitet–tələbə münasibətləri transformasiyaya uğrayaraq tələbənin “öyrənən subyekt”dən “müştəri”yə çevrildiyi, universitetin isə bilik istehsal edən institutdan xidmət təqdim edən təşkilat kimi fəaliyyət göstərdiyi yeni institusional reallıq formalaşır; nəticədə tədrisin məzmunu bazar tələblərinə uyğunlaşdırılır, təhsil prosesində məmnuniyyət indikatorları ön plana çıxır və akademik standartlar getdikcə daha çox kommersiya maraqları ilə toqquşma riski ilə üzləşir.

Peter Fleminqin təhlilinə görə, tələbələrin artan maliyyə yükü və borclanması tələbəlik dövrünü sadəcə təhsil mərhələsindən çıxararaq uzunmüddətli iqtisadi risk zonasına çevirir və nəticədə tələbəlik həm iqtisadi qeyri-müəyyənliklə müşayiət olunan, həm də gələcək məşğulluq ehtimallarına bağlı riskli investisiya xarakteri daşıyan bir proses kimi formalaşır.

“Cəhənnəmlik tələbə mənzərələri” bölməsi göstərir ki, universitet böhranı yalnız akademik strukturlarla məhdudlaşmır, həm də tələbə həyatının bütün aspektlərinə sirayət edir.

Fleminqin əsas nəticəsi belə ümumiləşdirilə bilərik: Tələbəlik təcrübəsi ictimai inkişaf mərhələsindən iqtisadi risk və fərdi məsuliyyət modelinə transformasiya olunur. Bu baxımdan əsas sual belədir: Universitet tələbələr üçün inkişaf mühiti olmalıdır, yoxsa riskli investisiya platforması?

Peter Fleminqin "Dark Academia: How Universities Die" əsərinin 10-cu bölməsi – “Universitetlər necə ölür?” – ali təhsil institutlarının tədricən funksional və məzmun baxımından deqradasiyasını izah edən əsas konseptual çərçivəni təqdim edir. Bu bölmə əvvəlki hissələrdə təsvir olunan prosesləri ümumiləşdirərək universitetin “ölümü”nü ani hadisə kimi deyil, uzunmüddətli və çoxsəviyyəli struktur transformasiya kimi şərh edir.

Peter Fleminqin yanaşmasına görə “universitetin ölümü” fiziki yox olma deyil, onun tarixi və normativ funksiyalarını itirməsi ilə xarakterizə olunur; bu kontekstdə universitet formal olaraq fəaliyyət göstərən, genişlənən və institusional mövcudluğunu qoruyan bir qurum kimi qalsa da, eyni zamanda tənqidi düşüncə məkanı kimi zəifləyir, ictimai missiyasını itirir və bilik istehsalının etik əsaslarından uzaqlaşaraq mahiyyət etibarilə “məzmunu boşalmış” bir instituta çevrilir.

Peter Fleminqin yanaşmasına əsasən, universitetlərin transformasiyası maliyyələşmə modelinin dəyişməsi (dövlət dəstəyinin azalması, özəl mənbələrin artması və bazar mexanizmlərinin güclənməsi nəticəsində təhsil və tədqiqatın bazar məntiqinə tabe olması və universitetin iqtisadi subyektə çevrilməsi), kollegial idarəetmədən menecerial idarəetməyə keçid (akademiklərin qərarvermədən uzaqlaşdırılması və bürokratik nəzarətin güclənməsi ilə hakimiyyət strukturunun dəyişməsi), akademik muxtariyyətin zəifləməsi (tədqiqatın maliyyə asılılığı, elmi fəaliyyətin strateji planlaşdırmaya tabe edilməsi və inzibati prioritetlərin üstünlük qazanması), ictimai məsuliyyətin transformasiyası (ictimai missiyanın iqtisadi fayda ilə əvəz olunması və legitimliyin bazar göstəriciləri ilə ölçülməsi), eləcə də epistemik və etik böhranın dərinləşməsi (bilik istehsalının məqsədinin dəyişməsi, həqiqət axtarışının nəticə yönümlü yanaşmalarla əvəzlənməsi) kimi qarşılıqlı əlaqəli proseslər fonunda baş verərək, nəticə etibarilə ölçü rejimi, təsir diskursu, ulduzluq kompleksi və tələbə təcrübəsinin kommersiyalaşması kimi elementlərin sintezi vasitəsilə universitetin “ölümü”nü tək bir səbəbin deyil, çoxşaxəli və sistemli böhranın nəticəsi kimi ortaya qoyur.

