Gigiyena qaydalarına əməl etmək məktəbdə infeksiyaların yayılmasının qarşısını alır - SN

26 Oktyabr, 2026 - 13:44
Gigiyena qaydalarına əməl etmək məktəbdə infeksiyaların yayılmasının qarşısını alır

"Uşaqlıqdan düzgün gigiyena vərdişlərinin formalaşdırılması uşaqların sağlamlığının qorunması və yoluxucu xəstəliklərdən müdafiəsində mühüm rol oynayır. Əllərin düzgün yuyulması, dişlərin müntəzəm təmizlənməsi, şəxsi əşyaların təmiz saxlanması, öskürmə və asqırma zamanı gigiyena qaydalarına əməl edilməsi gündəlik həyatın bir hissəsinə çevrilməlidir".

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Epidemiologiya şöbəsinin müdiri Aygün İsmayılova bildirib.

Onun sözlərinə görə, bu vərdişlər uşaqların müxtəlif infeksiyalara yoluxma riskinin azalmasına, şəxsi təmizliyə və sağlam həyat tərzinə məsuliyyətli yanaşmanın formalaşmasına kömək edir:

“Gigiyena qaydalarına əməl olunması məktəb və digər kollektivlərdə infeksiyaların yayılmasının qarşısının alınmasında da əhəmiyyətlidir.
Valideynlər uşaqlara yeməkdən əvvəl və sonra, küçədən evə qayıtdıqda və heyvanlarla təmasdan sonra əlləri sabunla yumağı öyrətməlidirlər. Dişlərin gündə iki dəfə təmizlənməsi, dırnaqların vaxtında tutulması, şəxsi dəsmal və digər gigiyena vasitələrindən istifadə edilməsi də erkən yaşlardan aşılanmalıdır. Öskürmə və asqırma zamanı ağız və burunun salfetlə və ya dirsəyin iç səthi ilə örtülməsi də uşaqlara öyrədilməlidir”.

A.İsmayılova qeyd edib ki, gigiyena qaydaları uşağa məcburiyyət kimi deyil, gündəlik həyatın təbii bir hissəsi kimi izah edilməli, valideynlər öz davranışları ilə nümunə göstərməlidirlər:

“Yaşa uyğun sadə izahlar və müsbət yanaşma bu vərdişlərin daha asan mənimsənilməsinə kömək edir. Düzgün gigiyena vərdişlərinin erkən yaşlardan formalaşdırılması uşaqlarda öz sağlamlığına məsuliyyətli münasibətin yaranmasına və bu davranışların uzunmüddətli sağlam həyat tərzinin bir hissəsinə çevrilməsinə zəmin yaradır”.