Artıq yüksəkkeyfiyyətli universitetlər şəbəkəsi mövcuddur - Həsən Həsənli
“Təhsilin inkişafı üzrə Dövlət Strategiyası çərçivəsində biz uğurdan-uğura imza atmışıq, ölkəmizdə təhsilin keyfiyyətini və əlçatanlığını artırmağa nail olmuşuq. Bunun ən bariz nümunəsi beynəlxalq qiymətləndirmələrin nəticələridir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Həsən Həsənli Azərbaycanda IE Liderlik və İnnovasiya Mərkəzinin açılış mərasimində səsləndirib.
Nazir müavini bildirib ki, Azərbaycan son illərdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məkanında iqtisadiyyatını ən sürətlə inkişaf etdirən ikinci ölkəyə çevrilib: “Bakı şəhərində, xüsusilə riyaziyyat üzrə nəticələr qarşıdakı dövrdə bir çox sənaye sahələrinin irəliyə doğru inkişafı üçün son dərəcə vacibdir və biz bu sahədə də söz sahibiyik. Bunlar 10 il əvvəl mövcud olmayan nəticələrdir.
Lakin ən həyəcanverici odur ki, hökumət ardıcıl və məqsədyönlü şəkildə işlədikdə qarşıdakı illərdə də böyüməsini gözlədiyimiz qeyri-adi nəticələr əldə edirik. Bu da bizə elə bir istedad bazası qazandırır ki, biz həmin kadrlarla işləyə, onları formalaşdıra və müasir dövrün iqtisadiyyatının tələb etdiyi gələcək liderlərə, rəhbərlərə və peşəkarlara çevirə bilərik”.
H.Həsənlinin sözlərinə görə, ali təhsil sistemində də ardıcıl dəyişikliklər baş verir: “Bu gün ölkəmizin qabaqcıl universitetlərini prosesə cəlb edirik: ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan-Fransız Universiteti, Türkiyə-Azərbaycan Universiteti və Türkiyə-Azərbaycan tərəfdaşlığı ilə maliyyələşdirilən digər proqramlar buna əyani sübutdur. Bu, həqiqətən də onu göstərir ki, artıq yetişdirilən istedadları qəbul edə biləcək yüksəkkeyfiyyətli universitetlər şəbəkəsi mövcuddur. Biz həqiqətən çalışırıq ki, hətta məktəbəqədər və ya erkən yaşlardan başlayan istedadlar vaxtında aşkarlansın, inkişaf etdirilsin və cəmiyyət, ölkə və region üçün real dəyərə çevrilsin”.