“Universitetlər necə ölür?” bölməsi göstərir ki, universitetin ölümü ani hadisə deyil, yavaş, səssiz və struktur xarakterli transformasiya prosesidir. Fleminqin əsas nəticəsi belə ümumiləşdirilə bilər: Universitet institut kimi qalır, lakin onun mənası və funksiyası dəyişir. Bu baxımdan əsas sual belədir: Universiteti necə xilas etmək olar – onu qorumaqla, yoxsa yenidən qurmaqla?
Peter Fleminqin Dark Academia: How Universities Die əsərinin nəticə hissəsi əvvəlki bölmələrdə təqdim olunan tənqidi diaqnozu ümumiləşdirərək universitetin gələcəyi ilə bağlı iki əsas nəzəri istiqaməti müzakirəyə çıxarır. Bu hissə yalnız böhranın təsviri deyil, eyni zamanda onun mümkün intellektual və institusional alternativlərinin konturlarını təqdim etməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Peter Fleminq nəticə hissəsində vurğulayır ki, müasir universitetdə baş verən dəyişikliklər ayrı-ayrı problemlər deyil, maliyyələşmə modelinin dəyişməsi, menecerial idarəetmənin güclənməsi, ölçü və “təsir” rejimlərinin dominantlığı və akademik subyektin transformasiyası kimi proseslərin qarşılıqlı təsiri nəticəsində formalaşan sistemli böhran xarakteri daşıyır, lakin onun yanaşması əsasən diaqnostik olub çıxış yollarını məhdud və abstrakt şəkildə təqdim edir; bu kontekstdə o, Jacques Derrida-nın “şərtsiz universitet” konsepsiyasına istinad edərək universitetin bazar tələblərindən, dövlət nəzarətindən və ideoloji təzyiqlərdən azad, tənqidi düşüncənin sərbəst məkanı kimi fəaliyyət göstərməli olduğunu vurğulayır, lakin bu model daha çox normativ ideal səviyyəsində qalır və praktik mexanizmlərlə əsaslandırılmır; alternativ olaraq "Stefano Harney" və "Fred Moten"in The Undercommons yanaşmasına müraciət edərək universitet daxilində qeyri-formal şəbəkələr və kollektiv fəaliyyətlər vasitəsilə sistemdaxili transformasiya imkanlarının mövcudluğunu qeyd edir, lakin bu yanaşmanın institusional səviyyədə necə genişlənə biləcəyi açıq qalır; nəticə etibarilə, müəllifin mövqeyi ümid və bədbinlik arasında gərginlik yaradır, çünki bir tərəfdən universitetin hələ tam itirilmədiyini və alternativ imkanların mövcud olduğunu vurğulayır, digər tərəfdən isə bu imkanların konkretləşdirilməməsi və təkliflərin abstrakt xarakter daşıması səbəbindən qeyri-müəyyənlik yaradır, həmçinin onun tənqidinin daha çox destruktiv xarakter daşıması alternativ modellərin zəif işlənməsinə, praktik strategiyaların çatışmazlığına və transformasiya mexanizmlərinin qeyri-müəyyənliyinə gətirib çıxarır; bu baxımdan, Fleminqin analizi güclü diaqnostik potensiala malik olsa da, müasir tənqidi yanaşmalarla müqayisədə daha pessimist görünür və konstruktiv, kollektiv və gələcəyə yönəlik alternativlərin inkişafı baxımından tamamlanmağa ehtiyac duyur.

Azərbaycan universitetləri üçün çıxarılan əsas nəticələr ondan ibarətdir ki, maliyyələşmə balansının qorunması məqsədilə dövlət və özəl mənbələr arasında optimal tarazlıq təmin edilməli, qrant və layihə maliyyələşməsi akademik prioritetləri təhrif etməməli və təhsil gəlir mənbəyi deyil, strateji ictimai sərmayə kimi qəbul olunmalıdır; eyni zamanda akademik muxtariyyətin institusional təminatı üçün kafedra və fakültələrin qərarvermə rolu gücləndirilməli, tədqiqat mövzuları yalnız maliyyə mənbələrinə deyil, elmi prioritetlərə əsaslanmalı və inzibati idarəetmə akademik qərarların yerini tutmamalıdır; bununla yanaşı, menecerializmin balanslaşdırılması çərçivəsində kollegial idarəetmə elementləri gücləndirilməli, akademik heyətin qərarvermədə iştirakı artırılmalı və universitet rəhbərliyi həm inzibati, həm də akademik legitimliyə malik olmalıdır; təhsil və tələbə siyasətində etik yanaşma baxımından tələbə müştəri deyil, intellektual inkişaf subyekti kimi qəbul edilməli, təhsil keyfiyyəti yalnız məmnuniyyət indikatorları ilə ölçülməməli, tələbə borclanması sosial siyasət kontekstində nəzərə alınmalı və tədris proqramları bazar tələbləri ilə yanaşı fundamental bilik prinsiplərinə əsaslanmalıdır; paralel olaraq universitetlərin ictimai missiyasının bərpası üçün universitet–cəmiyyət əlaqələri gücləndirilməli, sosial problemlərin həllinə yönəlmiş tədqiqatlar təşviq olunmalı və universitetlər tənqidi düşüncə və ictimai debat platforması kimi fəaliyyət göstərməlidir; akademik etik sistemin gücləndirilməsi məqsədilə etik kodekslərin tətbiqi və nəzarəti sərtləşdirilməli, plagiat və formal elmi fəaliyyətə qarşı sıfır tolerantlıq siyasəti həyata keçirilməli və nəticə deyil, proses əsaslı qiymətləndirmə mexanizmləri inkişaf etdirilməlidir; nəhayət, performans ölçülərinin yenidən düşünülməsi çərçivəsində reytinq və indekslərin mütləqləşdirilməsinin qarşısı alınmalı, keyfiyyət göstəriciləri kəmiyyət göstəricilərindən üstün tutulmalı, yerli kontekst və milli prioritetlər nəzərə alınmalı və “publish or perish” yanaşmasının mənfi təsirləri minimuma endirilməlidir.

Azərbaycan üçün əsas strateji nəticə ondan ibarətdir ki, universitetlərin inkişafı yalnız struktur və maliyyə islahatları ilə deyil, akademik ethos-un qorunması və gücləndirilməsi ilə mümkündür. Əks halda, universitetlər formal olaraq inkişaf etsə də, məzmun və missiya baxımından zəifləmə riski ilə üzləşə bilər.

Zahid Fərrux Məmmədov,
iqtisad elmləri doktoru, professor, Əməkdar müəllim