“Edinburq” Universitetində çalışan azərbaycanlı professor: Maliyyə, data və texnologiya gələcəyin dili olacaq

2 Dekabr, 2025 - 22:49
“Edinburq” Universitetində çalışan azərbaycanlı professor: Maliyyə, data və texnologiya gələcəyin dili olacaq

Maliyyə sahəsində beynəlxalq təcrübəyə malik azərbaycanlı alim Xaləddin Rzayev hazırda “Edinburq” Universitetində maliyyə üzrə professor kimi çalışır, həmçinin Türkiyənin “Koç” Universitetində maliyyə sahəsində dərs deyir. O, eyni zamanda Edinburq Maliyyə İnnovasiyaları Mərkəzinin həmsədridir.

"Azərbaycan müəllimi" Xaləddin Rzayevin AZƏRTAC-a verdiyi müsahibəni təqdim edir.

O, akademik yolunun başlanğıcı, iki ölkədə paralel dərs deməyin özəllikləri, Britaniya universitetində müəllimlik təcrübəsi, maliyyə sahəsində təhsilin üstünlükləri və azərbaycanlı tələbələrə tövsiyələrindən söz açır. Həmçinin həyat yoldaşı, “Queen Margaret” Universitetində MBA proqramının yaradılmasına rəhbərlik edən Nərmin Məmmədova ilə eyni sahədə çalışmağın gündəlik həyata və motivasiyaya təsirindən danışır.

- Artıq bir neçə ildir Böyük Britaniyada yaşayırsınız. Buraya yolunuz necə düşüb? Xaricdə akademik karyeraya başlamağınızın hekayəsi nədir?

- Əslində, akademik karyera hər zaman marağımda olub. Azərbaycanda təhsil aldığım illər uğurlu keçmişdi və bu, məndə tədricən “görəsən gələcəkdə bu sahədə çalışmalıyam?” hissini yaradırdı. Amma bu marağın real qərara çevrilməsi 2014-cü ildə magistr üçün Böyük Britaniyaya gəlməyimdən sonra oldu.

Magistratura dövrüm çox uğurlu keçdi. “Leicester” Universitetində “ilin tələbəsi” seçildim və müəllimlərim müntəzəm şəkildə mənə doktorantura etməyimin düzgün yol olduğunu deyirdilər. Bu həm motivasiya, həm də özüməinam baxımından çox təsir etdi. Elə həmin vaxt anladım ki, araşdırma işi mənə doğrudan da uyğundur. Bununla belə, magistr təhsili bitəndən sonra düşündüm ki, akademik karyera qərarını tələsik verməyim. Sənaye tərəfini bir dəfə də sınamaq istədim ki, içimdə heç bir sual işarəsi qalmasın. Ona görə bir il akademik həyatdan kənarda çalışdım. Amma bu müddət ərzində gördüm ki, araşdırma həvəsi məndən uzaqlaşmır; əksinə, daha da güclənir. Mən özümü ən çox universitet mühitində, tədqiqat prosesində rahat hiss edirəm. Sonda doktorantura seçiminə qərar verdim. Artıq Böyük Britaniyada yaşadığım üçün mühiti tanıyırdım və yenidən başqa bir ölkəyə uyğunlaşma prosesindən keçmək istəmirdim. Bir neçə universitetdən qəbul aldım və nəticədə “Edinburq” Universitetini seçdim. Seçməyimin əsas səbəbləri universitetin nüfuzu, sahəmdə çalışan önəmli alimlərdən birinin burada olması və mənə tam təqaüdlü doktorantura imkanı verilməsi idi.

- Siz həm “Edinburq” Universitetində, həm də “Koç” Universitetində dərs deyirsiniz. Bu iki universitetdə dərs demək necədir? Qrafikləriniz çox çətin olur? Fəaliyyətinizi necə balanslaşdırırsınız?

- İki universitetdə paralel dərs demək əslində akademiyada olduqca normal bir şeydir. “Joint affiliation” adlandırdığımız bu model daha çox ona xidmət edir ki, tədqiqatlarım üçün düzgün mühit və düzgün resurslara çıxışım olsun. Mənim bunu etmək istəməyimin əsas səbəblərindən biri də məhz araşdırmalarımı daha yaxşı istiqamətləndirməkdir.

