Qazaxıstanlı nümayəndə heyəti ADPU-nun Quba filialında elmi-pedaqoji səfərdə olub
Qazaxıstan Respublikası İbray Altynsarin adına Arkalık Pedaqoji Universitetinin nümayəndə heyəti Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında elmi-pedaqoji səfərdə olub.
"Azərbaycan müəllimi" xəbər verir ki, nümayəndə heyətində PhD, dosent Kasabolat Aygül, PhD, dosent Ospanbekova Meyrgül Nesipbekovna və magistr Saniya Jumabayeva və bir neçə müəılim yer alıb. Səfər çərçivəsində qonaqlar tərəfindən məlumat xarakterli seminar təşkil edilmiş, təqdimatlar zamanı müasir pedaqoji yanaşmalar, innovativ tədris metodları və beynəlxalq təcrübə ilə bağlı ətraflı məlumat verilib.
Proqram çərçivəsində qonaqlar filialda müxtəlif ixtisaslar üzrə keçirilən dərslərdə iştirak etmiş, tədris prosesini yerində müşahidə edərək ali təhsil mühitinin təşkili ilə yaxından tanış olublar. Bununla yanaşı, “Təhsildə trendlər” mövzusunda keçirilən təlimlərdə çağdaş təhsil modelləri, rəqəmsallaşma və tələbəyönümlü yanaşmalar geniş şəkildə müzakirə olunub.
Səfərin davamında nümayəndə heyəti filialın Özbəkistan–Azərbaycan Türk Dünyası Tanıtım və Kültür Mərkəzində pedaqoji kollektivlə görüş keçirib. Görüş zamanı tərəflər arasında elmi-pedaqoji sahədə əməkdaşlıq imkanları, akademik mübadilə və birgə layihələrin həyata keçirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda qonaqlar tərəfindən təqdim olunan simvolik hədiyyələr kollektiv üzvlərinə təqdim edilmiş, bu cür qarşılıqlı səfərlərin elmi-mədəni əlaqələrin genişlənməsinə və beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcəyi vurğulanıb.



