Xocasən gölünün gələcəyini AzMİU tələbələri layihələndirdilər

2 İyun, 2026 - 09:29
Xocasən gölünün gələcəyini AzMİU tələbələri layihələndirdilər

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri Bakı Şəhərsalma Həftəsi və Ümumdünya Şəhərsalma Forumunun (WUF13) hazırlıq tədbirləri çərçivəsində keçirilən “Yaşanılabilən Bakı” layihəsi üzrə dizayn müsabiqəsində böyük uğura imza atıblar.

"Azərbaycan müəllimi" xəbər verir ki, İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, SOCAR, Dünya Bankı və UN-HABITAT-ın dəstəyi ilə təşkil olunan müsabiqədə AzMİU tələbələrinin hazırladığı “Xocasən gölü” layihəsi B qrupu üzrə qalib elan olunub.

Müsabiqənin məqsədi Bakı və Abşeron yarımadasında ekoloji baxımdan problemli ərazilərin gələcək istifadəsinə dair innovativ və dayanıqlı konseptual həllərin hazırlanması olub. Tələbələr qarşısında Xocasən gölü və Buzovna–Maştağa ərazilərinin tam bərpa olunduğu fərziyyəsi əsasında həmin məkanların gələcək inkişafı üçün şəhərsalma və memarlıq konsepsiyalarının hazırlanması vəzifəsi qoyulmuşdu.

Qalib layihənin elmi rəhbəri AzMİU Memarlıq fakültəsinin “Memarlıq layihələndirilməsi və şəhərsalma” kafedrasının baş müəllimi Yeganə Kərimli, köməkçi rəhbəri isə Su təsərrüfatı fakültəsinin dosenti Vəfa Səlimova olub.

Layihə üzərində universitetin müxtəlif fakültələrini təmsil edən tələbələrdən ibarət komanda çalışıb:

Əsmər Vəliyeva (S113a)
Elçin Cahangirli (S113a)
Aysu Şabili (S113a)
Fəridə Əliyeva (172a)
Nuray Atamoqlanova (173r)
Aytən Sadıqova (324r)

Müsabiqənin qiymətləndirilməsi Dünya Bankı, UN-HABITAT, Azərbaycan Memarlar İttifaqı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi və layihənin digər tərəfdaş qurumlarının nümayəndələrindən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən həyata keçirilib.

Tələbələrin təqdim etdiyi konsepsiya şəhərsalma, ekologiya, memarlıq və mühəndislik yanaşmalarını bir araya gətirərək Xocasən gölü ətrafında müasir, ekoloji dayanıqlı və insan mərkəzli yaşayış məkanının formalaşdırılması ideyasına əsaslanıb. Layihədə təbiətə əsaslanan həllər, iqlim dayanıqlılığı tədbirləri, ictimai məkanların inkişafı və ərazinin şəhər həyatına inteqrasiyası xüsusi yer tutub.

Münsiflər heyəti layihənin multidissiplinar yanaşmasını, şəhərsalma strategiyalarına uyğunluğunu, ekoloji həllərini və təqdimat keyfiyyətini yüksək qiymətləndirərək onu qalib seçib.

Qeyd edək ki, müsabiqə Bakı 2040 Baş Planının hədəflərinə uyğun olaraq həyata keçirilən “Yaşanılabilən Bakı” layihəsinin tərkib hissəsidir. Layihə çərçivəsində Xocasən, Böyükşor və Zığ göllərinin, eləcə də neftlə çirklənmiş ərazilərin bərpası, onların yenidən şəhər həyatına qazandırılması nəzərdə tutulur.

AzMİU tələbələrinin əldə etdiyi bu uğur universitetdə memarlıq, şəhərsalma və dayanıqlı inkişaf istiqamətlərində aparılan tədris və elmi fəaliyyətin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir. Eyni zamanda, gənc memar və şəhərsalma mütəxəssislərinin ölkənin gələcək inkişafına dair strateji layihələrin hazırlanmasında fəal iştirak etdiklərini göstərir.

Xocasən gölünün gələcəyini AzMİU tələbələri layihələndirdilər
Xocasən gölünün gələcəyini AzMİU tələbələri layihələndirdilər
Xocasən gölünün gələcəyini AzMİU tələbələri layihələndirdilər
Xocasən gölünün gələcəyini AzMİU tələbələri layihələndirdilər
Xocasən gölünün gələcəyini AzMİU tələbələri layihələndirdilər