Universitetlərin sənaye sektoru ilə əməkdaşlığı zəruridir – Vüsalə Qurbanova

27 Oktyabr, 2026 - 14:09
Universitetlərin sənaye sektoru ilə əməkdaşlığı zəruridir

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) Elm və Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edir.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Rəqəmsal səriştələrin inkişafı departamentinin müdiri Vüsalə Qurbanova deyib.

O bildirib ki, agentlik ali təhsil müəssisələrinə tədris proqramlarının təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verir. Vüsalə Qurbanovanın sözlərinə görə, universitetlərdən bu istiqamətdə çoxsaylı müraciətlər daxil olur:

“Universitetlər bizə müraciət edərək proqramlarını göndərir və həmin proqramların hazırlanmasında dəstək istəyirlər. Lakin proqramlar Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənir. Bizim müdaxilə etmək deyil, tövsiyələr vermək imkanımız var. Universitetlər bu tövsiyələrə açıq olduqda, proqramlarda müvafiq dəyişikliklər edə bilərik”.

Departament müdiri qeyd edib ki, İRİA Elm və Təhsil Nazirliyi ilə bir sıra layihələr üzərində birgə işləyir. Onun sözlərinə görə, nazirliyin “Rəqəmsal məktəb” layihəsinin həyata keçirilməsində əməkdaşlıq edilir. Həmçinin AZSET layihəsinə də agentlik tərəfindən dəstək göstərilib. Bundan başqa, universitetlərdə tədris olunan bəzi fənlər üzrə təlimlər təşkil olunur.

V.Qurbanova vurğulayıb ki, xüsusilə informasiya texnologiyaları sahəsində ali təhsil müəssisələri ilə sənaye arasında əməkdaşlıq zəruridir.

“Hər zaman sənaye nümayəndələri universitetlərin əmək bazarının tələblərinə uyğun kadr hazırlamadığını, universitetlər isə sənayenin bu prosesə kifayət qədər dəstək vermədiyini bildirirlər. Bu, hər zaman belə olub. Amma bu gün bu iki subyekti bir-birindən ayrı təsəvvür etmək mümkün deyil, xüsusilə də İT sahəsində”, – deyə departament müdiri əlavə edib.