Evlərinə raket düşən qız necə “Maarifçi” oldu? 

27 Oktyabr, 2026 - 11:43
Evlərinə raket düşən qız necə “Maarifçi” oldu? 

“Bəzən bir insanın həyat hekayəsi onun doğulduğu yerdən başlayır, mənimki məcburi köçkünlərin sığınacağı olan "Türk Kızılayının" çadır şəhərciyindən”.

Özü belə başlayır hekayəsinə. Ancaq məncə, onun hekayəsi oktyabrın 27-də - müharibə qaydalarının növbəti dəfə pozulmasının qeydə alındığı o tarixdə, qaynar cəbhə xəttindən kilometrlərlə arxada “Smerç” raketlərindən birinin həyətinə sancıldığı o evdən başlayır. 

Söz vaxtına çəkər, xatırlayırsınızsa, 6 il əvvəl oktyabrın 27-də Bərdədə dinc əhali vuruldu. O gün zərərçəkənlər amansız müharibənin arxa cəbhədə sərt üzünü görən mülki insanlar idi. Ölənlərdən biri də 7 yaşlı qızcığaz – Aysu oldu.

Bərdənin Alpout kəndində sığınacaq tapan bir ailə də o qurbanlardan ola bilərdi. Tarixdə ermənilər üçün ləkə olan hadisənin yaratdığı böyük qorxu və həyəcanı həmin ailə də yaşadı. Amma onlar Aysudan fərqli olaraq fələkdən bir fürsət qoparıb, fəlakətdən yayına bilmişdilər. Başqa bir məktəbli qızın böyüdüyü o həyətin ortasında düz torpağın bağrına saplanan raket partlamamışdı...
O gün “Smerç” raketlərindən biri partlamadı və nəticədə 7 yaşlı Aysunun hekayəsinin bitdiyi Bərdə torpaqlarında Aynişanın hekayəsi başladı.

“O vaxt qorxudan dilim və ayaqlarım tutulmuşdu”

Aynişan kimdir?

Aynişan Zeynalova Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən “Maarifçi” tələbə-məzun proqramının iştirakçılarından biridir. Hazırda Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində təcrübə keçir. O gün isə Ağdam rayonundan olan məcburi köçkün Zeynalovlar ailəsinin həddi-büluğa çatan qızı, Ağdam rayon 14 nömrəli Texniki fənlər təmayüllü məktəb-liseyin buraxılış sinfinin şagirdi idi. Arzuları vardı: böyümək, ali məktəb tələbəsi olmaq, sonra çalışmaq... Yaşamaq üçün çox səbəbləri və o səbəbləri gücləndirən planları vardı. Axı hələ IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçılarından biri olacaqdı. Amma hələ çəkiləcək çiləsi vardı, pandemiya vardı, müharibə vardı...

Köçkünlük üstünə köçkünlük

Müharibə başlayanda yenidən məcburi köçkün oldular. Məcburi köçkün yenidən məcburi köçkün olarmı heç? Aynişangil oldular: “Ağdam rayonunda Dördyol qəsəbəsində yaşayırdıq. Müharibə başlayanda cəbhəyə yaxın olduğuna görə Dördyoldan Bərdənin Alpout kəndinə köçdük”.

İşə bax ki, oktyabrın 27-də həm Qarayusifli, həm də Alpout kəndlərinə raketlər düşdü. “Həyətimizə raket düşəndə dilim və ayaqlarım tutulmuşdu”.

Dili söz, ayağı yer tutmayan bir qız o vəziyyətdən necə çıxdı, bilirsiniz? “Müharibədən sonra məktəblərdə şagirdlərin psixoloji vəziyyətinin bərpası üçün xüsusi hazırlıq proqramları təşkil olundu”, - deyir. Təbii ki, onu da cəlb ediblər. Mütəxəssislər bir partlamayan raketin qorxusunu onun gözlərindən silənə qədər kim bilir nə yollara baş vurublar.