Hazırda üzərində işlədiyim mövzularda Türkiyədə bəzi investisiya banklarının datalarına çıxış əldə etmişik. Bu cür məlumatlar adətən xarici tədqiqatçılara açılmır, yalnız ölkə daxilində rəsmi affilliasiyası olan araşdırmaçılara verilir. “Koç” Universiteti ilə əlaqəm də məhz bu baxımdan çox önəmlidir: həm ciddi akademik mühitdir, həm də tədqiqat üçün lazım olan lokal məlumatlara institusional çıxış imkanı yaradır. Bu da nəticə etibarilə işimin elmi tərəfini gücləndirir. Ona görə də iki universitetdə paralel işləmək mənim üçün əlavə yükdən çox üstünlük yaradır - həm daha zəngin tədqiqat mühiti, həm də fərqli tələbə qrupları ilə işləmək imkanı verir. Qrafik məsələsinə gəlincə, əlbəttə, bir az planlaşdırma tələb olunur, amma bu artıq illərdir öyrəndiyim bir şeydir.

- Britaniyada hazırda dərs dediyiniz tələbələr əsasən hansı ölkələrdəndir? Onların dərsə yanaşması və davranışı sizdə hansı təəssürat yaradır?

- “Edinburq” Universiteti dünyanın ən beynəlmiləl universitetlərindən biridir. Mən həm bakalavr, həm də MBA səviyyəsində dərs deyirəm və rahatlıqla deyə bilərəm ki, bir sinifdə ümumilikdə 40-dan çox ölkəni təmsil edən tələbələr olur. Bu müxtəliflik həm dərs mühitini zənginləşdirir, həm də mövzulara çox fərqli perspektivlərdən baxmaq imkanı yaradır. Tələbələrin dərsə yanaşması isə mənim üçün ölkədən daha çox fərdi xüsusiyyətlərlə bağlıdır. Edinburq seçici universitetdir, yəni qəbul prosesi kifayət qədər rəqabətlidir və nəticədə tələbə profili ümumilikdə güclü olur. Təbii ki, hər bir müəllim kimi mənim də daha çox dəstək və diqqət tələb edən tələbələrim olur, amma bu, dünyanın istənilən universitetində normadır. Ümumi təəssüratım isə odur ki, tələbələr motivasiyalıdır, dərs mühitinə hörmətlə yanaşırlar və öyrənməyə açıqdırlar.

- Britaniya universitetində müəllim olmaq necə bir təcrübədir?

- Britaniya universitetində müəllim olmaq çox maraqlı və dinamik bir təcrübədir. Ən çox xoşuma gələn tərəf odur ki, burada tələbələr müəllimi sadəcə bilik verən biri kimi deyil, dialoqa açıq tərəfdaş kimi görürlər. Dərs zamanı çox sual verirlər, fikirlərini müzakirə etməyi sevirlər və bu, dərsin özünü daha canlı bir mühitə çevirir. Bir də Britaniyada dərs demək müəllimdən həm akademik dəqiqlik, həm də pedaqoji yaradıcılıq tələb edir. Yəni yalnız bilik deməklə iş bitmir. Tələbəni düşündürməli, araşdırmağa həvəsləndirməli və onu prosesə aktiv şəkildə cəlb etməlisən. Bu, bəzən çətin ola bilər, amma çox motivasiyaedici tərəfidir. Məni ən çox sevindirən isə odur ki, tələbələr müəllimin işinə hörmətlə yanaşır və universitet mühitində ümumi akademik mədəniyyət çox oturuşub. Bir sözlə, burada müəllimlik həm məsuliyyətlidir, həm də çox həzz verən bir təcrübədir. Hər dərs bir az laboratoriya kimidir: yeni ideyalar, yeni müzakirələr, yeni yanaşmalar.

- Maliyyə və biznes sahəsinə gənclərin marağı son illər artıb. Sizcə, bu sahədə oxumağın ən böyük üstünlüyü nədir? Tələbələr ən çox hansı çətinliklərlə üzləşirlər?

