Ayrı düşmək istəmədilər, eyni universitet və ixtisası seçdilər - Əkiz bacı-qardaşın hekayəsi

1 İyun, 2026 - 13:38
Ayrı düşmək istəmədilər, eyni universitet və ixtisası seçdilər

Son illər Azərbaycan təhsilinin inkişafı özünü yalnız məktəblərdə yaradılan müasir imkanlarda deyil, həm də yetişən yeni nəslin uğurlarında göstərir. Bu gün ölkəmizin orta ümumtəhsil müəssisələrində formalaşan istedadlı gənclər beynəlxalq olimpiada, müsabiqə və müxtəlif layihələrdə əldə etdikləri nailiyyətlərlə Azərbaycanı layiqincə təmsil edirlər. Dünyanın nüfuzlu ali təhsil müəssisələrindən qəbul təklifi alan, təqaüd qazanan gənclərimizin sayı ildən-ilə artır. Bu uğurların arxasında isə yüksək təhsil, öyrənmək, oxumaq, zəhmət, məqsədyönlülük və təbii ki, ailə dəstəyi dayanır.

Eyni məktəbdə oxuyub, indi isə eyni ali təhsil müəssisəsində təhsil alacaq əkiz bacı-qardaş

Budəfəki qəhrəmanlarımız Bakıdakı 249 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdləri Dilarə və Səyədulla Məmmədzadələr də məhz belə uğurlu yeniyetmələrdəndirlər. Onlar təkcə əkiz bacı-qardaş deyil, həm də bir-birinin ən yaxın dostu, sirdaşı, motivasiya mənbəyi və yol yoldaşıdırlar. Uşaqlıqdan bu günə qədər eyni hədəflərə doğru addımlayıb, uğurlarını birlikdə qazanıblar.

Yeniyetmələrin uğur hekayəsini daha da xüsusi edən isə təkcə qazandıqları nailiyyətlər deyil, eyni universitetə və eyni ixtisasa qəbul olmalarıdır.

Belə ki, Dilarə və Səyədulla Məmmədzadələr Vilnius Gediminas Texniki Universitetinin “Kibertəhlükəsizlik” ixtisasına qəbul olunaraq tələbəlik həyatına da birlikdə başlayacaqlar. 

Onu da qeyd edək ki, Dilarə Məmmədzadə müxtəlif ölkələrin nüfuzlu universitetlərindən aldığı qəbul təkliflərinə və təqaüdlərə (Drexel University-Computer Science -50.000 $ teqaud;University of Massachusetts Boston - Computer Science 24.000 $ təqaüd; Long Island University -Computer Science - 44.000 $ teqaud; Hampton University - Computer Science; Xi'an Jiaotong-Liverpool University -Information Management and Information Systems; Riga Technical University - Finance Management Information Systems;Vilnius Gediminas Technical University (VILNIUS TECH) –“Cybersecutiy”) baxmayaraq, ali təhsilini qardaşı Səyədulla ilə birlikdə alacaq. Bacı-qardaş  həyatlarının ən önəmli mərhələsinə - tələbəlik həyatına da birlikdə qədəm qoyurlar. 

Bu seçim onların həm elmə, həm texnologiyaya olan marağının, həm də bir-birlərinə olan bağlılığının ən gözəl göstəricisidir.

Dilarə deyir ki, valideynləri hər zaman onların yüksək təhsil almalarına xüsusi önəm veriblər: “Xüsusilə anamızın əməyi danılmazdır. O işləməsinə baxmayaraq, gecəyədək bizimlə birlikdə dərslərə hazırlaşmağımızda iştirak edər, öyrənməyə həvəsləndirirdi. Məktəbdə təhsil aldığımız 11 il ərzində  hər zaman yaxşı oxumağa çalışmışıq. Əlaçı olmaq bizim üçün sadəcə qiymət məsələsi deyildi, daim yeni biliklər öyrənmək istəyirdik. Bu maraq bizi 10 yaşımızdan proqramlaşdırma dünyasına gətirdi. Düşünürəm ki, anamız IT sahəsində çalışdığı üçün texnologiyaya marağımız da bir qədər ondan keçib. 3 il müddətində HTML, CSS, JAVA SCRIPT&SPRING BOOT və "Python" öyrəndik. Sonra isə qardaşımla birlikdə “Qarabağ Azərbaycandır” adlı veb-səhifə yaratdıq. Səhifəmizdə işğaldan azad olunmuş torpaqlarımızın tarixi, qəhrəman şəhidlərimiz və milli dəyərlərimiz haqqında məlumatlar yerləşdirmişdik. İlk dəfə idi ki, öyrəndiklərimizin real nəticəsini görürdük və bu bizi daha da ruhlandırırdı”.

