Qazandığım uğurların arxasında zəhmət dayanıb – Dövlət Proqramı təqaüdçüsü

26 Avqust, 2026 - 13:40
Qazandığım uğurların arxasında zəhmət dayanıb

Müxtəlif beynəlxalq layihələrdə Azərbaycanı təmsil edən, dövlət qurumlarında və irimiqyaslı beynəlxalq tədbirlərdə peşəkar təcrübə qazanan Jasmin Abdulkərimova 2026–2027-ci tədris ilində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində  Avstraliyanın nüfuzlu “The Australian National University” (ANU) ali təhsil müəssisəsində “Public Policy” ixtisası üzrə magistr təhsili alacaq.

“Azərbaycan müəllimi” Jasmin Abdulkərimovanın uğur hekayəsini dinləyib. 

“Uşaqlıqdan dünyanı tanımaq mənim üçün çox maraqlı olub”

Jasmin bundan əvvəl də Dövlət Proqramına müraciət edib, lakin müsahibə mərhələsində uğur qazana bilməyib. Uğursuzluqdan sonra öz üzərində daha çox çalışan və gələcək karyera hədəflərini dəqiqləşdirən gənc bu il yenidən müraciət edərək Dövlət Proqramının qalibi olub. Eyni zamanda, İtaliya Xarici İşlər Nazirliyinin tam maliyyələşdirdiyi “Invest Your Talent in Italy” proqramını və İtaliya dövlət universitetlərindən birinin “Excellence” təqaüdünü də qazanan Jasmin seçim zamanı Dövlət Proqramına üstünlük verib.

Jasmin Abdulkərimovanın sözlərinə görə, dünyanı tanımaq və daim yeni məlumatlar öyrənmək marağı uşaqlıq illərindən formalaşıb: “Uşaqlıqdan dünyanı tanımaq mənim üçün çox maraqlı olub və bunun ən gözəl yolu kitablar idi. Deyərdim ki, təhsilə və daim nəsə öyrənməyə marağım da elə oradan yaranıb”.

O, 2020-ci ildə Mingəçevir şəhəri 20 nömrəli tam orta məktəbi fərqlənmə ilə bitirib. Həmin il yüksək balla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər” ixtisasına qəbul olub. Jasmin üçün ali təhsil yalnız auditoriyada əldə olunan biliklərlə məhdudlaşmayıb. Universitet illərində müxtəlif beynəlxalq layihələrdə fəal iştirak edən gənc Fransa, Macarıstan və Gürcüstanda keçirilən proqramlarda Azərbaycanı təmsil edib.

Onun fikrincə, həmin layihələrdə qazandığı təcrübə sonrakı fəaliyyətində mühüm rol oynayıb: “Bu layihələr mənə müxtəlif ölkələrdən olan gənclərlə işləmək, fərqli mədəniyyətləri yaxından tanımaq və beynəlxalq mühitdə komanda ilə çalışmaq bacarığımı inkişaf etdirmək imkanı yaradıb”.

Ötənilki uğursuz müsahibə builki qələbəyə yol açdı

Jasminin xaricdə təhsil arzusu yeni deyil. O, ötən il də Dövlət Proqramına müraciət edib, lakin müsahibə mərhələsində uğur qazana bilməyib: “Əslində, ötən il müsahibəmin uğursuz olması mənə çox şey öyrətdi. O zaman da xaricdə oxumaq istəyim var idi, amma düşünürəm ki, bu istəyimi və gələcək planlarımı bu qədər konkret ifadə edə bilmirdim”.

Növbəti bir il ərzində öz üzərində daha çox işləyən Jasmin gələcək məqsədlərini dəqiqləşdirib, seçdiyi istiqamət, universitet və proqram barədə daha geniş araşdırmalar aparıb. Eyni zamanda müsahibəyə daha sistemli hazırlaşıb: “Bu dəfə daha konkret və ciddi məqsədləri və gələcək fəaliyyət planı olan bir namizəd kimi qatıldım. Düşünürəm ki, ən böyük dəyişiklik də bu il məqsədlərimi daha yaxşı bilməyim və daha çox inanmağım oldu”.

Bu il Jasmin üçün daha bir mühüm nəticə də onun eyni vaxtda üç fərqli təqaüd imkanını qazanması olub.  Əvvəldə qeyd etdiyimiz kimi, o, Dövlət Proqramı ilə yanaşı, İtaliya Xarici İşlər Nazirliyinin tam maliyyələşdirdiyi “Invest Your Talent in Italy” təqaüd proqramını və İtaliya dövlət universitetlərindən birinin daxili “Excellence” təqaüdünü də qazanıb.

Lakin bütün imkanları müqayisə etdikdən sonra seçimini Dövlət Proqramının üzərində saxlayıb: “Qərar verərkən təqaüdlərin yalnız təqdim etdiyi maddi imkanları deyil, təhsil və təqaüd proqramlarının məzmununu və məni gələcəkdə hansı istiqamətə aparacağını müqayisə etdim. Bu müqayisə nəticəsində “The Australian National University”də “Public Policy” üzrə təhsilin mənim gələcək karyera planlarıma daha çox uyğun olduğunu gördüm”.

