“Qələbəyə gedən yol inamdan başladı” – MRİO-nun medalçıları

29 İyun, 2026 - 14:06
“Qələbəyə gedən yol inamdan başladı” – MRİO-nun medalçıları

Bakıda keçirilən Məktəblilərin Respublika İdman Olimpiadasında (MRİO2026) velosiped idmanı üzrə uğur qazanan Ağdaş məktəbliləri sevinclərini “Azərbaycan müəllimi” ilə bölüşüb, qələbəyə gedən yolun zəhmət, inam və davamlı məşqlərdən keçdiyini bildiriblər.

Olimpiadada Ağdaş rayonu Uşaq-gənclər idman-şahmat məktəbinin şagirdləri yüksək nəticə göstəriblər. Yarışda Samir Kərimov I yerə, Asif İsmayılzadə II yerə, Muhəmməd Kərimli isə III yerə layiq görülüb.

Şagirdlərin məşqçi-müəllimi Qnyaz Musayev bildirib ki, bu nəticə qısa müddətin deyil, davamlı zəhmətin, məqsədyönlü hazırlığın və şagirdlərdə formalaşdırılan qalibiyyət ruhunun bəhrəsidir. Peşəkar sərbəst güləşlə məşğul olmuş Qnyaz müəllim hazırda orta məktəbdə fiziki tərbiyə müəllimi kimi fəaliyyət göstərir. O, Bakıda velosiped idmanı üzrə təlim kurslarında iştirak edərək yüksək nəticə əldə edib və daha sonra Ağdaş rayonunda bu idman növünün inkişafı üçün təşəbbüs göstərib.

“Bakıda keçdiyim velosiped təlimləri mənə bu sahədə yeni bilik və bacarıqlar qazandırdı. Rayona qayıtdıqdan sonra Ağdaşın müxtəlif məktəblərini gəzərək velosiped idmanına marağı olan şagirdləri müəyyənləşdirməyə başladım. Məqsədim rayon üzrə güclü velosiped yığma komandası formalaşdırmaq idi. Bu gün şagirdlərimizin Respublika Olimpiadasında uğur qazanması həmin zəhmətin nəticəsidir”, - deyə Qnyaz Musayev bildirib.

Məşqçi-müəllimin sözlərinə görə, şagirdlər yarışa hazırlıq müddətində yalnız fiziki hazırlıq keçməyiblər. Onlar həm də psixoloji baxımdan yarışa kökləniblər. Qnyaz müəllim vurğulayıb ki, velosiped idmanı xüsusi dözümlülük, iradə və nizam-intizam tələb edən idman növlərindəndir:

“Velosiped idmanı kənardan asan görünə bilər, amma əslində çox çətin və xüsusi dözümlülük tələb edir. Şagirdlərimizlə 8 aydır ki, mütəmadi məşqlər aparırıq. Mən onları yalnız fiziki cəhətdən deyil, həm də ruhən yarışa hazırlamağa çalışmışam. Hər zaman demişəm ki, qalib gəlmək üçün əvvəlcə özünə inanmalısan. Onlar da bu inamla mübarizə apardılar və nəticə qazandılar”.

Qnyaz Musayev qeyd edib ki, Respublika Olimpiadasına qədər şagirdlər bir sıra rayondaxili yarışlarda da iştirak ediblər. Ağdaş Olimpiya İdman Kompleksində keçirilən həmin yarışlar onların təcrübə toplamasında mühüm rol oynayıb:

“Rayondaxili yarışlar uşaqlar üçün çox faydalı oldu. Onlar yarış ab-havasını gördülər, rəqabət mühitinə alışdılar, öz güclərini sınadılar. Hər yarış onlara yeni təcrübə qazandırdı. Bu uğur təsadüfi deyil, mərhələli hazırlığın nəticəsidir”.

Olimpiadanın qızıl medalçısı Samir Kərimov çempion olduğu üçün böyük sevinc hissi keçirdiyini bildirib:

“Birinci yerə layiq görüldüyüm üçün çox sevincliyəm. Yarışa ciddi hazırlaşmışdıq və müəllimimiz bizə hər zaman inanırdı. Bu qələbə mənə daha böyük yarışlarda iştirak etmək üçün motivasiya verdi. Gələcəkdə də velosiped idmanı ilə məşğul olmaq və daha yüksək nəticələr qazanmaq istəyirəm”.

II yerin qalibi Asif İsmayılzadə isə yarışın onun üçün həm həyəcanlı, həm də yaddaqalan olduğunu deyib:

“Yarış zamanı çox həyəcanlı idim. Amma startdan sonra yalnız finişə və yaxşı nəticə göstərməyə düşündüm. Gümüş medal qazanmağım məni çox sevindirdi. Bu nəticə mənə göstərdi ki, zəhmət çəkəndə uğur qazanmaq mümkündür. Növbəti yarışlarda birinci yer üçün mübarizə aparacağam”.

Bürünc medal qazanan Muhəmməd Kərimli də əldə etdiyi nəticənin onun üçün böyük təcrübə olduğunu bildirib:

“III yerə layiq görülmək mənim üçün böyük uğurdur. Yarışda güclü rəqiblər var idi. Buna baxmayaraq, sona qədər mübarizə apardım. Bu medal mənə daha çox çalışmağım üçün stimul verdi. İstəyirəm ki, gələcək yarışlarda daha yaxşı nəticə göstərim”.

Qnyaz Musayev bildirib ki, hazırda velosiped idmanına maraq göstərən şagirdlərin sayı artır. Onun sözlərinə görə, məşqlərə cəlb olunanlar arasında qız şagirdlər də var:

“Təxminən 10 qız şagirdimiz var ki, onlar da velosiped idmanı üzrə məşqlərə qoşulublar. Hazırda onları da hazırlayıram. İnanıram ki, yaxın gələcəkdə onlar da yarışlarda öz qüvvələrini sınayacaq və uğurlu nəticələr əldə edəcəklər”.

Məşqçi-müəllim sonda qeyd edib ki, əsas məqsəd təkcə medal qazanmaq deyil, həm də uşaqlarda sağlam həyat tərzinə maraq oyatmaq, onların iradəsini, dözümlülüyünü və özünəinamını formalaşdırmaqdır.

“Qələbəyə gedən yol inamdan başladı” – MRİO-nun medalçıları
“Qələbəyə gedən yol inamdan başladı” – MRİO-nun medalçıları
“Qələbəyə gedən yol inamdan başladı” – MRİO-nun medalçıları