Olimpiadalar yeni hədəflər müəyyənləşdirdi

İstedadlı gənclər yeddinci sinifdən başlayaraq birlikdə bir sıra ölkələrdə keçirilən olimpiadalarda, müsabiqələrdə ölkəmizi layiqincə təmsil ediblər. Bacı-qardaşın aldıqları ilk qızıl medal isə onların həyatında xüsusi dönüş nöqtəsi olub.

Dilarə həmin uğurun onlara yeni motivasiya verdiyini deyir: “İlk olimpiadadan qızıl medal qazandıqdan sonra anladıq ki, zəhmətin qarşılığı var. Həmin gündən sonra daha böyük hədəflər müəyyənləşdirməyə başladıq”.
Səyədullanın sözlərinə görə, sonrakı illərdə beynəlxalq yarışlarda iştirak etmək və Azərbaycanı təmsil etmək onlar üçün həm məsuliyyət, həm də qürur mənbəyi olub: “İngiltərə və Sinqapurdakı final turunda qazandığımız qızıl və gümüş medallar bizim üçün sadəcə mükafat deyil, ölkəmizi layiqincə təmsil etməyin sevincini yaşatdı”.

Bu sertifikatı 16 yaşında əldə edən ilk azərbaycanlı gənclərdən olduq

Səyədulla bildirir ki, Fibonacci Beynəlxalq Riyaziyyat Olimpiadasına hazırlıq təlimlərində iştirak etdikdən sonra bir çox professorlardan müsbət rəylər və referanslar almaları onların özlərinə olan inamını daha da artırdı. 

Dilarə və Səyədullanın öyrənmək həvəsi məktəb proqramı ilə məhdudlaşmayıb. Onlar hər yay tətillərini yeni biliklər qazanmaq üçün fürsət kimi dəyərləndiriblər. 16 yaşlarında olarkən “Linux” əməliyyat sistemini öyrənmək üçün beynəlxalq təlimdə iştirak etmələri də bunun nəticəsi olub. Dilarə həmin dövrü həyatlarının ən intensiv öyrənmə mərhələlərindən biri kimi dəyərləndirir: “Bilirsiniz, biz hər zaman vaxtımızı öyrənməklə, IT sahəsində araşdırmalar aparmaqla keçirməyə öyrəncəliyik. 16 yaşımızda anamız bizi “Linux” əməliyyat sistemi üzrə üç aylıq təlimə yazdırdı. Yay boyunca təlimlərdə iştirak etdik və sonda beynəlxalq imtahana girdik və nəticəmiz uğurlu oldu. Mən 300 baldan 286, qardaşım isə 266 bal topladı. Beləliklə, bu sertifikatı 16 yaşında əldə edən ilk azərbaycanlı gənclərdən olduq”.

Dilarə deyir ki, hazırlıq müddətində bir məsələ onların diqqətini çəkib. Belə ki, imtahanla bağlı Azərbaycan dilində resurslar çox az idi. Xüsusilə ingilis dili ilə bağlı çətinlik yaşayan gənclərin bu vəziyyətdən əziyyət çəkdiyini görüblər. Elə buna görə də birlikdə doğma dilimizdə hazırlıq üçün kitab yazmağa qərar veriblər: “Kitab çap olunduqdan sonra gözlədiyimizdən daha böyük maraqla qarşılandı. Bu uğur bizə göstərdi ki, öyrəndiyini paylaşmaq da ən az öyrənmək qədər dəyərlidir.

Bu gün də texnologiya sahəsində araşdırmalarımız davam edir. Səyədulla hazırda anamla birlikdə süni intellekt aləti yaratmağa çalışır. Qardaşım bununla bağlı araşdırmalar aparır. Məqsəd öz modelini yaratmaq və bu istiqamətdə yeni imkanlar əldə etməkdir. Demək olar ki, işlər tamamlanmaq üzrədir”.  

Bəzən bütöv bir ölkənin informasiya təhlükəsizliyi sənin üzərində olur…

Universitet və ixtisas seçimi mərhələsində Dilarə və Səyədulla müxtəlif istiqamətlər üzərində düşünüblər. Proqramlaşdırma, süni intellekt və digər texnoloji sahələr arasında seçim etmək asan olmasa da, sonda hər ikisi kibertəhlükəsizlik sahəsində qərarlaşıb.

