Rəsul Ağayev: Düzgün və ədalətli qiymətləndirmə şagirdi daha çox çalışmağa təşviq edir – MÜSAHİBƏ
Şagirdlərin bilik və bacarıqlarının düzgün qiymətləndirilməsi tədris prosesinin əsas tərkib hissəsidir.
Təhsil mütəxəssisi Rəsul Ağayev məsələ ilə bağlı “Azərbaycan müəllimi”nə müsahibə verib.
– Rəsul müəllim, şagirdin bilik və bacarıqları necə qiymətləndirilməlidir? Qiymətləndirilmə hansı meyarlara uyğun aparılmalıdır?
– Biz şagirdi sadəcə “imtahan suallarına cavab verən” deyil, həm də “düşünən, araşdıran, yaradıcı və əməkdaşlıq qabiliyyəti olan” fərd kimi görməliyik. Qiymətləndirmə də bu hədəfə uyğun olmalıdır. Məktəblərdə şagirdlərin biliyinin düzgün qiymətləndirilməsi ümumi tədris prosesinin səmərəliliyini təmin edən əsas meyarlardan biridir. Belə ki, qiymətləndirmə bir tərəfdən şagirdlərin əldə etdikləri bilik və bacarıqların real səviyyəsini müəyyən etməyə, digər tərəfdən isə müəllimlərin tədris metodlarını daim təkmilləşdirməyə imkan verməlidir. Çünki düzgün və ədalətli qiymətləndirmə şagirdi daha çox çalışmağa təşviq edir, onda daxili motivasiyanı gücləndirir və sağlam rəqabəti dəstəkləyir. Bu həm müəllim, həm də valideyn üçün əsas göstərici rolunu oynayır.
Meyarlara gəldikdə qiymətləndirmə valid, etibarlı və obyektiv olmalıdır: ölçülən nəticənin həqiqətən öyrənilən bilik və bacarığı əks etdirməsi validliyi, nəticələrin sabit və inandırıcı olması etibarlılığı, subyektiv amillərin minimuma endirilməsi, şəffaf və ədalətli qaydada aparılması obyektivliyi təmin edir. Ona görə də təkcə qapalı testlərə bağlı qalmamalıyıq; yazılı esselər, layihələr, praktiki işlər, təqdimatlar da qiymətləndirilməyə cəlb olunmalıdır. Şagirdə əvvəlcədən “nəyə görə bal yığacağını” anlatmaq üçün aydın rubrikalar verilməlidir. Eləcə də qiymətləndirmədən alınan nəticələr sadəcə qiymət kimi qalmamalı, dərhal müvafiq addımların atılması üçün geridönüş vasitəsinə çevrilməlidir.
– Məktəblərdə Kiçik Summativ Qiymətləndirmələr (KSQ-lər) və Böyük Summativ Qiymətləndirmələr (BSQ-lər) keçirilir. Bəzən müəllimlər bundan narazılıq edirlər. Bunda haqlıdırlarmı? Qiymətləndirmə modeli dəyişməlidirmi, yoxsa mövcud model effektivdir?
– KSQ və BSQ-lər son illərdə xüsusi aktuallıq kəsb edir. Bu iki qiymətləndirmə forması, ümumilikdə, summativ qiymətləndirmənin tərkib hissəsi kimi şagirdlərin müəyyən dövr ərzində əldə etdikləri bilik və bacarıqları ölçməyə xidmət edir. Ancaq bu sistemin effektivliyi, faydası və real nəticələri barədə müxtəlif yanaşmalar mövcuddur. Bəzi hallarda müəllimlərin narazılığı haqlıdır. Çünki KSQ və BSQ-lərin sayı, çox sayda sənədləşmə, davamlı yaranan imtahan stresi, eləcə də imtahanın formatı, test tərtib edən müəllimlərin bu sahədə təcrübəsizliyi, hər bir məktəbdə hər bir müəllim tərəfindən fərqli yanaşmalar və subyektivlik halları, tapşırıqların keyfiyyəti və qiymətləndirmə meyarları ilə bağlı problemlər olur.
Ancaq bütövlükdə “il boyu müxtəlif dövrlərdə aralıqlarla həyata keçirilən summativ qiymətləndirmə” yanaşması faydalıdır: yəni şagird yalnız ilin sonunda bir dəfə qiymətləndirilməklə məhdudlaşmır, aralıq mərhələlərdə aldığı tapşırıqlardan, testlərdən, imtahanlardan və ya təqdimatlardan topladığı ballar da onun yekun qiymətinə daxil olur. Bu cür yanaşma şagirdin ilboyu necə inkişaf etdiyini, hansı mövzuda çətinlik çəkdiyini daha aydın göstərir, müəllimə vaxtında müdaxilə etməyə imkan yaradır və yekunda şagirdin ümumi nailiyyətlərini daha obyektiv əks etdirir.
Effektivliyə gəlincə modeli optimallaşdırmaq lazımdır: məsələn, sayını, keçirilmə tezliyini və formatını optimallaşdırmaq, onlara formativ qiymətləndirmə ünsürləri qatmaq, müəllimlərə həm metodik, həm də texnoloji dəstək vermək, vahid rubrikalarla şəffaflığı artırmaq olar. Bu halda həm müəllimin iş yükü azalır, həm də nəticələrin keyfiyyəti yüksəlir.
