Rektor: Türk dünyasının elmi inkişafına töhfə vermək iddiasındayıq 

14 May, 2026 - 11:58
Rektor: Türk dünyasının elmi inkişafına töhfə vermək iddiasındayıq 

“Azərbaycan Dövlət Pedaqoji Universiteti olaraq 100 il əvvəl olduğu kimi, bu gün də türk dünyasının elmi inkişafına töhfə vermək iddiasındayıq. Bizim yetişdirdiyimiz müəllimlər bundan sonra da sadəcə qrammatika öyrətməyəcəklər. Onlar türk xalqlarının birlik ruhunu, ortaq tarixi yaddaşını və gələcəyə dair ortaq baxışını yeni nəsillərə çatdıracaqlar”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərov “I Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri” beynəlxalq elmi konfransında səsləndirib.

C.Cəfərovun sözlərinə görə, bu gün onların bizə buraxdığı ən böyük miras türk dünyasının elmi bütövlüyünü qorumaqdır: “Biz bilirik ki, bu yol heç də hamar olmayıb. Qurultaydan qısa müddət sonra həmin ideyaları müdafiə edən bir çox ziyalılar repressiyalara məruz qaldı. Lakin onların qanı və əməyi ilə yaşadılan bu ideyalar – ortaq əlifba, ortaq türkologiya və ortaq ədəbi dəyərlər məhv olmadı”.

Rektor qeyd edib ki, I Türkoloji Qurultay zamanı –  1926-cı ildə ziyalılarımız latın qrafikalı əlifbaya keçidi müdafiə edirdilərsə, bu gün biz rəqəmsal texnologiyalar dövrünə qədəm qoymuşuq: “İndi bizim məqsədimiz süni intellektin türk dövlətlərində sərbəst istifadəsi, ortaq elmi texnologiyaların rəqəmsal platformalarda paylaşılması və türk dövlətləri arasında təhsil inteqrasiyasının ən yüksək səviyyəyə çatdırılmasıdır”.