"Biz həmişə inanırdıq ki, Qubadlı işğaldan azad olacaq"
25 oktyabr işğaldan azad edilən Qubadlının yenidən doğulduğu gündür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi qeyd edilir.
Vətən müharibəsinin gedişində Rəşadətli Ordumuzun nəzarətinə keçən şəhər hazırda "Yaşıl enerji" və “Ağıllı şəhər” konsepsiyası əsasında yenidən qurulur.
Əbədiləşən tarixi gün məktəblərdə təntənəli şəkildə qeyd edilir, şagirdlərə bu günün əhəmiyyəti barədə ətraflı məlumat verilir. Elə Hafiz Quliyev adına texniki fənlər təmayüllü Çaytumas məktəb-liseydə də bu əlamətdar gün münasibətilə tədbir keçirilib.
"Azərbaycan müəllimi" adıçəkilən məktəb-liseydə keçirilən tədbirdə iştirak edib. şagirdlər və müəllimlərlə həmsöhbət olub.
Doğma yurda sevgisi azalmayan Qubadlı sakini
Məktəb-liseyin akt zalına tələsən şagirdlər tədbirə gecikmək istəmirlər.
Tədbirə başlamazdan əvvəl məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevil Məmmədova ilə söhbət edirik.
Sevil müəllim 1993-cü il Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. Elə həmin ildən Çaytumas məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyətə başlayıb.Deyir ki, doğma yurddan ayrı düşmək yalnız evini itirmək deyil. Bu, uşaqlıq xatirələrindən, ata-baba ocağından, doğma kəndin havasından, yurdundan və insanlarından uzaq düşmək deməkdir: “Mən Qubadlı rayonunun Çaytumas kənd sakini kimi doğma torpaqlarımızın həsrətini illər idi ki, qəlbimdə daşıyırdım. Biz həmişə inanırdıq ki, bir gün gələcək və Qubadlı işğaldan azad olacaq.
Nəhayət, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqımızın tarixində yeni bir səhifə açdı. Azərbaycanın Müzəffər Ordusu Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azadlığı uğrunda böyük qəhrəmanlıq göstərdi. 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi xəbərini eşidən xalqımız böyük sevinc və qürur hissi keçirdi. Bu, uzun illər davam edən həsrətin sona yaxınlaşmasının, tarixi ədalətin bərpasının müjdəçisi idi. Qubadlının azad olunması təkcə bir şəhərin azad edilməsi deyil.Bu, xalqımızın birliyinin, ordumuzun gücünün, əsgər və zabitlərimizin qəhrəmanlığının təntənəsi idi. Biz bir daha gördük ki, Vətən sevgisi, milli birlik və qətiyyət qarşısında heç bir çətinlik dayana bilməz. Bu zəfər şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və əsgərlərimizin misilsiz igidliyi hesabına qazanıldı. Onların hər biri xalqımızın yaddaşında əbədi yaşayacaq".
Müsahibimiz Qubadlı haqqında danışarkən həm kövrəlir, həm də böyük qürur hissi keçirir.Kövrəlir, çünki illərlə doğma torpaqlarımızın həsrəti ilə yaşayıb. Qürurludur, çünki bu gün Azərbaycan bayrağı azad Qubadlıda dalğalanır: “Doğma yurdumuz yenidən canlanır, kəndlərimiz abadlaşır, həyat öz axarına qayıdır. Bizim ən böyük arzumuz doğma torpaqlarımızda əmin-amanlıq içində yaşamaq, gələcək nəsillərə azad və güclü Azərbaycanı miras qoymaqdır. Bəli, bu gün Qarabağ torpaqları işğaldan azadlıqdadır, Bu gün biz çox sevinirik, fərəhliyik, çünki Qubadlı azaddır".
Qubadlının gələcəyi olan gənclər
Tədbir başlayır. İştirakçılar Qubadlının azadlıq tarixi haqqında verilən məlumatları diqqətlə dinləyirlər. Çıxışı olacaq hər bir şagird həyəcanlıdır. Qubadlını görməsələr də onun azadlıq tarixinin şahidləridirlər.
