"Özəl nəşriyyatın hazırladığı vəsaitə görə nazirlik tənqid olunur" - MÜSAHİBƏ

12 İyun, 2026 - 11:01
"Özəl nəşriyyatın hazırladığı vəsaitə görə nazirlik tənqid olunur"

Bir tədris ili yekunlaşır-yekunlaşmaz başqa bir tədris ilinə hazırlıq başlayır. Bu il hansı dərsliklər təkrar çap olunacaq, neçə yeni dərslik istifadəyə veriləcək? Dərsliklərin gələcəyi ilə bağlı planlar nədir? Müasir dövrün çağırışları dərsliklərin hazırlanmasına necə təsir edir?

ARTİ-nin Tədris Resursları Mərkəzinin direktoru Zaur İsayev “Azərbaycan müəllimi”nə müsahibəsində dərsliklərlə bağlı daim səsləndirilən fikirlərə və problemlərə aydınlıq gətirib. 

40-50 dərslik tam tirajla təkrar çap olunacaq, 15-20  dərslik tamamilə yenilənəcək

- Bu tədris ilində istifadə olunan dərsliklər toplanır. Onların növbəti tədris ilində istifadəyə yararlı olub-olmaması ilə bağlı hesabat aparılırmı və bu hesabatı kim aparır? Məsələn, bizə maraqlıdır ki, yeni tədris ilinin dərslik planı necə tərtib olunur? Ümumiyyətlə, yeni tədris resurslarına ehtiyac necə müəyyənləşdirilir? 

- Məlum olduğu kimi, dərsliklər 4 ildən bir tam tirajla çap olunur. 4 il ərzində isə məzmunda ciddi dəyişiklik edilmədən hər il şagird kontingentinin 15-20 faizi üçün  dərslik təkrar çap edilir. Məktəblər istifadəyə yararsız olan dərsliklər barədə regional təhsil idarələrinə məlumat verir və yararsız dərsliklər təkrar çap olunan yeni kitablarla əvəzlənir. Məsələn, bir sinifdə ölkə üzrə orta hesabla 150 min şagird oxuyursa, hər fənn üzrə bir ildə təxminən 22500-30000 ədəd dərslik təkrar çap olunur. Ona görə də bu il nə qədər şagird üçün neçə adda dərsliyin təkrar çap olunacağı artıq bəllidir. 

- Yəni növbəti tədris ilində yenilənəcək, təkrar çap olunacaq dərslik sayı indidən məlumdur?

-Dərsliklər dərslik çapı üzrə plana uyğun olaraq yenilənir. Tədris ilinin əvvəlində, sentyabr ayında növbəti ildə dəyişdiriləcək, təkmilləşdiriləcək və ya yenidən hazırlanacaq dərsliklərin siyahısı müəyyən olunur və müvafiq nəşriyyatlara göndərilir. Hazırda ümumi təhsil pilləsində hər sinif üzrə orta hesabla, təxminən 15 fənn qəbul etsək, bu fənlərin sayını 11-ə vurduqda ümumilikdə təxminən 170-200 adda dərslik var. Bu rəqəmə məktəbəhazırlıq qrupları da daxildir. Onu deyə bilərəm ki, növbəti tədris ili üçün təxminən 35-40 adda dərsliyin tam tirajla çapı nəzərdə tutulur. Bu siyahıda rus və gürcü dillərində dərsliklər də var. 15-20 adda dərslik isə tamamilə yeni məzmunda, rus və ya gürcü dilinə tərcümə olunaraq yenidən hazırlanıb. Hazırda bu il nəşr olunan yeni dərsliklərin hazırlanma işləri bitib və ekspertiza prosesi yekunlaşmaq üzrədir. 

-Məzmunu tamamilə yenilənəcək dərsliklər hansılardır?   

