İnkişafın ən sürətli yolu insan potensialına sərmayə qoymaqdır - Cəlal Qasımov
“Ölkəni daha yaxşı bir məkan halına gətirmək, iqtisadiyyatı gücləndirmək və ölkənin tərəqqisinə dəstək olmaq üçün edə biləcəyimiz əsas addımlardan biri məhz insan kapitalına sərmayə yatırmaqdır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri “PASHA Holding”in icraçı direktoru Cəlal Qasımov Azərbaycanda IE Liderlik və İnnovasiya Mərkəzinin açılış mərasimində səsləndirib.
Onun sözlərinə görə, iqtisadi artım üçün infrastruktur, texnologiya və kapital vacibdir, lakin günün sonunda qərarları insanlar verir: həmin kapitaldan, texnologiyadan və ya infrastrukturdan necə istifadə etməyi, eləcə də hansı infrastrukturu qurmağı məhz insanlar müəyyənləşdirirlər: “İnsanlar istənilən ölkənin əsas sərvətidir və iqtisadiyyatın inkişaf etməsinin ən sürətli yolu məhz insan potensialına sərmayə qoymaqdır. Təxminən bir il əvvəl IE Universitetinin prezidenti ilə müzakirələrə başladıq və bu, Azərbaycanda hansı işlərin görülə biləcəyinə dair geniş fikir mübadiləsi idi. Proaktiv yanaşma sayəsində bu ilin aprel ayında Anlaşma Memorandumu (MOU) imzaladıq”.
C.Qasımov qeyd edib ki, IE İnnovasiya və Liderlik Mərkəzi iqtisadiyyatımızın ehtiyaclarını dərindən anlayaraq bütün ölkənin maraqlarına xidmət edən proqramlar hazırlamağa davam edəcək.




