Regional universitetlərin inkişafı güclü kadr potensialından asılıdır – Şahin Bayramov
“Regional universitetlərin inkişafı üçün əsas məsələlərdən biri güclü akademik kadr potensialının formalaşdırılmasıdır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında keçirilən “Rəqəmsallaşma dövründə regional universitet modeli” mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.
Şahin Bayramov bildirib ki, regional universitetlərin inkişafı yalnız yeni ixtisasların açılması, infrastrukturun genişləndirilməsi və tələbə sayının artırılması ilə məhdudlaşmamalıdır. Onun sözlərinə görə, bu prosesin əsas dayaqlarından biri keyfiyyətli professor-müəllim heyətinin formalaşdırılmasıdır:
“Regional universitetlərin dayanıqlı inkişafı üçün ən mühüm məsələlərdən biri kadr təminatıdır. Universitetin inkişafını təmin edən əsas qüvvə məhz insan kapitalıdır. Güclü müəllim, tədqiqatçı və akademik heyət olmadan müasir universitet modelini formalaşdırmaq mümkün deyil”.
Rektor qeyd edib ki, regional universitetlər yerləşdikləri bölgələrin sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Bu baxımdan həmin universitetlərdə çalışan akademik heyətin yalnız tədris prosesində deyil, həm də tədqiqat, innovasiya, layihə fəaliyyəti və yerli problemlərə elmi yanaşmaların hazırlanmasında fəal iştirakı vacibdir.
Şahin Bayramov əlavə edib ki, regional universitetlərin gələcək inkişafı üçün kadr təminatı, rəqəmsal transformasiya, əmək bazarı ilə əlaqə və elmi-tədqiqat mühitinin gücləndirilməsi bir-birini tamamlayan əsas istiqamətlər kimi nəzərdən keçirilməlidir.