-IV sinif “Həyat bilgisi”, VII sinif “İngilis dili”, VII sinif “Azərbaycan dili” (tədris dili kimi), VII sinif “Azərbaycan dili” (dövlət dili kimi), VII sinif “Riyaziyyat” (Azərbaycan və rus dillərində), VIII sinif “Coğrafiya” (Azərbaycan və rus dillərində), IX sinif “Fizika”, “Kimya”, “Biologiya” (Azərbaycan və rus dillərində) fənləri üzrə dərsliklər mərkəzimizdə tamamilə yenidən hazırlanıb. Təkmilləşdirmə prosesində yerlərdən gələn rəylər nəzərə alınaraq məzmun xətaları aradan qaldırılır, dəqiqləşmələr aparılır. 

Müəllimlər sınaqdan keçirir, ekspertlər qiymətləndirir

- Tədris resurslarının hazırlanmasında müəllimlərin və məktəblərin iştirakı necə, hansı mərhələdə təmin olunur?

-Yeni nəşrlərdə müəllimlərin, məktəblərin iştirakı bu dərsliklərin pilot tətbiqi zamanı təmin olunur. Dərsliklərimiz  - “Riyaziyyat” və “Azərbaycan dili” 2 il, təbiət fənləri isə 1 il pilot prosesindən keçir. Pilot dərsliklər sentyabr ayında 50 məktəbə göndərilir, bir neçə aydan sonra mütəxəssislərimiz yerlərdə monitorinqlər aparır, dərslərdə oturur, müəllimlərlə görüşür, prosesin necə getdiyini araşdırırlar. Müxtəlif kateqoriyadan olan məktəblərdə pilot siniflərdə dərs deyən müəllimlərin rəyləri alınır, şagirdlərin çətinlik çəkdikləri mövzular araşdırılır. Dərslikdə yol verilmiş xətaları, uyğunsuzluqları məhz bu dövrdə aradan qaldırmağa çalışırıq. Ancaq iş hələ bununla yekunlaşmır. 

“Ekspertiza dərslik müəllifləri üçün bir növ sınaq müddətidir”

-Pilot prosesindən sonra dərsliklər ən azı 4 ekspertiza mərhələsindən keçir. Pilot dövründə dərsliklərin vəziyyəti və pilot prosesinin nəticələri ilə bağlı Elm və Təhsil Nazirliyinə hesabat təqdim edilir. Həmin hesabatda pilot dövründə aldığımız rəylər və onun əsasında apardığımız dəyişikliklər öz əksini tapır. Sonrakı mərhələdə həmin dərsliklər Elm və Təhsil Nazirliyinin mütəxəssislərinin, Milli Elmlər Akademiyasının müvafiq institutlarının və Dövlət İmtahan Mərkəzinin, eləcə də müxtəlif universitetlərin ekspertizasından keçir, bu qurumlardan daxil olan rəylər təhlil edilir, uyğun düzəlişlər aparılır, son variant Elm və Təhsil Nazirliyinə təqdim edilir. Nəhayət, nazirliyin ekspertləri ilə müzakirələrdən sonra dərslik çapa hazırlanır. Bu proses dərslik müəllifləri üçün bir növ sınaq müddətidir.

“Bəzi müəllimlər hesab edir ki, sinfə hansı dərslik verilirsə, ona da uyğunlaşmağa məcburdurlar”

- Qeyd edim ki, dərsliklərin ekspertizası müəyyən meyarlar əsasında aparılır. Yeni dərsliyin həm elmiliyinə, həm metodik yanaşmasına çox diqqətlə baxılır, texniki parametrləri qiymətləndirilir. Dərsliklərin şagirdin yaş səviyyəsinə uyğunluğunu isə praktiki müəllimlər daha dəqiq müəyyən edirlər. Dərsliklərin elmiliyini yoxlayan alimlər və AMEA-nın mütəxəssisləri üçün dərsliklərin yaş səviyyəsinə uyğunluğunu müəyyən etmək çətindir. Çünki bu, sırf pedaqoji məsələdir. Hər hansı düsturun və ya qaydanın başa düşülməməsini, qavranılma problemini məktəbdə tədris edən müəllim daha yaxşı müəyyən edir. Məsələn, müəllimlər bizə deyir ki, rasional tənliklər əsasında məsələ həlli uşaqlar üçün müəyyən çətinlik yaradır. Bunu alim müəyyən etməyə bilər, ancaq pilot siniflərdə dərs deyən müəllimlər təlim prosesinin bilavasitə iştirakçıları olduğu üçün bu problemi daha aydın görürlər. Sınaq prosesinin əhəmiyyəti də elə bundadır. Ənənəvi dərsliklər sınaq prosesindən keçmədiyi üçün problemlərin gözdən qaçması ehtimalı daha yüksək idi. “Ehtiyat dərsliklər” layihəsi bu baxımdan çox əhəmiyyətlidir. 

