Azərbaycanda süni intellekt və kibertəhlükəsizlik üzrə kadr hazırlığı gücləndirilir
Qlobal texnoloji dəyişikliklər fonunda təhsil sisteminin qarşısında duran əsas vəzifələrdən biri süni intellekt və digər strateji istiqamətlər üzrə yüksəkixtisaslı kadrların hazırlanmasıdır. Bu məqsədlə riyaziyyat, mühəndislik və kompüter elmləri sahələrində fundamental hazırlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev söyləyib.
Akademik bildirib ki, süni intellekt, “Big Data”, kibertəhlükəsizlik və digər strateji sahələrdə davamlı inkişafın təmin olunması üçün güclü elmi baza və peşəkar insan resurslarının formalaşdırılması vacibdir. Xüsusilə riyazi kriptoqrafiya, kvant kriptoqrafiyası və digər yüksək texnologiyalar üzrə mütəxəssis hazırlığına daha çox diqqət yetirilməlidir.
Rasim Əliquliyev vurğulayıb ki, süni intellekt texnologiyaları artıq qlobal inkişafın əsas hərəkətverici qüvvələrindən birinə çevrilib və Azərbaycanda da bu istiqamətdə sistemli tədbirlər həyata keçirilir. Rəqəmsal inkişaf sahəsində dövlət siyasətinin əsas hədəflərindən biri elmi əsaslara söykənən milli data ekosisteminin formalaşdırılmasıdır.




