Məktəbdə nüfuz, zorakılıq və ədalət: “Teach You a Lesson” hansı sualları gündəmə gətirir?
"Netflix"in Cənubi Koreya istehsalı olan serialı məktəbdə müəllim-şagird münasibətlərinə, təhsil hüquqlarına və müasir təhsil sisteminin üzləşdiyi problemlərə fərqli prizmadan baxmağa imkan yaradır.
Məktəb yalnız biliklərin öyrədildiyi məkan deyil. Bura həm də şəxsiyyətin formalaşdığı, qarşılıqlı hörmətin, məsuliyyətin, davranış mədəniyyətinin və sosial münasibətlərin öyrənildiyi mühüm ictimai mühitdir. Bu mühitdə müəllimin nüfuzu, şagirdin hüquqları və məktəbin təhlükəsizliyi bir-biri ilə sıx bağlıdır. Onlardan hər hansı birinin zəifləməsi bütövlükdə təhsil prosesinə təsir göstərir.
"Netflix" platformasında yayımlanan Cənubi Koreya istehsalı olan “Teach You a Lesson” serialı məhz bu məsələləri gündəmə gətirir. 2026-cı ildə tamaşaçılara təqdim olunan 10 seriyalı ekran əsəri məktəbdə zorakılıq, müəllimlərin hüquqlarının pozulması, valideynlərin müdaxiləsi, məsuliyyətsizlik və təhsil sistemindəki institusional boşluqlar ətrafında qurulub.
Serialın hadisələri ənənəvi təhsil mexanizmlərinin məktəbdə baş verən ciddi problemlərin qarşısında aciz qaldığı qondarma bir sistemdə cərəyan edir. Belə bir şəraitdə Təhsil Hüquqlarının Müdafiəsi Bürosu yaradılır. Büronun əsas vəzifəsi məktəblərdə baş verən zorakılıq hallarına müdaxilə etmək, zərərçəkənləri qorumaq və pozulmuş nizamı bərpa etməkdir.
Kim Mu-yolun canlandırdığı Na Hva-jin obrazı bu qurumun ən diqqətçəkən nümayəndələrindəndir. O, məktəblərdəki problemləri araşdırmaq və ədaləti bərpa etmək üçün göndərilən müfəttişdir. Lakin onun fəaliyyət metodu ənənəvi pedaqoji yanaşmadan xeyli fərqlənir. Serialda zorakılığa qarşı bəzən elə zorakı üsullardan istifadə olunur ki, bu da tamaşaçını əsas müzakirə mövzusu ilə üz-üzə qoyur: ədaləti bərpa etmək üçün sərhədləri aşmaq olarmı?
Məktəbdə müəllimin nüfuzu niyə vacibdir?
Serialın diqqət çəkən tərəflərindən biri müəllimin məktəb mühitindəki mövqeyinə münasibətdir. Bəzi epizodlarda müəllimlər şagirdlərin təzyiqi ilə üzləşir, tədris prosesinə müdaxilələrin qarşısında aciz qalır, valideynlərin əsassız iddiaları və təzyiqləri ilə mübarizə aparırlar. Daha ciddi hallarda isə məktəbdə zorakılıq adi davranış formasına çevrilir, zərərçəkənlər susmağa, ətrafdakılar isə baş verənlərə göz yummağa məcbur olurlar.
Bu mənzərə bir həqiqəti xatırladır: müəllimin peşəkar nüfuzu və təhlükəsiz iş şəraiti təmin edilmədən məktəbdə sağlam təhsil mühiti formalaşdırmaq mümkün deyil.
Müəllimə hörmət yalnız etik davranış məsələsi deyil. Bu, həm də tədris prosesinin normal təşkilinin, sinifdə intizamın və şagirdlərin öyrənmə hüququnun qorunmasının vacib şərtidir. Müəllimin səlahiyyətlərinin əsassız məhdudlaşdırılması, onun təzyiq qarşısında müdafiəsiz qalması yalnız pedaqoqun deyil, bütövlükdə məktəb kollektivinin fəaliyyətinə mənfi təsir göstərir.
Şagird hüquqları və məsuliyyət balansı
“Teach You a Lesson” serialının müzakirəyə açdığı digər mühüm məsələ şagird hüquqları ilə məsuliyyət arasındakı münasibətdir.
Şagird hüquqlarının qorunması müasir təhsilin fundamental prinsiplərindəndir. Lakin hüquqların qorunması məsuliyyətdən azad olmaq kimi başa düşülməməlidir. Məktəbdə hər bir şagirdin təhlükəsizliyə, ləyaqətinin qorunmasına və keyfiyyətli təhsilə hüququ olduğu kimi, digər şagirdlərin və müəllimlərin hüquqlarına hörmət etmək öhdəliyi də var.