-Bəs müəllimlər bu prosesdə, sözün əsl mənasında, fəaldırlarmı?

-Bəzən müəllimlərdən onların bu və ya digər məsələyə dair münasibətlərini çox çətinliklə alırıq. Hər fənn üzrə “WhatsApp” qrupları yaradılıb və bu qruplara təxminən 50 pilot sinif müəllimi daxil olub. Rəylərini soruşduğumuz müəllimlərin 20-25 nəfəri məsələlərə dərhal reaksiya verir. Bu fəal qrup qaldırılan problemlərə dərhal rəy bildirir, tənqid edir, əvvəlki dərsliklə yeni dərslikləri müqayisə edir və maraqlı təkliflər verirlər. Bir qrup müəllim isə prosesə biganəlik nümayiş etdirir. Elə hesab edir ki, sinfə hansı vəsait verilirsə, ona da uyğunlaşmağa məcburdur. Sanki özlərində nəyisə dəyişmək imkanı görmürlər.

“İradlara dərhal cavab verilməsi səsləndirilən fikrin əhəmiyyətsizliyi ilə deyil”

-Bu, özgüvənsizlikdir, yoxsa məsuliyyətsizlik, ina msızlıq? Siz bu etinasızlığın səbəbini nə ilə izah edərdiniz?

- Məsələ burasındadır ki, dərsliklər istifadəyə verilənə qədər müəlliflər hər bir məqamı və ya sual doğuracaq hər bir təlim materialını dəfələrlə müzakirə edir, geniş təhlillər aparır və nəticədə müəyyən qərara gələrək dərslikləri hazırlayırlar. Demək olar ki, nəzərdən qaçan heç bir sual qalmır. Ona görə də müəllimlərin əksəriyyətinin bildirdiyi fikirlər müəlliflər üçün yeni olmur. Rəy və iradlar bildiriləndə müəlliflər bu məqamları əvvəldən müzakirə etdikləri üçün dərhal cavablandırırlar. İradlara dərhal cavab veriləndə isə rəy bildirən müəllimlərə elə gəlir ki, onların təklifləri çox da əhəmiyyət kəsb etmir, fikirləri nəzərə alınmır. Halbuki, iradlara dərhal cavab verilməsi səsləndirilən fikrin əhəmiyyətsizliyi ilə deyil, məsələnin əvvəlcədən müzakirə olunması ilə bağlıdır. Axı dərslik müəllifləri özləri də müəllimlərdir. Hər fənn üzrə müəllif  heyətinin əksəriyyətini hazırda məktəbdə çalışan müəllimlər təşkil edir. Dərsliklərin də ilk tənqidçiləri elə onların özləridir. Dərslikləri hazırlayan müəllif heyətində alimlərimiz, ali təhsil müəssisələrində çalışan müəllimlər də var. Bəzi dərsliklərimizin hazırlanmasında xarici mütəxəssislər də iştirak edir. Məsələn, riyaziyyat dərsliyinin elmi redaktoru ODTÜ-nün professorudur. Coğrafiya dərsliklərinin hazırlanmasında da məsləhətçi kimi türkiyəli mütəxəssis iştirak edir. Onlar riyaziyyat və coğrafiya üzrə müasir yanaşmaları təhlil edir, müxtəlif təkliflər verirlər. Biz onların təkliflərindən yararlanırıq, lakin təbii ki, son qərarı yenə öz müəlliflərimiz verir. 

