Rəşad Mustafayev: DP məzunlarının bacarıqlarından səmərəli istifadə etməliyik
“Bu gün keçirilən karyera sərgisində dövlət və özəl sektoru təmsil edən 42 işəgötürən iştirak edir və məzunlara 150-dək iş yeri təklif olunur. Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan gənclər burada işəgötürənlərlə birbaşa ünsiyyət qurmaq, bilik və bacarıqlarını nümayiş etdirmək imkanı əldə edirlər”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu xaricdə təhsil üzrə Dövlət Proqramının məzunları üçün keçirilən karyera sərgisində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev bildirib.
Nazir müavininin sözlərinə görə, işə qəbul zamanı namizədlərin təhsil göstəriciləri ilə yanaşı, əldə etdikləri bilikləri praktikada tətbiq etmək bacarıqları da mühüm əhəmiyyət daşıyır.
“Dövlət Proqramının tələbləri kifayət qədər yüksəkdir və işəgötürənlər məzunların savadlı, yüksək hazırlıqlı olduqlarını bilirlər. Lakin bununla yanaşı, işə necə yanaşacağınız, çalışacağınız müəssisəyə hansı dəyəri qatacağınız da vacibdir. Universitetdə komanda şəklində həyata keçirdiyiniz layihələrdən, qarşılaşdığınız məsələləri necə həll etdiyinizdən danışmağınız işəgötürənlərlə görüşlərinizi daha uğurlu edə bilər”.
R.Mustafayev gənclərə karyeralarının ilkin mərhələsində əməkhaqqı və vəzifə ilə yanaşı, peşəkar inkişaf və iş mühitinə uyğunlaşma imkanlarına da diqqət yetirməyi tövsiyə edib.
Nazir müavini məzunların məşğulluğuna dəstək məqsədilə dövlət tərəfindən yaradılan imkanlardan da danışıb:
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq bu məsələlərdə sizin yanınızdayıq. ƏMAS sistemi vasitəsilə işəgötürənlərlə işaxtaranların bilik və bacarıqlarının uyğunlaşdırılmasına imkan verən avtomatlaşdırılmış mexanizmlərimiz mövcuddur. Karyera portalında isə məsləhət xidmətlərindən yararlana, peşəkar CV hazırlaya bilərsiniz. Dövlət karyera yolunuzda sizə dəstək göstərməyə hazırdır”.
R.Mustafayev işəgötürənləri də xaricdə təhsil almış məzunların potensialından səmərəli istifadə etməyə çağırıb:
“Bu gənclər kifayət qədər savadlı, peşəkar və biliklidirlər. Onların qazandıqları bilik və təcrübə müəssisələrin fəaliyyətinə yeniliklər gətirə bilər. Hətta verdikləri hər bir sual yeni imkanların yaranmasına səbəb ola bilər. Buna görə də məzunların bilik və bacarıqlarından müəssisələrimizdə səmərəli istifadə etməliyik”.