– Şagirdin bilik və bacarığının düzgün qiymətləndirilməsi nə üçün vacibdir?
– Şagirdin bilik və bacarıqlarının düzgün qiymətləndirilməsi tədris prosesinin keyfiyyətini və bütövlükdə təhsil sisteminin səmərəliliyini müəyyən edən əsas faktorlardan biridir. Bu proses təkcə şagirdin nəyi bildiyini ölçməklə kifayətlənmir, həm də onun öyrənmə potensialını və gələcək inkişaf istiqamətlərini aşkara çıxarır.
Qiymətləndirmə nəticələrinə əsasən, şagird real geridönüş (feedback) alır, öz çatışmazlıqlarını görür, harada nəyi düzəltməli olduğunu aydın görür və növbəti addımda daha planlı şəkildə irəliləyə bilir, özünəinam qazanır. Müəllim də real mənzərəni dərk edib hansı mövzulara yenidən qayıdacağını dəqiq bilir. Düzgün qiymətləndirmə nəticəsində “subyektiv münasibət” kimi şübhələr aradan qalxır, uşaqların, valideynlərin və cəmiyyətin məktəbə inamı artır.
Ümumən, təhsil siyasətinə dair düzgün və əsaslı qərarlar qəbul etməyə imkan verir: hansı sahəyə daha çox resurs ayırmalı, nəyi inkişaf etdirməli və gələcəkdə bu prosesə necə yanaşmalı kimi suallara cavab vermək üçün obyektiv qiymətləndirmə nəticələri vacibdir.
– Xaricdə, beynəlxalq səviyyədə şagird qiymətləndirilmələri ilə bağlı təcrübə necədir? Siz daha çox hansı modeli effektiv hesab edirsiniz?
– Şagird qiymətləndirilməsində dünya miqyasında müxtəlif yanaşmalar mövcuddur. Hər bir ölkənin milli təhsil strategiyası, tarixi, mədəni konteksti, maddi-texniki imkanları və təhsil islahatlarının mərhələləri qiymətləndirmə modelinin formalaşmasına təsir edir. Bununla belə, beynəlxalq səviyyədə uğurlu hesab olunan və geniş yayılmış bəzi ortaq yanaşmalar və meyarlar da vardır. Məsələn, Skandinaviya ölkələrində (xüsusən Finlandiya və İsveçdə) formativ və şagirdyönümlü qiymətləndirmə dominantdır. Böyük Britaniya və ABŞ-də layihə əsaslı qiymətləndirmə, portfolio, esse, praktiki iş və tədqiqat mövzularına dair təqdimatlar fənlərin qiymətləndirilməsində daha çox yer almağa başlayıb. Asiya ölkələridə (xüsusən Sinqapur, Cənubi Koreya və Yaponiyada) riyazi və təbiət elmləri suallarında problemyönümlü, məntiqi düşünməyə əsaslanan tapşırıqlar üstünlük təşkil edir, təhsilin erkən mərhələlərindən etibarən daha çox layihələrə və komanda işlərinə yer verilir.
Ümumilikdə, artıq çoxsaylı ölkələr yalnız bilikləri yox, eyni zamanda praktik bacarıqları, tənqidi düşüncə, problem həlli, kommunikasiya və əməkdaşlıq kimi XXI əsr kompetensiyalarını da qiymətləndirməyə çalışır. Bu məqsədlə layihə əsaslı tapşırıqlar, təqdimatlar, qrup işləri, real həyatdan götürülən situasiyalar və s. istifadə olunur.
Eləcə də PISA, TIMSS, PIRLS kimi beynəlxalq qiymətləndirmə layihələri ölkələrə öz şagirdlərinin nailiyyətlərini müqayisə etməyə və təhsil strategiyalarını təkmilləşdirməyə imkan yaradır. Bu tədqiqatlarda oxu, riyaziyyat, təbiət elmləri üzrə tənqidi və analitik düşünmə qabiliyyətləri xüsusi vurğulanır. Bu da öz növbəsində milli sistemləri də qiymətləndirmə modellərini gözdən keçirməyə, daha səmərəli yanaşmalar axtarmağa sövq edir.
Mənim tövsiyə etdiyim və effektiv hesab etdiyim model məktəbin resurslarına, şagirdlərin yaş xüsusiyyətlərinə və milli kurikulumun tələblərinə uyğunlaşdırılmış “Balanslaşdırılmış model”dir, yəni formativ qiymətləndirməni (dərs boyu davamlı müşahidə və geridönüş, sinif diskussiyaları, layihə tapşırıqları, şifahi qiymətləndirmə, yazılı esselər, praktiki işlər və s.) summativ qiymətləndirmə (yazılı test, yarımillik / illik imtahanlar, layihə müdafiələri və s.) ilə tarazlayan, şagirdin hərtərəfli potensialını ölçməyi hədəfləyən model daha məqsədəuyğundur. Şagird bir tərəfdən proses boyunca dəstəklənir, digər tərəfdən yekun imtahan, test və ya layihə vasitəsilə “haraya gəldiyini” dəqiq görür. Bu, öyrənməni həm maraqlı, həm də məqsədyönlü edir.