- Yeni dərsliklər ictimai müzakirəyə çıxarılır. Müəllimlər bu mərhələdə də iştirak edirmi?

- Əlbəttə, bu il kütləvi istifadəyə verilən dərsliklər 3 ay əvvəl ictimai müzakirəyə təqdim olunub və trims.edu.az portalında yerləşdirilib. Hər bir müəllimin yeni dərsliklərlə tanış olub rəy yazmaq imkanı var. Bütün bu rəyləri təhlil edirik, aralarında çox faydalı fikrilər olur. Bəzən müəllimlərimiz doğrudan da nəzərdən qaçan məqamlara diqqət çəkirlər. Ancaq bəzən subyektiv rəylərə də rast gəlirik. 

Hər dərsliyin çəkisinin 150-170 qr olduğu nəzərə alınarsa, hər çantanın yükü 1-2 kq ağırlığında olur

- Dərsliklərdə verilən mövzuların şagirdlərin yaş səviyyəsinə uyğun olmadığı barədə iddialar var. Valideynlər uşaqlarına tapşırıqlarını yerinə yetirməkdə kömək edə bilmədiklərini, yaxud çantalarının ağır olduğunu deyirlər. Siz hansı şikayətləri alırsınız?

- Bu sualı iki hissəyə bölmək olar: bir var dərsliklərin fiziki ağırlığı, bir də var məzmununa görə ağırlığı. Fiziki ağırlığı kifayət qədər yüngülləşdirmişik. Əvvəllər bir kitab tədris ili üzrə tam proqramı əhatə edirdi. Son illər dərslikləri yarım illər üzrə ayırmışıq və dərsliklər iki hissədən ibarət hazırlanır. Birinci və ikinci yarımili əhatə edən hər dərsliyin də çəkisi səhifə sayından asılı olaraq 150-170 qrama çatır. Bir çantada 10 kitab olarsa, hər çantanın yükü 1-2 kiloqram ağırlığında olur. Çox vaxt şagirdlər əlavə vəsaitlərdən də istifadə edirlər, gündəlik iş dəftərləri də olur və beləliklə, çəki artır. 

“Dərsliklərin ağırlığı elektron resurslara keçməklə həll ediləcək məsələdir” 

- Aşağı sinif şagirdləri, ya da yuxarı siniflərdə oxuyan məktəblilər üçün dərsliyin çəkisi ilə bağlı konkret standart var? 

-    Belə bir standart yoxdur, amma yuxarı sinif şagirdinin çantasının yolverilən ağırlığı barədə fikir yürütmək olar. Nəzərə almalıyıq ki, valideynin əlavə etdiyi yüklər də ola bilər və fikrimcə, bir çantanın yükü 2-3 kiloqramdan çox olmaz. Texnologiyaların inkişafı şagird çantasının çəkisinin yüngülləşdirilməsinə də yardım edir. Məsələn, dərsliklərin ağırlığı elektron resurslara keçməklə həll ediləcək bir məsələdir. 