Jasmin üçün Dövlət Proqramının əhəmiyyəti yalnız dünyanın nüfuzlu universitetlərindən birində təhsil almaq imkanı ilə məhdudlaşmır. O, proqramı həm də dövlətin göstərdiyi etimad və məsuliyyət kimi qiymətləndirir: “Bu proqram mənim üçün xaricdə təhsil almağımı maliyyələşdirən bir imkan olmaqdan əlavə, dövlətimin mənə göstərdiyi etimad və bunun yaratdığı məsuliyyətdir. Xaricdə təhsil almağımın əsas məqsədi sadəcə başqa ölkədə yaşamaq və diplom əldə etmək deyil. Orada qazandığım bilik və təcrübəni gələcəkdə Azərbaycanda tətbiq etmək istəyirəm”.

Onun əsas maraq istiqamətlərindən biri rəqəmsal dövlət siyasətidir. Gənc mütəxəssis Azərbaycanda rəqəmsal transformasiya, elektron dövlət xidmətlərinin vahidləşdirilməsi və kağızsız hökumətə keçid istiqamətində görülən işlərin bu sahəyə marağını artırdığını bildirir: “Avstraliya rəqəmsal dövlət sahəsində qabaqcıl ölkələrdən biridir. Bu da mənim üçün ölkə seçimində və öyrənmək istədiyim sahələrin müəyyənləşdirilməsində vacib amillərdən biri olub. Təhsil müddətində rəqəmsal transformasiya, süni intellekt və cəmiyyət, həmçinin rəqəmsal dövlət siyasəti ilə bağlı fənlər götürməyi planlaşdırıram. Xüsusilə süni intellektin dövlət idarəçiliyinə və ictimai xidmətlərə necə inteqrasiya oluna biləcəyi mənim üçün maraqlıdır”.

“Uğur insanın özünün ən yaxşı versiyasına çevrilməsidir”

Jasmin üçün uğur yalnız konkret nəticə və ya əldə olunan titul deyil. Onun fikrincə, uğurun ölçüsü insanın qarşısına qoyduğu məqsədə çatması və daim özünü inkişaf etdirməsidir: “Uğur insanın özünün ən yaxşı versiyasına çevrilməsidir. Başqaları ilə yarışaraq deyil, dünənki özü ilə müqayisədə hər gün bir addım irəliləməkdir. Kiçik də olsa, ardıcıl və nizamlı addımlar atmaq, maneələr qarşısında təslim olmamaq və məqsədinə çatana qədər yoluna davam etməkdir”.

O, özünü “uğurlu insan”dan daha çox “çalışqan insan” kimi qiymətləndirir: “Qazandığım uğurların arxasında təsadüfdən çox zəhmət dayanıb. Uğur qazanmaq üçün həmişə çalışaraq “Bunu necə daha yaxşı edə bilərəm?” və “Nə dəyişiklik etsəm daha yaxşı olar?” suallarını vermişəm”.

Jasmin hesab edir ki, qlobal rəqabət mühitində gənclərin ən vacib xüsusiyyətlərindən biri özləri üçün imkan yarada bilmələridir: “Çox vaxt həmin fürsətə özümüz çatmalı, araşdırmalı, müraciət etməli, yeni əlaqələr qurmalı və nəticə əldə edənədək dəfələrlə cəhd göstərməliyik”.

Dövlət Proqramına müraciət etməyi düşünən gənclərə isə o, üç əsas məqamı tövsiyə edir: “Müraciət prosesinə gec başlamamaq çox vacibdir. Universitetlərin, təqaüdlərin qəbul tələblərinin və Dövlət Proqramının şərtlərinin əvvəlcədən araşdırılması həm vaxt itkisini, həm də stresi azaldır”.

Jasminin fikrincə, universitet seçərkən yalnız reytinq və prestijə deyil, proqramın məzmununa, fənlərə, müəllimlərin tədqiqat istiqamətlərinə və məzun olduqdan sonra yaranacaq imkanlara da diqqət yetirmək lazımdır: “Müsahibədə “Niyə məhz bu universitet və bu proqram?” sualına ümumi deyil, əsaslandırılmış cavab verə bilmək gözlənilir. Hazır və əzbərlənmiş cümlələrdənsə, şəxsi təcrübəni konkret nümunələrlə səmimi şəkildə ifadə etmək daha vacibdir”.

Jasmin Abdulkərimova üçün bu uğurun ən maraqlı tərəflərindən biri də yolun haradan başladığıdır. O, Mingəçevirdəki məktəb illərində gələcəkdə Avstraliyanın nüfuzlu universitetlərindən birində təhsil alacağını təsəvvür etməyib: “Amma açığı, Mingəçevirdəki kiçik bir şəhər məktəbini bitirən 17 yaşlı Jasmin bugünkü məni təsəvvür etmirdi, məncə. O vaxt gələcəyimin bu istiqamətdə olacağını, xaricdə təhsil alacağımı və belə imkanlar əldə edəcəyimi planlaşdırmamışdım”.