QS agentliyinin reytinqində BDU Azərbaycanı ən çox ixtisasla təmsil edir

25 Mart, 2026 - 18:02
QS agentliyinin reytinqində BDU Azərbaycanı ən çox ixtisasla təmsil edir

Dünyanın nüfuzlu reytinq təşkilatı “Quacquarelli Symonds” (QS) tərəfindən “QS World University Rankings by Subject 2026” nəticələri elan olunub. Nəticələrə əsasən, Bakı Dövlət Universiteti (BDU) böyük uğura imza ataraq cari ildə ilk dəfə olaraq 2 geniş ixtisas kateqoriyası üzrə reytinq siyahısında yer alıb.

Bu barədə "Azərbaycan müəllimi"nə BDU-dan məlumat verilib. Bununla yanaşı, BDU 8 dar ixtisas sahəsi üzrə reytinqə daxil olub. Bu nəticə dar ixtisas sahələri üzrə göstəricilərə əsasən ötən illə müqayisədə 4 dəfə artım deməkdir. Bu göstəricilərlə BDU Azərbaycanı ən çox ixtisas sahəsi üzrə təmsil edən ali təhsil müəssisəsi olub.

Qeyd olunmalıdır ki, “QS World University Rankings by Subject 2026” nəticələrinə əsasən, BDU geniş ixtisas kateqoriyaları üzrə təbiət elmləri (“Natural Sciences”) sahəsində 401–500, mühəndislik və texnologiya (“Engineering and Technology”) sahəsində isə 501–550-ci diapazonda qərarlaşıb. Bununla yanaşı, dar ixtisas sahələri üzrə BDU neft-qaz mühəndisliyi (“Petroleum Engineering”) sahəsində 51–100-cü, müasir dillər (“Modern Languages”) üzrə 151–200-cü, riyaziyyat (“Mathematics”) üzrə 251–300-cü, Hüquq (“Law”) üzrə 301–350-ci, kimya mühəndisliyi (“Chemical Engineering”) üzrə 401–450-ci, fizika və astronomiya (“Physics and Astronomy”) üzrə 401–450-ci, kimya (“Chemistry”) üzrə 451–500-cü, kompüter elmləri və informasiya sistemləri (“Computer Science and Information Systems”) üzrə isə 601–650-ci diapazonda yer alıb.

BDU ötənilki reytinqdə yer aldığı iki dar ixtisas sahəsi üzrə nəzərəçarpacaq irəliləyiş əldə edib. Belə ki, neft-qaz mühəndisliyi (“Petroleum Engineering”) sahəsində 151–175-ci diapazondan 51–100-cü diapazona, riyaziyyat (“Mathematics”) üzrə 501–600-cü diapazondan 251–300-cü diapazona yüksəlib.

Reytinq nəticələrinə əsasən, ilk dəfə olaraq BDU-nun 1 ixtisası qlobal miqyasda TOP 100-lükdə, 7 ixtisası TOP 500-lükdə yer alıb ki, bu da ötən illə müqayisədə 7 dəfə artım deməkdir.

QS tərəfindən dərc olunan “QS World University Rankings by Subject” ali təhsil müəssisələrinin ayrı-ayrı ixtisas üzrə qlobal səviyyədə qiymətləndirilməsini təmin edən nüfuzlu beynəlxalq reytinq siyahısıdır. Bu reytinq universitetləri geniş və dar ixtisas sahələri üzrə akademik nüfuz, işəgötürən reputasiyası, elmi istinadlar və beynəlxalq əməkdaşlıq kimi meyarlar əsasında dəyərləndirir. Məqsəd abituriyentlərə, tədqiqatçılara və təhsil müəssisələrinə konkret sahələr üzrə ən güclü universitetləri müəyyənləşdirməkdə dəstək olmaqdır.