Məzmun ağırlığı isə daha ciddi məsələdir və müəyyən mənada, subyektiv faktorlarla bağlıdır. Hazırlanan hər bir dərslik müəyyən ənənələrə və müasir tələblərə əsaslanır. Dərslik hazırlananda iki əsas prinsip - həm təhsilimizin bu günə qədər keçdiyi yol, pedaqoji ənənələr, öyrətmə yanaşması, həm də müasir və yaxın gələcəkdə təhsilə qoyulan tələblərə cavab verəcək məzmun nəzərə alınmalıdır. Biz həm 20 ildən sonraya baxmalıyıq, həm də verdiyimiz məzmunu şagirdə çatdıracaq müəllimin, pedaqoji mühitin, məktəbin buna nə qədər hazır olduğunu nəzərə almalıyıq. Bu dilemma arasında qızıl ortanı tapmağa çalışırıq. Valideynlərə elə gəlir ki, onlar bütün fənlər və siniflər üzrə tədris proqramını bilməlidirlər. Halbuki müəyyən sinifdən sonra onların dərsliklərdəki təlim materiallarını tam qavraya bilməməsi və tapşırıqları yerinə yetirə bilməməsi tamamilə normal haldır. Şagird sinifdən-sinfə müəllimlə birgə addımlayır. Bu prosesdə şagirdin yeganə bələdçisi və köməkçisi  müəllimdir. Ona görə də bu gün müəllim əsas aparıcı qüvvədir və təlim prosesində açar rolunu oynayır. Hələ uzun müddət də bu belə davam edəcək. Valideynlərdən daha çox eşitdiyimiz şikayət belədir: “Bizim vaxtımızda dərsliklər belə çətin deyildi”. Düzünü desək, elə o zamanlar da dərsliklər heç də asan olmayıb. Digər tərəfdən isə, 20 il əvvəlki təhsilin qarşısında duran vəzifələrlə müasir təhsilin tələbləri eyni deyil. Təsəvvür edin ki, cəmiyyətin 10-15 il sonrakı tələbləri ilə 20 il əvvəlki vəziyyəti müqayisə edirik. 35 il təhsildə çox böyük müddətdir. Valideyn özünün oxuduğu dövr ilə bu günü müqayisə etməklə faktiki olaraq, təhsildə inkişafın qarşısını alır. Halbuki şagirdlərimizi dünyada gedən proseslərə, aparıcı ölkələrin üstünlük verdiyi qiymətləndirmə sistemlərinə uyğunlaşdırmalıyıq. Başqa sözlə, şagirdlərimiz dünyanın aparıcı universitetlərində gedən sərt və güzəştsiz təhsil yarışına hazır olmalıdırlar. Odur ki, valideynlərə tövsiyə edərdik ki, onlar övladlarının təhsil yükünün ağırlığından narahat olmasınlar. Dünyada gedən proseslər təhsil sistemimizin aparıcı mütəxəssisləri və rəhbərliyi tərəfindən tam nəzarətdədir və təhsilimiz də ona uyğunlaşır. 


Bununla yanaşı, dərsliklərdə məzmunla bağlı müəyyən problemlərin olduğunu da inkar etmək olmaz. Bizə ünvanlanan şikayətlər daha çox məzmunun qavranılması ilə əlaqədardır. İlk növbədə, təlim materiallarının yaş səviyyəsinə uyğunluğunda, digər fənlərlə inteqrasiyada müəyyən problemlər var. Bəzi fənlərdə varislik prinsipinin pozulmasına rast gəlmək olar. Dərsliklərdə verilən yeni məlumatlarla aşağı sinifdə öyrənilən məlumatların ardıcıllığına və varisliyinə diqqətlə yanaşmaq lazımdır. Əvvəl qazanılmış biliklərlə yeni biliklər arasında əlaqə itəndə qavramada problemlər yaranır. Mütəxəssislərimiz pilot siniflərdə monitorinq zamanı da bəzən belə halların şahidi olurlar. Bu cür çətinlikləri aradan qaldırmaq üçün bəzi pedaqoji üsullardan, öyrənmə metodlarından istifadə edilir. Yeni biliklər birbaşa deyil, dolayısı yolla, müəyyən fəaliyyət nəticəsində əldə edilir. Məsələn, təbiət fənlərinin öyrənilməsi üçün tətbiq etdiyimiz 5E modeli məzmunun tədricən öyrədilməsinin müasir yanaşma üsuludur. Burada dərsin əvvəlində ilkin olaraq müzakirə xarakterli tapşırıq verilir, sonra yeni biliklər hissə-hissə ötürülür. Mövzunun sonunda yeni bilikləri möhkəmləndirmək üçün tapşırıqlar yerinə yetirilir və şagirdlər qiymətləndirilir. Bu dərs modelində yeni məlumatlar mərhələli şəkildə, addım-addım öyrədilir. Əvvəlki dərsliklərdə nəzəri məlumat birdən verilirdi və şagird dərsin sonunda onları tətbiq edirdi. Hərçənd elə fənlər, elə mövzular ola bilər ki, ənənəvi yanaşma da özünü doğrultsun. Ən əsas problem isə şagirdlərdə oxuyub-anlama bacarığının zəif olmasıdır. Bu istiqamətdə görüləsi işlərimiz daha çoxdur. 


