Qızların təhsilində böyük nəticələr əldə etmişik – Bahar Muradova

4 Noyabr, 2025 - 11:33
Qızların təhsilində böyük nəticələr əldə etmişik

“2021-ci ildən bu günədək qızların təhsili ilə bağlı böyük nəticələr əldə etmişik”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu gün keçirilən brifinqdə səsləndirib.

Komitə sədri bildirib ki, “Qızların təhsilinə dəstək” layihəsi Təhsilin İnkişafı Fondunun ilk təşəbbüsü olub. Layihə çərçivəsində Əməkdaşlıq Memorandumu imzalanıb və hazırda hər iki tərəf müvafiq istiqamətlər üzrə zəruri addımlar atır. Bu istiqamətdə cari tədris ili üçün universitetlərə qəbul olan 93 gənc qız təqaüdə laiq görülüb.

Bahar Muradova qeyd edib ki, 2001-ci ildə cəmi 14 nəfərlə, təhsilə yardım üçün qadın sahibkarların təşəbbüsü və dəstəyi ilə başlanan bu layihə bu gün 500-dən çox gənc qızın təhsilə cəlb olunmasına şərait yaradıb.

Komitə sədri bildirib ki, layihə çərçivəsində bir neçə istiqamət üzrə fəaliyyət həyata keçirilir. Onlardan biri şəhid xanımlarının təhsilinə dəstək proqramıdır:

“Əminliklə deyə bilərəm ki, şəhid xanımlarının təhsilinə dəstək layihəsi bu təşəbbüsün əsas qoluna çevrilib. Hazırda 34 şəhid xanımı təhsil almağa təşviq olunub və onların hamısı universitetlərə qəbul olub”.

O əlavə edib ki, eyni zamanda, “Qızların təhsilinə dəstək” layihəsi çərçivəsində “Abituriyent” hazırlıq proqramları da həyata keçirilir. Bu proqramlar “Kapital Bank”ın dəstəyi ilə regionlarda yaşayan qızların universitetlərə hazırlanmasını və təhsildə iştirakını təmin edir.

Bahar Muradova əlavə edib ki, layihə tədricən genişlənir:

“Təhsilinə dəstək göstərilən gənclər sonradan universitetlərə qəbul olurlar. Hazırda 5 tələbənin təhsilinə “Kapital Bank” tərəfindən dəstək göstərilir. Layihə regionlardakı qızların təhsilə marağını artırır, onlarda sağlam rəqabət mühiti və motivasiya yaradır. Bu isə böyük qürur mənbəyidir”.

Sonda Bahar Muradova vurğulayıb ki, tariximizdə və bu günümüzdə xüsusi yer tutan bu təşəbbüslər gələcəyimiz üçün mühüm əhəmiyyət daşıyır.