Ceyhun Salmanov: Kitab oxumaq uşaqların yaradıcı və innovativ düşüncəsini inkişaf etdirir

26 Oktyabr, 2026 - 16:37
Ceyhun Salmanov: Kitab oxumaq uşaqların yaradıcı və innovativ düşüncəsini inkişaf etdirir

Bu cür kitab sərgilərinin keçirilməsi olduqca əhəmiyyətlidir. Ölkəmizdə kitab və mütaliə mədəniyyətinin inkişafı istiqamətində mühüm işlər görülür, aidiyyəti qurumlar bu sahəyə öz töhfələrini verirlər. XII Bakı Beynəlxalq Kitab Sərgisi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov deyib.

Onun sözlərinə görə, övladının gələcəyini düşünən hər bir valideyn onu erkən yaşlarından kitabla tanış etməli, mütaliəyə marağının formalaşmasına diqqət yetirməlidir.

“Valideynlər övladlarını bu cür sərgilərə gətirməli, onlarda kitaba sevgi və mütaliə vərdişi formalaşdırmalıdırlar. Xüsusilə müasir texnologiyalar dövründə uşaqların vaxtlarını yalnız elektron cihazlarla keçirməməsi, kitaba da maraq göstərməsi olduqca vacibdir”, – deyə o bildirib.

C.Salmanov qeyd edib ki, mütaliə insanın yaradıcı və innovativ düşünmə qabiliyyətinin inkişafında mühüm vasitələrdən biridir. Kitab oxumaq təfəkkürü zənginləşdirir, yaradıcılıq bacarıqlarını gücləndirir və insanı yeniliklərə daha açıq olmağa təşviq edir.

“Mən də uşaqların texnologiyaya, innovasiyalara və gələcəyin çağırışlarına marağını artırmaq məqsədilə “Fazzi Robot- Yaranış” adlı kitabı qələmə aldım. Nəşrin birinci hissəsi 2025-ci ildə, ikinci hissəsi isə bu il işıq üzü görüb. Əsas məqsədimiz uşaqları texnologiyaların sürətlə inkişaf etdiyi dünyaya hazırlamaq, onlara gələcəyin insanı olmağın yollarını göstərmək, robotlar və müasir texnologiyalarla rəqabət apara biləcək bilik və bacarıqlar qazanmalarına kömək etməkdir”, – deyə sədr müavini vurğulayıb.

O, həmçinin uşaqların hərtərəfli inkişafı üçün müxtəlif sahələrə aid kitabların mütaliəsinin vacibliyini diqqətə çatdırıb.

“Texnologiya, psixologiya, yaradıcılıq və bədii ədəbiyyatla bağlı nəşrlərin oxunması uşaqların dünyagörüşünün genişlənməsinə, yaradıcı və analitik düşünmə qabiliyyətlərinin formalaşmasına mühüm töhfə verə bilər”, – deyə C.Salmanov əlavə edib.