Qeydiyyat bitdi: Ən çox müraciət hansı ixtisas qrupunadır?

30 Aprel, 2026 - 11:37
Qeydiyyat bitdi:

Ali təhsilin bakalavriat səviyyəsi və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə 2-ci mərhələnin 1-ci cəhdi üçün qeydiyyat prosesi yekunlaşıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, DİM-in rəsmi məlumatlarına görə, ümumilikdə 135 018 abituriyent qeydiyyatdan keçib. Onlardan 131 510 nəfər ali təhsil müəssisələrinə, 121 341 nəfər isə kolleclərə (11 illik baza üzrə) qəbul üçün müraciət edib.

İxtisas qrupları üzrə test imtahanının birinci cəhdində iştirak etmək üçün isə ümumilikdə 97 406 abituriyent qeydiyyatdan keçib. Onların 87 023 nəfəri Azərbaycan, 10 383 nəfəri isə rus bölməsinin payına düşür.

Qruplar üzrə bölgü belədir: I ixtisas qrupunda 34 011, II ixtisas qrupunda 28 521, III ixtisas qrupunda 28 350, IV ixtisas qrupunda isə 6 524 nəfər qeydiyyatdan keçib.

Müqayisə üçün qeyd edək ki, ötən il bu göstəricilər təxminən I qrup üzrə 30 min, II qrup üzrə 25 min, III qrup üzrə 27 min, IV qrup üzrə isə 6 min civarında idi. Bu isə göstərir ki, cari ildə xüsusilə I və II ixtisas qruplarında ərizə verənlərin sayında müəyyən artım müşahidə olunur, III və IV qruplarda isə ciddi dəyişiklik yoxdur.

Əvvəlki illərin təcrübəsi də göstərir ki, IV ixtisas qrupunda müraciət edənlərin sayı nisbətən az olsa da, plan yerləri ilə müqayisədə rəqabət daha yüksək olur. I ixtisas qrupu isə ənənəvi olaraq abituriyentlərin ən çox seçdiyi istiqamətdir və bu il də həmin tendensiya davam edib.