Rektor: BDU dünya universitetləri ilə çiyin-çiyinə dayanan təhsil ocağına çevriləcək
“Bu gün qlobal miqyasda yeni bilik iqtisadiyyatı formalaşır. Rəqəmsal transformasiya cəmiyyətlərin inkişafının əsas hərəkətverici qüvvəsinə çevrilir. Azərbaycan da bu proseslərin fəal iştirakçısı kimi davamlı inkişaf edir, yeni imkanlar yaradır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev BDU-nun "Məzun günü"ndə səsləndirib.
Rektorun sözlərinə görə, insan kapitalının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir: “Müasir dünyamızda hər bir uğurun əsasında bilik, peşəkarlıq, çevik düşüncə və yeniliklərə can atmaq dayanır”.
E.Babayev qeyd edib ki, 25 mindən artıq tələbənin təhsil aldığı, 1500 nəfərlik professor-müəllim heyətinin çalışdığı ali təhsil müəssisəsi kimi BDU təkcə ölkəmizdə deyil, regionun aparıcı universiteti kimi sürətlə inkişaf edir: “Təhsilin keyfiyyəti yüksəlir, yeni təlim texnologiyaları tətbiq olunur, elmi tədqiqatların əhatəsi genişlənir. Yeni idarəetmə mexanizmlərinin tətbiqi istiqamətində ardıcıl islahatlar aparılır. Hər il BDU-nun minlərlə məzunu yüksəkixtisaslı kadr kimi əmək fəaliyyətinə başlayır”.
O bildirib ki, BDU-nun məzunları dövlət təşkilatlarında, iri sənaye müəssisələrində, beynəlxalq təşkilatlarda, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni həyatında uğurla təmsil olunur, öz bilik və bacarıqları ilə seçilirlər: “Bu gün doğma Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsinə yüzlərlə BDU məzunu peşəkar mütəxəssis kimi öz töhfəsini verir. Hər il "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı" əsasında onlarla BDU məzunu nüfuzlu xarici universitetlərə yollanır. Bütün bunlar Bakı Dövlət Universitetində formalaşmış güclü ənənələrin, yüksək təhsil mühitinin göstəricisidir”.
Rektor qeyd edib ki, 5 il əvvəl dünya universitetləri reytinqində top 1500-də qərarlaşan universitet artıq ilk 700-dədir: “Sabah ilk 600-də qərarlaşacaq, əminik ki, yaxın gələcəkdə ilk 500-də, hətta daha yüksəklərdə yer alan, güclü elm-təhsil mərkəzləri sırasında öz layiqli mövqeyini möhkəmləndirən və dünya universitetləri ilə çiyin-çiyinə dayanan bir ali təhsil ocağına çevriləcək”.