- Son illər maliyyə və biznes sahəsinə gənclərin marağı həqiqətən artıb və bunun çox sadə bir səbəbi var: dünya dəyişir və bu dəyişimin mərkəzində maliyyə dayanır. İstər startap qurmaq, istərsə də böyük şirkətlərdə işləmək- hamısında maliyyə bilikləri qərarvermənin əsas hissəsidir. Bu sahədə oxumağın ən böyük üstünlüyü odur ki, tələbə yalnız nəzəriyyəni öyrənmir, həm də real həyatda necə işlədiyini anlayır. Məsələn, hazırda süni intellekt maliyyənin hər sahəsinə daxil olur; risk qiymətləndirməsindən tutmuş treydinqə, kredit modellərinə, hətta auditə qədər. Mən tələbələrimə bunu deməyə çalışıram: “Artıq yalnız maliyyə bilmək kifayət deyil; maliyyə + data + texnologiya birlikdə gələcəyin dili olacaq”. Bu kombinasiyanı öyrənən tələbələr əmək bazarında bir addım öndə olur.

Çətinliklərə gəldikdə, ən məşhuru budur: maliyyə sahəsi həm riyazi düşüncə, həm analitika, həm də diqqət tələb edir. Bir çox tələbə ilk vaxtlar modellər və məlumat analizinə adaptasiya olmaqda çətinlik çəkir. Xüsusilə süni intellekt və maşın öyrənməsi mövzuları ortaya çıxanda bəziləri düşünür ki, bu çox çətindir. Amma davam etdikcə görürlər ki, düzgün yönləndirmə və praktiki misallarla bu sahələr düşündükləri qədər qorxulu deyil. Bir sözlə, maliyyə sahəsi gənclərə geniş imkanlar verir: qlobal karyera, yüksək tələb, texnologiya ilə iç-içə işləmək və gələcəyin problemlərini həll etmək imkanı. Çətinlikləri var, amma öyrənmək istəyən tələbə üçün bu çətinliklər daha çox motivasiya rolunu oynayır.

- Azərbaycandan Britaniyaya təhsil üçün gəlmək istəyən tələbələrə nə məsləhət görərdiniz? Uğurlu olmaq üçün nələrə diqqət etməlidirlər? Gənclərə bircə motivasiyaedici söz demək imkanınız olsa, nə deyərdiniz?

- Britaniyaya təhsil üçün gəlmək istəyən azərbaycanlı tələbələrə ilk məsləhətim budur ki, özünüzü yalnız akademik cəhətdən deyil, həm də düşüncə tərzi baxımından hazır edin. Britaniya təhsil sistemi “dərsi əzbərləyim, imtahana girim” modeli deyil. Burada tələbədən müstəqil düşünmək, sual vermək, müzakirədə iştirak etmək və öz mövqeyini müdafiə etmək gözlənilir. Buna nə qədər tez uyğunlaşsanız, bir o qədər uğurlu olacaqsınız. İkinci məsləhətim: ingilis dilini yalnız imtahana görə yox, real istifadə üçün öyrənin. Çünki uğurun yarısı dərsdə deyil, gündəlik həyatda, “networking”də, layihələrdə və seminarlarda qazanılır. Dil nə qədər rahat olsa, o qədər çox fürsət açılır. Üçüncü məqam isə çox vacibdir: burada heç kim sizin “haradan gəldiyinizə” baxmır; burada əsas sual budur: sən nə bacarırsan və nə gətirirsən? Bu azadlıq həm məsuliyyətdir, həm də böyük üstünlük.

Bir motivasiyaedici söz onu deyə bilərəm ki, özünüzü heç vaxt kiçiltməyin. Çox gənc özünü müqayisə edir və düşünür ki, “mən orada oxuyanlarla necə rəqabət aparacağam?”. Amma unutmayın, istedad, zəhmət və istiqamət dünyanın hər yerində eyni dəyərdədir. Siz düzgün mühitə düşəndə potensialınız açılır. Hətta bəzən özünüz də təəccüblənirsiniz ki, “mən bunu da bacarırmışam?” Uğurun isə məncə iki sadə sirri var: Birincisi davamlılıqdır. Hətta motivasiya düşəndə də bir addım atmaq. Motivasiya hamıda dəyişir, amma davamlılıq qalır. Hər gün kiçik addım atmaq uzun müddətdə inanılmaz nəticə yaradır. İkincisi isə özünə dürüst olmaq - nəyi doğrudan sevdiyini tapmaq. İnsan sevdiyi işi görəndə yorulmur. Əksinə, çətinliklər belə maraqlı görünür. Mən akademiyanı ona görə seçdim ki, ən çox araşdırma aparanda özümü “yerimdə” hiss edirdim. Bu hiss uğurun yarısıdır.

