Mütəxəssis: Süni intellektin faydası onun dəstəyi olmadan görülən işdə axtarılmalıdır
Süni intellektin təhsil prosesinə inteqrasiyası şagird və tələbələr üçün yeni imkanlar yaratmaqla yanaşı, onların düşünmə və öyrənmə vərdişləri ilə bağlı müəyyən suallar da doğurur. Bu texnologiyalar mürəkkəb mövzuların daha asan mənimsənilməsinə, məlumatların sürətli əldə edilməsinə və tapşırıqların yerinə yetirilməsinə kömək edir.
Bəs hazır cavablara asanlıqla çatmaq imkanı təhsilalanların müstəqil araşdırma aparmaq, təhlil etmək və nəticə çıxarmaq bacarıqlarına necə təsir göstərir?
Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan Pekin Pedaqoji Universitetinin təhsil texnologiyaları üzrə tədqiqatçısı Murad Əliyev bildirib ki, təhsilin məqsədi yalnız tapşırığı düzgün yerinə yetirmək deyil, onun həllini başa düşmək və öyrənilənləri başqa vəziyyətdə tətbiq etməkdir. Müstəqil düşünmə haqqında danışarkən süni intellektdən istifadənin özündən çox, şagirdin hansı qərarları özü verdiyinə baxmaq lazımdır. Son illərdə aparılan tədqiqatlar da texnologiyanın köməyi ilə əldə olunan yüksək nəticə ilə insanın qazandığı bacarığın həmişə eyni olmadığını göstərir.
Hamsa Bastani və həmkarlarının (2025) riyaziyyat üzrə araşdırmasında çatbotdan istifadə edən şagirdlər dərsdə verilən tapşırıqları daha yaxşı yerinə yetirmişlər. Lakin sonradan süni intellektdən istifadə etmədən imtahan verərkən onların nəticələri bu vasitədən istifadə etməyən şagirdlərin nəticələrindən aşağı olub. Hazır həlli vermədən şagirdi istiqamətləndirmək üçün hazırlanmış başqa alətdə isə bu mənfi təsir əsasən aradan qalxıb.
Ekspert bildirib ki, Qlikman və Şarotun 2025-ci ildə apardığı digər bir eksperimentdə süni intellektin insanın mühakimələrinə təsiri araşdırılıb və sistemdəki müəyyən səhvlərin onunla ünsiyyətdən sonra iştirakçıların qərarlarında da artdığı müəyyən edilib:
“Lakin düzgün işləyən sistemlə ünsiyyət mühakimələri yaxşılaşdıra bilmişdir. Deməli, problem sadəcə texnologiyaya etibar etmək deyil, bu etibarın hansı əsasla yaranmasıdır. Şagirdin sistemlə razılaşması da özlüyündə asılılıq sayılmamalıdır; əsas məsələ onun bu razılığı dəlillə və öz sözləri ilə izah edə bilməsidir. Şagird doğru izahla yanlış izahı ayırmaq üçün biliyə malik deyilsə, ondan “cavabı yoxlamağı” istəmək kifayət etməz. Belə halda yoxlama tapşırığı müstəqil düşünmədən çox şagirdin hələ öyrənmədiyi biliyi tələb edər. Müəllim əvvəlcə meyarları nümunələrlə açıqlamalı, sonra şagirdin həmin meyarlarla qərar verməsinə şərait yaratmalıdır.
Bu məsələ müəllimin süni intellektlə hazırladığı dərsə də aiddir. Plan səbəbləri sadalayır, onları müqayisə edir və nəticəni təqdim edirsə, şagirdin iştirakı hazır izahı mənimsəməklə məhdudlaşa bilər. Halbuki məqsəd səbəb əlaqəsi qurmaqdırsa, həmin əlaqəni müəyyənləşdirmək işini şagird görməlidir. Burada texnologiyanın rolu birbaşa deyil: sistem plan hazırlayır, müəllim onu qəbul edir, bu seçim isə şagirdin görəcəyi işi müəyyənləşdirir. Beləliklə, şagird özü sistemdən istifadə etmədən də düşünmək imkanının azaldığı dərsdə iştirak edə bilər. Bu, süni intellektin qaçılmaz təsiri deyil, planın necə qəbul olunması ilə bağlı yoxlanmalı ehtimaldır; eyni problem müəllimin özü hazırladığı dərsdə də yarana bilər”.
M. Əliyevin sözlərinə görə, yüksək təfəkkür səviyyələrinə yönələn dərsin planlaşdırılmasında yardımın məzmunu ilə vaxtı birlikdə nəzərdən keçirilməlidir:
“Şagird əvvəl öz izahını hazırlayırsa, sonrakı rəyi müqayisə edəcəyi mövqeyi olur. Hazır izah əvvəl verildikdə isə son cavabın onun öz qənaəti, yoxsa təqdim olunan fikrin təkrarı olduğunu ayırmaq çətinləşə bilər. Ancaq əvvəlcə müstəqil cəhd tələb etmək də hər vəziyyətdə faydalı deyil. Mövzunu anlamayan şagirdə ilkin izah lazımdır. Müəllim buna görə anlamaq üçün lazım olan köməklə şagirdin özü araşdırmalı olduğu nəticəni fərqləndirməlidir.
Müəllim təlimlərində belə fərqlərin hazır planlar üzərində araşdırılması daha məqsədli müzakirə yarada bilər. Təhlilin əsas sualı “planda neçə fəaliyyət var?” deyil, “bu fəaliyyətlərdə şagird hansı qərarı verir?” olmalıdır. Məsələn, iki hadisənin hazır müqayisəsini oxumaqla mənbələr əsasında müqayisə aparmaq eyni işi tələb etmir. Müəllim planı dəyişdirərkən lazımi məlumatı saxlayıb, həmin məlumatdan nəticə çıxarmağı şagirdə tapşıra bilər. Əks halda, “fəal dərs” adı altında sadəcə yeni sualların sayı arta, şagirdin özü verdiyi qərarların sayı isə dəyişməz qala bilər. Belə təlim texniki istifadə bacarığını dərsin məqsədi ilə əlaqələndirər. Bu təklif məlumatla tanış olmaqla onun əsasında yeni izah qurmağı fərqləndirən nəzəri yanaşmaya söykənir. Müəllim təliminin nəticələri isə ayrıca araşdırılmalıdır”.
Həmsöhbətimiz vurğulayıb ki, planın dəyişdirilməsinin faydası şagirdin sonrakı müstəqil fəaliyyətinə əsasən də qiymətləndirilməlidir:
“Şagird dərsdə əsaslandırılmış cavab versə belə, bu cavab müəllimin və sistemin davamlı yönləndirməsindən asılı ola bilər. Ona görə qiymətləndirmədə yeni materialla işləmək, seçimini izah etmək və bunu süni intellektdən istifadə etmədən bacarmaq yoxlanmalıdır. Burada yalnız düzgün nəticə deyil, həmin nəticəyə aparan yolun izahı da vacibdir; təsadüfi düzgün cavab anlayışı göstərməyə bilər. Müəyyən müddət sonra oxşar tapşırığın verilməsi öyrənilənlərin yadda qalıb-qalmadığını anlamağa kömək edər. Belə qiymətləndirmə müəllimin dərsi necə planlaşdırması ilə şagirdin müstəqil fəaliyyəti arasında əlaqəni araşdırmağa imkan verər. Süni intellektin faydası da onunla hazırlanmış cavabın keyfiyyətindən əlavə həmin dəstək olmadan görülən işdə axtarılmalıdır”.




