Əmək bazarının reallıqlarına operativ reaksiya verməliyik - Nazir müavini
“Özəl sektorun tərəfdaşları – “Paşa Holding”, SOCAR və digər şirkətlər olmadan bu uğurlar mümkün olmazdı. Çünki qarşılaşdığımız ən mühüm çağırışlardan biri ehtiyaclar ilə təlim arasındakı uyğunsuzluqdur”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Həsən Həsənli Azərbaycanda IE Liderlik və İnnovasiya Mərkəzinin açılış mərasimində səsləndirib.
Nazir müavinin sözlərinə görə, IE Liderlik və İnnovasiya Mərkəzi davamlı fəaliyyət üçün bir platformaya çevriləcək: “Biz həmçinin təhsil sahəsindəki digər təşəbbüsləri də müzakirə edirik. Hesab edirik ki, IE Universiteti inkişaf etməkdə olan sahələrdə aparıcı mütəxəssis mərkəzidir. Bu baxımdan IE Universiteti ilə tərəfdaşlıq etmək böyük üstünlükdür, çünki əmək bazarının və süni intellektin reallıqları gözümüzün önündə dəyişir və biz buna operativ reaksiya verməliyik”.
H.Həsənli bildirib ki, bununla əlaqədar olaraq, həm qısamüddətli, həm də dərəcə proqramlarında daha çox tələbənin təlim alması təmin ediləcək: “Eləcə də startaplarımızı və tələbə sahibkarlarımızı necə dəstəkləyəcəyimizi planlaşdıracağıq. Son üç ildə bu istiqamətdə işlərə başlamışıq və bu təşəbbüsü bundan sonra da genişləndirəcəyik”.




