Rəqabətədavamlı insan kapitalını tək bir institut yarada bilməz - Səməd Bəşirli

27 Oktyabr, 2026 - 17:01
Rəqabətədavamlı insan kapitalını tək bir institut yarada bilməz

“Azərbaycan hökuməti qlobal tərəfdaşlığa investisiya, enerji, texnologiya və infrastruktur sahələrində xüsusi önəm verir. Təhsil isə artıq ölkəmizin yeni inkişaf strategiyasının əsas tərkib hissəsinə çevrilib”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Azərbaycanda IE Liderlik və İnnovasiya Mərkəzinin açılış mərasimində səsləndirib.

Nazir müavini bildirib ki, IE Liderlik və İnnovasiya Mərkəzi təhsil, elm və tədqiqatın genişləndirilməsinə həsr olunmuş xüsusi institut kimi fəaliyyətə başlayır: “Ölkəmiz elə bir dövrdə inkişaf edir ki, süni intellekt qlobal iqtisadiyyatda daha geniş tətbiq olunur. Bu şəraitdə ən yaxşı nəticələr texnologiyanın, məhsuldarlığın və dəyər zəncirinin liderlikdən və xüsusi bacarıqlardan asılı olduğu sahələrdə əldə edilir. Azərbaycanın beş əsas prioritetindən biri də rəqabətədavamlı insan kapitalının formalaşdırılması və modernləşməyə sərmayə qoyuluşudur. İnsan kapitalı və bacarıqlar sektor proqramlarımızın və strategiyalarımızın əsas sütunlarıdır”.

S.Bəşirli bildirib ki, Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində əhəmiyyətli irəliləyiş əldə edib: “Növbəti məqsədimiz iqtisadiyyatımızın mürəkkəbliyini artırmaq, sadəcə daha çox mal və xidmət istehsal etmək deyil, həm də daha çox dəyər yaratmaqdır. Sənayemizi inkişaf etdirmək üçün insanların yeni texnologiyaları mənimsəməsinə, səmərəliliyi və məhsuldarlığı artırmasına ehtiyacımız var. Məqsədimiz rəqəmsal, adaptiv və qlobal səviyyədə rəqabətədavamlı ekosistem qurmaqdır”.

Nazir müavini qeyd edib ki, süni intellekt və məlumat mərkəzləri kimi sahələrdə bacarıq boşluqları aradan qaldırılmalıdır: “Rəqabətədavamlı insan kapitalı tək bir institut tərəfindən yaradıla bilməz. Bu, iqtisadi siyasətin, biznesin tələblərinin və akademik tələblərin sıx əlaqələndirildiyi strukturlaşdırılmış tərəfdaşlıq tələb edir. IE Liderlik və İnnovasiya Mərkəzi də məhz bu model əsasında qurulub”.

Onun sözlərinə görə, indiyədək həyata keçirilən təşəbbüslər göstərir ki, inkişaf hökumət, biznes, təhsil müəssisələri və beynəlxalq tərəfdaşlar arasında sıx əməkdaşlıq tələb edir: “IE Liderlik və İnnovasiya Mərkəzi Azərbaycanın transformasiyasına üç sahədə mühüm töhfə verə bilər: liderlik, bilik və xüsusi bacarıqlar.

Birinci prioritet qabaqcıl texnoloji proseslərin yüksək məhsuldarlığa çevrilməsi üçün rəqəmsal tərəfdaşlığın təşviq edilməsidir. İkinci prioritet tədqiqatların və beynəlxalq ekspertizanın iqtisadi siyasətin hazırlanmasında mühüm rol oynamasıdır. Üçüncü prioritet isə Azərbaycan startaplarının və sahibkarlarının beynəlxalq innovasiya şəbəkələri, investorlar və ekspertlər vasitəsilə qlobal biznesə çıxış əldə etməsinə kömək etməkdir”.