Rektor: Qarabağ Universitetinin “Urban Expo” sərgisində iştirakı qürurvericidir
“Qısa müddət ərzində 2200-ə yaxın tələbənin və 400-dən artıq peşəkar mütəxəssisin Xankəndi şəhərinə gəlməsi Qarabağ Universitetinin regionda həyatın bərpası prosesində oynadığı rolu açıq şəkildə nümayiş etdirir. Bu baxımdan Qarabağ Universiteti Azərbaycan Prezidentinin müəllifi olduğu Qarabağın dirçəlişi strategiyasının, işğaldan azad olunmuş torpaqlarda həyatın bərpası və davamlı məskunlaşmanın təmin olunması siyasətinin mühüm tərkib hissələrindən biri kimi qiymətləndirilə bilər”.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov “AZƏRTAC”a müsahibəsində deyib.
O, Qarabağ Universitetinin WUF13 çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində öz pavilyonu ilə iştirak etməyini qürurverici hesab edir: “Bunu Qarabağ Universitetinin beynəlxalq arenada tanıtımı baxımından böyük imkan və əlverişli fürsət hesab edirik”.



