Rektor: Elm və təhsil sahəsindəki islahatlar universitetlər üçün də yeni imkanlar yaradır

7 Yanvar, 2026 - 12:37
Rektor: Elm və təhsil sahəsindəki islahatlar universitetlər üçün də yeni imkanlar yaradır

"Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi proqram xarakterli müsahibə hər birimizi qürurlandırdı. Qalib Liderimizin beynəlxalq münasibətlər, xarici siyasət, strateji tərəfdaşlıqlar, sülh və təhlükəsizlik, iqtisadi inkişaf, xarici investisiyalar, enerji, nəqliyyat və logistika, sosial rifah, azad olunmuş ərazilərdə bərpa və quruculuq prosesləri, idarəetmə modeli, dilimizin qorunması, müasir texnologiyalar, elm, təhsil və kadr islahatları, mədəniyyət və turizmlə bağlı səsləndirdiyi konseptual fikirlər məhz Azərbaycanın yaratdığı yeni reallıqların və strateji vizyonun əsl mahiyyətini ortaya qoymuş oldu.

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov söyləyib.

Rektor deyib: “Sülh, tərəqqi və bilik cəmiyyəti kimi prioritetləri vurğulayan dövlət başçısı iqtisadi və siyasi dayanıqlılığın təmin olunması, insan kapitalının və innovasiya infrastrukturunun davamlı inkişaf etdirilməsi, gənc nəslin təhsil və elmi potensialının gücləndirilməsinin vacibliyinə diqqət çəkib, uzunmüddətli perspektivlərə hədəflənən sosial rifah və dayanıqlı inkişaf strategiyası çərçivəsində atılan addımlardan bəhs edib.

Real faktlara və kompleks təhlilə əsaslanan tarixi müsahibədə davamlı inkişafın təmin olunmasında elm və təhsilin uzlaşdırılmış inkişafının müstəsna rolu xüsusi qeyd edilib, cəmiyyətin iqtisadi tərəqqisi və sosial rifahında elmin, təhsilin və biliyin rolu ön plana çəkilib. Bu, Prezidentin kadr islahatı, elm, təhsil, cəmiyyətin ümumi intellektual səviyyəsi ilə bağlı səsləndirdiyi fikirlərdə öz əksini aydın şəkildə tapıb. Elm və təhsil sahəsindəki islahatların labüdlüyünü bildirən Prezident iqtisadi resurslardan daha çox, insan kapitalının, təhsilin və elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsinə diqqətin artırılmasını vacib hesab edib. Fikrimizcə, aparılan islahatlar universitetlər üçün də yeni imkanlar yaradır, gənc və istedadlı kadrların irəli çəkilməsi, elmi və pedaqoji potensialın artırılması istiqamətində aydın prioritetləri ortaya qoyur”.

Ş.Bayramov bildirib ki, son 20 il ərzində ölkəmizdə 10 yeni ali təhsil müəssisəsinin, o cümlədən Qarabağ Universitetinin yaradılması ali təhsilə verilən strateji önəmin, göstərilən yüksək diqqət və qayğının bariz təzahürüdür. Ali təhsil məkanını genişləndirməklə yanaşı, təhsilin keyfiyyətinin, müəllimlərin sosial təminatının və peşəkarlığının artırılmasına xidmət edən belə strateji addımlar Azərbaycan cəmiyyətinin uzunmüddətli inkişafını təmin etmək, insan kapitalını gücləndirmək və gələcək nəsillərin bilik səviyyəsini yüksəltmək baxımından olduqca əhəmiyyətlidir.

“Prezident İlham Əliyev tərəfindən yaradılan və sürətlə inkişaf etdirilən Qarabağ Universiteti hazırda dövlətimizin elm və təhsil siyasətinin strateji məqsədləri və prioritet hədəfləri ilə uzlaşdırılmış ali təhsil ocağı kimi fəaliyyətini davam etdirməyə səy göstərir. Universitetimiz fəaliyyətində keyfiyyətli təhsil, nəticəyönümlü elmi fəaliyyət, tələbə əsaslı akademik mühit, gənc və istedadlı kadrların Qarabağa cəlb edilməsi və digər prinsipləri əsas götürür. Əminik ki, təhsil sahəsindəki islahatların uğurla icrası tələbələrimizin, gənc alim və müəllim heyətimizin potensialının əhəmiyyətli dərəcədə güclənməsinə imkan yaradacaq, ölkəmizin hərtərəfli və dayanıqlı inkişafına mühüm töhfələr verəcək”, – deyə rektor qeyd edib.