Qiyabi təhsil alanların sayı azalıb
Bakalavriat səviyyəsi üzrə faktiki tələbə qəbulu son illərdə davamlı artım dinamikası nümayiş etdirib.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin 2025-ci il üzrə hesabatında qeyd olunub.
Bildirilib ki, son dörd il ərzində bakalavriat səviyyəsində faktiki qəbul 18% artıb. 2025/2026-cı tədris ilində bu təhsil səviyyəsi üzrə 63 025 plan yerindən 60 860 nəfər ali təhsil müəssisələrinə qəbul olunub ki, bu da plan yerlərinin 96,6%-nin faktiki olaraq doldurulduğunu göstərir. Qəbul olunan tələbələrin əhəmiyyətli hissəsi dövlət sifarişi əsasında (29 962 nəfər) təhsil almaq hüququ qazanıb.
2025-2026-cı tədris ili üzrə isə qiyabi təhsilalma formasında cəmi 2.385 yer proqnozlaşdırılıb ki, bu da 2023/2024-cü tədris ili ilə müqayisədə 1.387 yer və ya 36,8% azalma deməkdir. Bu azalma ölkədə ali təhsil sistemində aparılan optimallaşdırma və keyfiyyət yönümlü islahatların tərkib hissəsidir.
Əsas (baza ali) tibb təhsili səviyyəsində isə faktiki qəbul xüsusilə yüksək olub. 2025/2026-cı tədris ilində 1.182 plan yerinin 1.182-si doldurulub, faktiki qəbul 100% səviyyəsində təmin edilib. Bu təhsil səviyyəsində qəbul olunan tələbələrin 1.127 nəfəri (95%-dən çoxu) dövlət sifarişi əsasında təhsil almaq hüququ əldə edib.
Magistratura səviyyəsində faktiki tələbə qəbulu son illərdə artım dinamikası nümayiş etdirib. Belə ki, 2021/2022-ci tədris ilində 10.484 nəfər olan faktiki qəbul 2025/2026-cı tədris ilində 14 335 nəfərə çatıb, bu da 3.851 nəfər və ya təxminən 37% artım deməkdir. 2025/2026-cı tədris ilində magistratura səviyyəsi üzrə 17 558 plan yerindən 14.335 nəfər ali təhsil müəssisələrinə qəbul olunub ki, bu da plan göstəricisinin 81,7%-nin faktiki olaraq təmin edildiyini göstərir. 2025/2026-cı tədris ilində magistratura səviyyəsində 7.094 nəfər (40,4%) dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanıb.
2025-2026-ci tədris ilində fəlsəfə doktoru proqramı üzrə ümumilikdə 1 177 qəbul yeri proqnozlaşdırılıb. Bu yerlərdən 744-ü (63%) ali təhsil müəssisələrində, 433-ü (37%) isə elmi müəssisələrdə nəzərdə tutulub. Ali təhsil müəssisələrində planlaşdırılan qəbul yerləri dövlət sifarişi əsasında, elmi müəssisələr üzrə planlaşdırılan qəbul yerləri isə dövlət büdcəsi hesabına və ödənişli əsaslarla nəzərdə tutulub. Planlaşdırılan qəbul yerlərinin 64.3% və ya 757 yer dolub. Qəbul olanların 484 nəfəri (64%) ali təhsil müəssisələrinə, 273 nəfəri (36%) isə elmi müəssisələrə qəbul olub.


