Rektor: Regionda ilk dəfə qeyri-akademik transkript təqdim etməyə başlayırıq
“Universitetimizdə ingilis dili tədrisinin müddəti artıq ikinci dəfə uzadılıb və tədris dörd mərhələdə təşkil edilib. Məqsədimiz hər bir tələbənin ingilis dilini ən azı orta səviyyədə mənimsəməsini təmin etməkdir”.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov jurnalistlərə açıqlamasında səsləndirib.
Rektor bildirib ki, bu, UNEC tələbələrinə xarici universitetlərlə mübadilə proqramlarında iştirak etmək, xaricdə magistratura təhsili almaq, həmçinin dünyanın tanınmış professorlarının universitetə cəlb olunması vasitəsilə onların tədris imkanlarını genişləndirmək baxımından mühüm əhəmiyyət daşıyır:
"Eyni zamanda, xarici dil bilikləri əmək bazarında işəgötürənlərin ən çox diqqət yetirdiyi tələblərdən biridir. Hesab edirik ki, Azərbaycan Dövlət İqtisad Universitetinin məzun profilinin əsas üstünlüklərindən biri də məzunların xarici dil səviyyəsinin orta göstəricidən yüksək olmasıdır".
Ə.Muradovun sözlərinə görə, müasir iş dünyasında ən çox tələb olunan amillərdən biri bacarıqlardır: "Bu istiqamətdə universitetimizdə xüsusi kafedra yaradılmış, yumşaq bacarıqlar (soft skills) məcburi fənlər blokuna daxil edilmişdir. Tələbələrimiz bu sahədə sistemli təlimlər alırlar".
Rektor həmçinin bildirib ki, regionda ilk dəfə olaraq akademik transkriptlə yanaşı, qeyri-akademik transkript də təqdim edilməyə başlanılır: "Bu sənəd tələbələrin 11 müxtəlif yumşaq bacarıq üzrə səviyyəsini əks etdirəcək. İşəgötürənlər öz tələblərinə uyğun olaraq müəyyən bacarıqlar üzrə daha yüksək nəticə göstərmiş məzunları seçə biləcəklər. Məsələn, müştərilərlə sıx işləməyi tələb edən vəzifələr üçün ünsiyyət bacarıqları yüksək olan namizədlərə üstünlük veriləcək".