“Müəllimə istifadə etdiyi dərs vəsaiti ilə bağlı nəyisə qadağan etmək olmaz”

- Sosial şəbəkələri izləyirsiniz? Dərsliklərlə bağlı şikayətlərə bu platformalarda xüsusilə çox rast gəlinir.

-Sosial şəbəkələrdə paylaşılan demək olar ki, bütün rəylər araşdırılır, faydalı rəylər nəzərə alınır. Şərhlərdə müşahidə edirik ki, müsbət rəyə normal hal kimi baxıldığından mənfi rəy daha çox maraq oyadır. Mənfi rəy yazanlar arasında isə əsassız və emosional rəylər üstünlük təşkil edir. Məsələn, bəzən, ETN ilə heç bir əlaqəsi olmayan və hər hansı özəl nəşriyyat tərəfindən hazırlanan vəsaitə görə nazirlik tənqid olunur. Halbuki, bu nəşrlər kənar müəlliflərin və ya özəl nəşriyyatların şəxsi təşəbbüsləri ilə hazırlanıb və ETN-in ekspertizasından keçməyib.  

-Müəllimin istifadə etdiyi dərs vəsaitinə görə kim məsuliyyət daşıyır?

- Müəllim tədrisin keyfiyyətini artırmaq üçün müxtəlif resurslardan istifadə edirsə, bütün məsuliyyət, təbii ki, müəllimin üzərinə düşür. Müəllimə seçdiyi metod, istifadə etdiyi dərs vəsaiti ilə bağlı nəyisə qadağan etmək olmaz. Amma müəllim bilməlidir ki, seçdiyi əlavə resurslar həm valideynlər üçün əlavə maddi yükü, həm də şagirdlər üçün zehni yükü artırır. 

- Təhsil nəticəsi uzun müddət sonra görünən bir prosesdir deyirik. Elə isə müəllimin səhv etdiyi aydınlaşanda çox gec olmazmı?

- Doğrudur. Lakin bunun da müxtəlif yolları var. Məsələn, summativ qiymətləndirmələri məktəb rəhbərliyi, metodistlər ciddi nəzarətdə saxlamalı, nəticə verməyən təlim metod və vasitələrə görə təlim prosesinə tövsiyə və məsləhətlərlə vaxtında təsir göstərməlidir. 

Prioritetimiz fənlərin əhatə dairəsini genişləndirməkdir

- Tədris Resursları Mərkəzinin əsas fəaliyyət istiqamətlərində yenilik varmı? Hazırda gündəminizdə nə var? Son illərdə fəaliyyətinizdə hansı prioritet istiqamətlər ön plana çıxıb?

- Bildiyiniz kimi, Tədris Resursları Mərkəzi 2016-2017-ci illərdə start verilən “Ehtiyat dərslik” layihəsini həyata keçirmək məqsədi ilə Nazirlər Kabinetinin qərarı əsasında Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) nəzdində yaradılıb. Bu qurum o vaxta qədər dərslik üzrə tenderlərdə nazirliyin əldə etdiyi dərsliklərin keyfiyyət və məzmun baxımından təkmilləşdirilmiş yeni dərsliklərlə əvəz olunması ehtiyacından yaradıldı. Tenderlərdə o vaxt verilən təkliflərin heç də hamısı keyfiyyət baxımından istənilən səviyyədə olmurdu. Nazirlik məcbur olub verilən təkliflərdən ən münasib olanını seçirdi. Amma həmin dərsliklər də bəzən arzuolunan səviyyədə olmurdu. 2008-ci ildən yeni kurikulum əsasında hazırlanan dərsliklər artıq XI sinfi tamamladı və bundan sonra bəzi dərsliklərin daha keyfiyyətli şəkildə yenidən hazırlanmasına start verildi. Bu, ilk növbədə, “Azərbaycan dili” və “Riyaziyyat” dərsliklərinə aid edildi, sonra isə təbiət fənləri – “Təbiət”, “Həyat bilgisi”, “Fizika”, “Kimya”, “Biologiya” “Coğrafiya”, həmçinin “İngilis dili” dərslikləri hazırlandı. Hazırda “İngilis dili” fənni üzrə yuxarı siniflər üçün “Cambridge” nəşriyyatının, ibtidai siniflər üçün isə “Macmillan Education” nəşriyyatının dərsliklərini adaptasiya etmişik. 
Ötən ildən başlayaraq ARTİ-nin mütəxəssisləri tərəfindən bir çox fənlər üçün kurikulumlar yenilənib. Hazırda tarix, musiqi, texnologiya, fiziki tərbiyə üzrə fənlərin kurikulumları yenilənir. Bu fənlər üzrə tədris proqramları yeniləndikcə yeni dərsliklərin hazırlanması planlaşdırılır.    