- Bu qədər beynəlxalq təcrübədən sonra Azərbaycana qayıdanda sizdə hansı hisslər yaranır? Burada ən çox nəyi özünüzə doğma hesab edirsiniz?

- Uzun müddət xaricdə yaşadıqdan sonra Azərbaycana qayıtmaq mənim üçün həmişə xüsusi hisslər yaradır. Bir tərəfdən illərlə müxtəlif ölkələrdə işləmək, fərqli akademik mühitlərdə olmaq insana geniş perspektiv verir, amma evə qayıdanda başa düşürsən ki, doğmalıq hissi tam başqa bir şeydir. Bu hissi heç bir ölkə, heç bir böyük şəhər əvəz edə bilmir. Ən çox özümü doğma hiss etdiyim şey isə insanlarla olan münasibətdir. Burada danışıq tərzi belə başqadır. Səmimiyyət, diqqət, bir-birini anlamaq tərzi. Hətta adi bir söhbət belə insana komfort verir. Üstəlik, Bakının atmosferi, küçələrin ritmi, uşaqlıqdan tanıdığım yerlər mənə çox yaxın gəlir. Bir də mənim üçün çox vacib bir hiss var: bura qayıdanda elə bilirəm ki, enerjim yenidən yığılır. Sanki burada insanın içində gizli bir “ev ritmi” var və ora qayıdanda hər şey yerinə oturur. Buna görə də nə qədər beynəlxalq təcrübəm olsa da, Azərbaycana gəlmək həmişə mənə xüsusi bir rahatlıq və bağlılıq hissi verir.

- Həyat yoldaşınız Nərmin Məmmədova da Böyük Britaniyada akademik karyerasını uğurla davam etdirir və hazırda Edinburqdakı “Queen Margaret” Universitetində MBA proqramının yaradılmasına rəhbərlik edir. Bir evdən iki şəxsin akademik sahədə işləməsi necə hissdir? Çətinlikləri olurmu? Bu, sizin gündəlik həyatınıza və iş motivasiyanıza necə təsir edir?

- Evdə iki nəfərin akademik sahədə işləməsi əslində çox maraqlı bir dinamika yaradır. Akademiya bəzən həm intellektual, həm də emosional olaraq çətin ola bilər, amma evdə eyni dili anlayan birinin olması bu prosesləri çox yüngülləşdirir. Nərmin də universitet mühitində işlədiyi üçün bir-birimizi çox rahat başa düşürük - dərsin hazırlığı, tələbə məsələləri, layihələr, qrantlar… Bunların hamısı bizim üçün gündəlik həyatın normal mövzularıdır. Çətin tərəfləri də olur, təbii ki. Hər ikimizin qrafiki bəzən sıx olur, layihələr bir-birinə düşür, konfrans səfərlərimiz üst-üstə gələ bilir. Amma ən gözəl tərəfi odur ki, biz bu çətinlikləri rəqabət kimi yox, komanda işi kimi görürük. Kimin işi çoxdursa, o biri bir az daha çox dəstək olur. Bir balans formalaşdırmışıq. Motivasiya baxımından isə böyük üstünlükdür. Nərminin uğurları, yeni layihələri, xüsusilə də hazırda “Queen Margaret” Universitetində MBA proqramının yaradılmasına rəhbərlik etməsi mənə də ilham verir. Bir-birimizin işinə həm tənqidi gözlə baxa bilirik, həm də real dəstək veririk. Evdə akademiya haqqında danışanda bu, yük yox, əksinə, ikimiz üçün də enerji mənbəyi olur.

Bir sözlə, iki akademikin bir evdə olması bəzən çətinliklər yaradır, amma bunun yaratdığı sinerji və qarşılıqlı motivasiya o qədər güclüdür ki, çətinliklər ikinci plana keçir. Bu da həm işimizə, həm gündəlik həyatımıza çox müsbət təsir edir.