Qazaxıstanda keçmiş SSRİ və Rusiya ali təhsil müəssisələrinin məzunlarının forumu keçirilib
9-10 oktyabr tarixlərində Qazaxıstanın Astana şəhərində keçmiş SSRİ və Rusiya ali təhsil müəssisələrinin məzunlarının ikigünlük forumu keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Forumda 150-dən çox ölkənin ali təhsil müəssisələrinin rəhbərləri, təhsil və səhiyyə sahəsindən nümayəndələr və məzunlar assosiasiyalarının sədrləri iştirak edib. Təntənəli açılışdan sonra forum plenar iclas və müxtəlif mövzulara həsr edilmiş dəyirmi masalarla davam edib.
Forumda Azərbaycanı Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov və bir sıra elm və ali təhsil müəssisələrinin nümayəndələri təmsil ediblər. Forum çərçivəsində keçirilən görüşlərdə və dəyirmi masalarda iştirak edən Ə.Sadıqov və R.Əzizov Azərbaycanda elm və ali təhsil sahəsində reallıqlar və perspektivlər mövzusunda çıxış ediblər.
Qeyd edək ki, MDB məkanında ilk dəfə keçirilən bu forum Rusiyanın MDB Ölkələri, Xaricdə Yaşayan Həmvətənlərlə İş üzrə Federal Agentliyi olan “Rossotrudniçestvo”nun təşkilatçılığı ilə baş tutub.


