Qarabağ Universitetinin tələbələrinin startapı sərgidə nümayiş etdirilib

2 İyun, 2026 - 10:50
Qarabağ Universitetinin tələbələrinin startapı sərgidə nümayiş etdirilib

Qarabağ Universitetinin tələbələri Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Göygöl rayonunda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirdə startap layihələrini nümayiş etdiriblər.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbir çərçivəsində Biznes və iqtisadiyyat fakültəsinin tələbələri Elşən Hümbətov və İsmayıl Mutuxov tərəfindən hazırlanan "AgriTech Hydro Karabakh" startap layihəsi xüsusi maraqla qarşılanıb. Tələbələr layihənin iş mexanizmi və gələcək perspektivləri barədə iştirakçılara ətraflı məlumat veriblər.

Proqram müddətində tələbələrin akademik və praktiki təcrübələrinin artırılması məqsədilə bir sıra mühüm görüşlər və müəssisə ziyarətləri də baş tutub. Belə ki, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru ilə keçirilən görüşdə təhsil və innovasiya sahəsində birgə əməkdaşlıq imkanları müzakirə edilib. Tələbələr həmçinin Göygöl Süni Mayalanma Mərkəzi və Gəncə Traktor Zavodunda olaraq, müasir istehsalat texnologiyaları və elmi-tədqiqat proseslərini yerində izləyiblər.

Qeyd edək ki, bu cür tədbirlər və praktiki silsilə səfərlər tələbələrin nəzəri biliklərini istehsalatda tətbiq etməsinə, regionda aqrar innovasiyaların inkişafına və gənclərin startap ekosisteminə inteqrasiyasına böyük töhfə verir.

Xatırladaq ki, "AgriTech Hydro Karabakh" layihəsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, "AccessBank"ın təşəbbüsü və "VISA" şirkətinin maliyyə dəstəyi ilə keçirilən ikinci "Bizdən Biznesə" startap müsabiqəsində bürünc mükafata layiq görülərək üçüncü yerin qalibi olub. “Agritech Hydro Karabakh” layihəsinin məqsədi Qarabağ iqtisadi regionunda suya qənaət edən, torpaq tələb etməyən və yüksək məhsuldarlıq verən innovativ istixana sistemi yaratmaqdır. Layihə Qarabağda ərzaq təhlükəsizliyinin təmin olunması, idxaldan asılılığın azaldılması, yeni iş yerlərinin yaradılması, kənd təsərrüfatı sahəsində praktiki bacarıqların inkişafı və aqrar innovasiyaların təşviqi baxımından əhəmiyyətlidir.