Qaranlıqda işığı görə bilmək

Silə biliblərmi? Məncə, yox. Aynişan o gündən bəri hər gün axşam yatmadan öncə də, səhər oyananda da özündən soruşur: “O raket partlasaydı, nə olardı?”.

Amma onun nə partlayıb biri 7 yaşlı qızcığaz Aysu olmaqla 5 insana məzar açan raketlərin, nə də partlamasa belə, ona ağır gələn və düşüncəsində ömürlük cavabı olmayan “Əgər partlasaydı...” ehtimalı buraxan raketin zərbəsindən təsirlənib psixoloji çarəsizliyə düşməyə vaxtı vardı. Onu böyük hədəflər, hədəfə gedən uzun bir yol gözləyirdi. Həmin gün o, “pandemiya” və “müharibə” adlı qaranlıqda olsa da, yolun sonundakı işığa baxmağa üstünlük verdi. Baxdı və gördü.

Nəticə göz qabağındadır, elə deyilmi?

“Həm pandemiyanın, həm də müharibənin yaratdığı ağır psixoloji yükə baxmayaraq, qarşımızda bizi həyatımızın ən vacib mərhələlərindən biri – universitetə qəbul imtahanları gözləyirdi”, - deyən gənc “Maarifçi” deyir ki, kitablara sarılıb və 2021-ci ilin ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarından uğurla çıxaraq Bakı Slavyan Universitetinin Xarici dil müəllimliyi fakültəsinə qəbul olunub.

“İnsan ilk müəllimini heç vaxt unutmur”

Qısa müddət ərzində universitetin ən fəal tələbələrindən birinə çevrilib. Tədbirlər təşkil edib, forumlarda, təlimlərdə, seminar və layihələrdə universitetini təmsil edib, könüllü hərəkatına qoşulub. 

İndi deyəcəksiniz ki, Bərdədən dünən gələn bir qız bu qədər işi görəcək bacarıqlara harada yiyələnib? Bu marağımızın elə də gözlənilməz olmayan bir cavabı var: onu Azərbaycan məktəbi, Azərbaycan müəllimləri yetişdirib: “İlk müəllimim və sinif rəhbərim Rahilə Qasımova olub. Deyirlər ki, insan ilk müəllimini heç vaxt unutmur. Mən də Rahilə müəllimi təkcə ilk müəllimim kimi deyil, həyatımda iz qoyan insanlardan biri kimi xatırlayıram”.

Rahilə müəllim onun əlini tutduğu gündən heç buraxmayıb, o buraxanda başqa müəllim yapışıb. Həyatda addım-addım, təhsildə səviyyə-səviyyə, pillə-pillə irəlilədiblər. Məktəbə gəldiyi gündən tədbirlərə aparıcılıq edib, monoloqların ifaçısı olub, səhnəciklərdə yer alıb, şeirlər söyləyib: “Hər dəfə səhnəyə çıxanda özümü daha da inamlı hiss edirdim. Bu gün insanların qarşısında sərbəst çıxış edə bilməyim, auditoriyanı idarə etməyim və natiqlik bacarığımın formalaşması məhz məktəb illərində atılan ilk addımların nəticəsidir. Məktəb illərində formalaşan natiqlik bacarığım universitetdə də öz bəhrəsini verdi. Bakı Slavyan Universiteti və onun Məzunlarla İş və Karyera Mərkəzinin birgə təşkil etdiyi, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Mən fəxr edirəm ki, azərbaycanlıyam" adlı natiqlik müsabiqəsində iştirak etdim və I yerə layiq görüldüm. Həmin gün səhnədə dayanarkən ilk müəllimimin illər öncə mənə verdiyi inamı xatırlayırdım”.