“Bu layihələr təhsildə böyük sıçrayışlara səbəb olacaq” 

-Ən vacib prioritet istiqamətimiz isə müasir dövrün qaynar mövzusu olan informasiya texnologiyalarının, süni intellektin, “Elektron dərsliklər” adlandırdığımız rəqəmsal dərsliklərin tətbiqidir. Müasir dövrümüzdə elektron dərsliklərin mahiyyəti dəyişir. Məsələn, belə bir sual yaranır: elektron dərsliklər çap versiyasına dəstək kimi hazırlanmalıdır, yoxsa elektron platforma əsasında çap versiyasının alternativi kimi istifadə olunmalıdır? 

-    Elm və Təhsil Nazirliyində rəqəmsal təhsil resurslarının yaradılması istiqamətində artıq bir neçə layihə həyata keçirilir. Təhsil həssas sahə olduğu üçün süni intellektin bu sahəyə sürətli müdaxiləsi müəyyən risklər yarada bilər. Odur ki, hazırda bu istiqamətdə çox ciddi müzakirələr gedir. Artıq müəllimlərin istifadəsinə bir neçə süni intellekt aləti verilib. “Microsoft” platformasında təqdim olunan süni intellekt əsaslı həllər, xüsusilə “Copilot” aləti müəllimlərə dərs planlarının hazırlanmasında kömək edəcək. Yaxın vaxtlarda  “OpenAI” layihəsinin tətbiqi planlaşdırılır. Bu layihələr təhsildə böyük sıçrayışlara səbəb olacaq. Dərsliklərlə bağlı isə bir neçə layihə üzərində işləyirik.

“Məktəb” və “dərslik” anlayışları tamamilə yeni müstəviyə keçir

-Maraqlıdır, necə layihədən söhbət gedir? 

- Bunlar tədris prosesində rəqəmsal resursların tətbiqini nəzərdə tutan layihələrdir. Söhbət dərslik sahəsində tamamilə yeni mərhələyə keçməkdən gedir. Müasir informasiya cəmiyyətində “dərslik” deyəndə biz nəyi nəzərdə tuturuq? Çap olunmuş kağız məlumat daşıyıcısı, yoxsa hər bir şagirdin fərdi tələbatına və səviyyəsinə uyğunlaşan adaptiv elektron vəsait? Nəinki “dərslik”,  hətta “məktəb” anlayışının özü belə bir neçə onilliklərdən sonra indiki mənasını saxlayacaqmı? Gələcək məktəb modeli yenə də ənənəvi qaydada şagirdlərin fiziki olaraq toplaşıb təlim aldıqları ümumi bir məkan olaraq qalacaq, yoxsa hər bir şagirdin tələbatına və imkanlarına uyğunlaşan “virtual məktəbə” çevriləcək? Bir sözlə, insan mərkəzli 5-ci sənaye inqilabı dövründə “məktəb” və “dərslik” anlayışları, həmçinin öyrənmə prosesi tamamilə yeni müstəviyə keçir. Ona görə də texnologiyaların belə sürətli inkişafı baxımından əvvəlcədən nəyisə müəyyən etmək və proqnoz vermək asan deyil. 

Foto: Kənan Qafarov