Regional universitetlərin gələcəyi onların regionla inteqrasiyasından asılıdır - Raqif Qasımov
“Universitet yerləşdiyi bölgənin ehtiyaclarını bilməli, həmin ehtiyaclara elmi və praktik həllər təqdim etməli, gəncləri yalnız bugünün deyil, gələcəyin çağırışlarına hazırlamalıdır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu UNEC Zaqatala filialının direktoru Raqif Qasımov Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında keçirilən “Rəqəmsallaşma dövründə regional universitet modeli” mövzusunda beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.
Raqif Qasımov bildirib ki, XXI əsrdə regional universitet anlayışı yeni məzmun qazanır. Onun sözlərinə görə, müasir regional universitet yalnız tədris aparan ali təhsil müəssisəsi deyil, həm də regionun inkişaf prioritetlərini müəyyənləşdirən, əmək bazarının ehtiyaclarına cavab verən və yerli insan kapitalını gücləndirən strateji institutdur:
“Bu gün regional universitetlər qarşısında yeni çağırışlar dayanır. Rəqəmsallaşma, süni intellekt, yaşıl iqtisadiyyat, innovasiya və əmək bazarının sürətlə dəyişən tələbləri universitetlərdən daha çevik, daha açıq və daha nəticəyönümlü fəaliyyət tələb edir.
UNEC Zaqatala filialının direktoru qeyd edib ki, filialın 10 illik fəaliyyəti regional ali təhsilin inkişafı baxımından mühüm təcrübə formalaşdırıb:
“UNEC Zaqatala filialı ötən 10 il ərzində regionda keyfiyyətli ali təhsilə çıxış imkanlarının genişləndirilməsi, müasir ixtisaslar üzrə kadr hazırlığı, gənclərin bilik və bacarıqlarının inkişafı, eləcə də yerli əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığı istiqamətində mühüm yol keçib. Bu gün filial yalnız təhsil müəssisəsi kimi deyil, regionun intellektual və sosial inkişafına dəstək verən akademik mərkəz kimi fəaliyyət göstərir”.