Arzuları gerçəyə çevrilir

Lakin bu yolun ən böyük uğurları hələ qarşıda idi: “Beynəlxalq layihələr, “Erasmus+” proqramı, Türkiyədə keçirilən təlimlər və Gənclər və İdman Nazirliyinin Düşərgə Lideri adına layiq görülməyim həyatımın ən yaddaqalan səhifələrinə çevrildi”.
Sonra intensiv təlim proqramlarına qatılaraq liderlik, komanda idarəçiliyi, layihələrin planlaşdırılması və gənclərlə iş sahəsində praktiki biliklər əldə edib. İctimai fəaliyyətini də, əmək fəaliyyətini də paralel şəkildə inkişaf etdirib. Müxtəlif dövrlərdə həm başqalarının təhsil və inkişafına dəstək göstərib, həm də öz inkişafını təmin edib: “Qazandığım təcrübələr mənə həm idarəçilik, həm də insanlarla ünsiyyət sahəsində dəyərli bacarıqlar qazandırdı”.

“Maarifçi” oldu: “Bu uğur mənim üçün, sadəcə bir proqramın qalibi olmaq deyildi, illərlə çəkdiyim zəhmətin, inamın və heç vaxt təslim olmamağın nübarı oldu”

İndi isə yeni mühitdə bir dövlət qulluqçusu kimi özünü sınayır, yəni “Maarifçi”dir və onu bu böyük məqsədə təhsil sahəsinə olan marağı çatdırıb: “Maarifçi" tələbə-məzun proqramına ilk dəfə 2025-ci ildə qoşuldum. İmtahan mərhələsində 60 mümkün baldan 48 bal topladım. Lakin müsahibə mərhələsinə keçə bilmədim. Bu nəticə məni ruhdan salmadı, əksinə, daha çox çalışmağım üçün motivasiya verdi. Öz üzərimdə işlədim, biliklərimi artırdım və bir il sonra yenidən müraciət etdim. Bu il keçirilən imtahanda maksimum 60 baldan 56-sını topladım və müsahibə mərhələsinə vəsiqə qazandım. Müsahibəni də uğurla keçərək minlərlə namizəd arasından seçilən 53 “Maarifçi”dən biri oldum. Bu uğur mənim üçün, sadəcə bir proqramın qalibi olmaq deyildi, illərlə çəkdiyim zəhmətin, inamın və heç vaxt təslim olmamağın nübarı oldu”.

Zəhmətinin ilk meyvəsini yeyən hər insan kimi o da xoşbəxtdir. Bu xoşbəxtliyin təsiri ilə daha böyük məqsədlərə çatmasının xəyalını qurur: “Mənim əsas məqsədim yalnız öz karyeramı qurmaq deyil, Azərbaycan təhsilinin inkişafına, gənclərin maariflənməsinə və gələcək nəsillərin daha keyfiyyətli təhsil almasına töhfə verməkdir”.

Qarabağın gələcəyinə xidmət edən yolun başındadır

"Əgər o raket partlasaydı", sualı bu dəfə mənim beynimi gəmirir. “Smerç” haqqında oxuyuram ki, 7 metrdən azacıq böyük olan bu raket əgər partlasaydı, içərisindəki 72 ədəd qəlpə ətrafa dağılıb sərt səthləri belə, evin damını da, orada yaşayanları da dəlik-deşik edəcək, Aynişan böyük ehtimalla 27 oktyabr tarixinin qurbanlarından – məktəbli şəhidlərindən biri olacaqdı.

Xoşbəxtlikdən, bu baş verməyib. İndi Aynişanın gedəcək uzun bir yolu, çatacağı böyük hədəfləri var. O, hədəflərə köklənib, amma arada dönüb geriyə də baxır: “Geriyə dönüb baxanda anlayıram ki, çadır şəhərciyindən başlayan yolumun davamı var. Çünki qarşıma çıxan hər çətinlikdən möhkəmlənərək çıxmışam, hər uğursuzluq yeni uğurlarımın başlanğıcı olub. İnanıram ki, insanın harada doğulması deyil, haraya doğru irəliləməsi onun həyatını müəyyən edir. Mənim yolum çadır şəhərciyindən başlayıb, amma məqsədim Azərbaycan təhsilinə, gənclərinə və doğma Qarabağımın gələcəyinə xidmət etməkdir. Bu yol isə hələ yeni başlayır”.