Çıxışa qədər şagirdlərlə söhbət edirik. Səadət Süleymanova, Nurgün Allahverənova bu il məzun olacaqlar. Onların hər birinin gələcəklə bağlı arzuları var. Ən əsası yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.
Səadət doğma yurdunu görməsə də ətrafda olan insanların söhbətlərindən məlumatlı olduğunu söyləyir: "Qubadlını görməsəm də, məktəb müəllimlərindən, tarix dərslərindən aldığım məlumatlarla dogma yurdumu görmüş kimiyəm. Valideynlərimin hər ikisinin uşaqlıq illəri Qubadlıda keçib”.
Nurgün Qubadlıda fərqli ideyalar həyata keçirmək, öz düşüncələrini dizaynlarında əks etdirmək istəyir.Gələcəkdə Qubadlıya qayıdaraq doğma bölgəsinin inkişafına töhfə vermək arzusundadır.
Bu Vətən eşqli gəncləri səhnəyə yola salıb, balaca fidanların da fikirlərini öyrənirik.
Qürur və sevinc dolu çıxışlar
Əsma İsmayılzadə və Zeynəb İsmayılova hər ikisi IV sinif şagirdləridir. Əsma gələcəkdə hüquqşünas olmaq istəyir. Arzusu insanlara faydalı olmaq, Qubadlının qurulmasında iştirak etməkdir
Zeynəb Vətənin ikinci ana olduğunu, Qubadlını görməsə də sevgisinin hər zaman olduğunu deyir. "Qubadlının azad edilməsini eşidəndə çox sevindim. İbtidai sinif müəllimi olub Qubadlıda işləməyi düşünürəm. Sevimli müəllimimin mənə öyrətdiklərini, Vətən sevgisini uşaqlara öyrədəcəyəm”.
Çıxışlarlar başlayır, səhnəciklər nümayiş etdirilir. Bu tədbirə hər bir şagird diqqətlə, məsuliyyətlə hazırlaşıb. Tədbir yekunlaşır. İştirakçıların alqışları akt zalını bürüyür.
“Bu torpağın hər qarışı tariximizi, mədəniyyətimizi və milli kimliyimizi yaşadır”
Tədbir yekunlaşır. İştirakçıların alqışları akt zalını bürüyür. Onları uğurlu çıxışlarına görə Azərbaycan dili və ədəbiyyat müəllimi Dürdanə müəllim təbrik edir. Gələcəyin Vətəni sevən gəncliyə əmanət olduğunu bildirir. O da işğal nəticəsində həyatı yarım qalmış Qubadlı sakinlərdəndir. İşğalla əlaqədar olaraq təhsilini əvvəlcə Mingəçevir şəhərində, sonra isə Sumqayıt şəhərində yerləşən 30 nömrəli tam orta məktəbdə davam etdirib. Ali təhsilini Bakı Dövlət Universitetində alıb. 2007-ci ildən isə Çaytumas məktəbində pedaqoji fəaliyyətə başlayıb.
Deyir ki, müəllimin missiyası şagirdlərə Vətən tarixini dəqiq və məsuliyyətlə öyrətmək, şəhidlərin xatirəsinə hörmət və milli dəyərlərə bağlılıq aşılamaq, sülhün, birliyin, quruculuğun əhəmiyyətini izah etməkdir: "Qubadlı mənim düşüncələrimdə xəritədə bir şəhər deyil, o doğma yurd həsrətimizin, xalqımızın dözümünün, azadlıq arzusunun bir rəmzidir. Bu torpağın hər qarışı tariximizi, mədəniyyətimizi və milli kimliyimizi yaşadır. Məcburi köçkün olanda 10 yaşım var idi. Qubadlı mənim uşaqlıq xatirələrimdədir”.
Bu gün həmin torpaqlarda həyat yenidən qurulur
Bəli, Qubadlının azad olunması uzun illər doğma yurduna qayıtmaq arzusu ilə yaşayan insanların ümidlərini yenidən alovlandırdı. Bu gün həmin torpaqlarda həyatın yenidən qurulması, bərpası, quruculuq işlərinin aparılması qubadlılıların gələcəyə olan inamını daha da gücləndirir.