Dilarə söyləyir ki, bu seçim onların gələcəklə bağlı baxışlarından qaynaqlanır: “IT sahəsinin müxtəlif istiqamətləri ilə maraqlanırıq. Amma kibertəhlükəsizlik bizə daha maraqlı görünür. Çünki burada insan yalnız texniki biliklərə deyil, həm də analitik düşüncəyə sahib olmalıdır. Bu sahədə hər gün yeni bir problem və yeni bir həll yolu ilə qarşılaşırsan”.

Səyədulla isə bu peşənin məsuliyyət tərəfinə diqqət çəkir: “Mənə görə, kibertəhlükəsizlik mütəxəssisi olmaq sadəcə bir peşə deyil. Bu həm də qorumaq missiyasıdır. Bəzən bir şirkətin, bəzən bir qurumun, bəzən isə bütöv bir ölkənin informasiya təhlükəsizliyi sənin üzərində olur. Bu isə həm maraqlı, həm də çox şərəfli missiyadır”.
 
“Eyni biliklərə və oxşar maraqlara sahib olduğumuz üçün bir-birimizi daha yaxşı anlayırıq”

Dilarə və Səyədulla uşaqlıqdan bu günə qədər demək olar ki, bütün təhsil həyatını birlikdə keçiriblər. Eyni məktəb, sinif, yarışlar və eyni uğurlar onların həyat hekayəsinin ayrılmaz hissəsinə çevrilib.

Dilarə hesab edir ki, bu birlik onların inkişafında mühüm rol oynayıb: “Bu günə qədər atdığımız addımların çoxu eyni olub. Əlbəttə, bəzən fikir ayrılıqlarımız da yaşanıb. Amma sonda ortaq qərar verməyi bacarmışıq. Mənim üçün qardaşım həm də dostumdur”.

Səyədulla isə bacısı ilə olan münasibətini belə ifadə edir: “Eyni biliklərə və oxşar maraqlara sahib olduğumuz üçün bir-birimizi daha yaxşı anlayırıq. Qarşılaşdığımız problemlərin həllində də çox vaxt bir-birimizə kömək etmişik. Bu günə qədər bir-birimizin ən böyük dəstəkçisi olmuşuq”.

Rəqabətdən çox dəstək

Əkiz olmaları çoxlarının ağlına ilk olaraq rəqabət məsələsini gətirsə də, Məmmədzadələr ailəsində vəziyyət fərqli olub.

Dilarə sözlərinə görə, onlar heç vaxt bir-birini rəqib kimi görməyiblər: “Qatıldığımız yarışlar da, olimpiadalar da demək olar ki, eyni olub. Hər ikimiz birinci olmaq üçün çalışsaq da, heç vaxt bir-birimizin uğuruna qısqanclıqla yanaşmamışıq”.

Səyədulla bunun səbəbini ailədəki mühitlə əlaqələndirir: “Valideynlərimiz hər zaman bizə eyni münasibət göstəriblər. Uğur qazanan zaman bunun ailənin uğuru olduğunu öyrədiblər. Düşünürəm ki, bu yanaşma bizi rəqabətdən daha çox əməkdaşlığa yaxınlaşdırıb”.

Eyni universitet, eyni ixtisas

Universitet seçimi mərhələsində isə ailə üzvlərini və yaxınlarını sevindirən maraqlı bir təsadüf yaşanıb. Hər iki gənc eyni universitet və eyni ixtisas üzrə təhsil almaq qərarı verib.

Dilarə deyir ki, əvvəlcə yollarının ayrılacağını düşünürmüş: “Mən müxtəlif ölkələrin universitetlərindən qəbul və təqaüd qazanmışdım. Düşünürdüm ki, artıq yollarımız ayrılacaq. Açığı, bu fikir mənə də çətin gəlirdi”.
Səyədulla isə həmin dövrdə yaşadıqları hissləri belə təsvir edir: “On bir il eyni sinifdə oxumuşuq. Bir anda fərqli ölkələrdə yaşamaq fikri qəribə görünürdü”.

Nəticədə hər ikisi eyni universiteti, eyni ixtisası seçib. Dilarə bu seçimin səbəbini belə izah edir: “Yad ölkədə təhsil alarkən yanında sənə ən yaxın insanın olması böyük üstünlükdür. Bu həm mənəvi rahatlıq yaradır, həm də dərslərə daha yaxşı fokuslanmağa kömək edir”.

“Peşəkar təcrübə qazanmaq istəyirik”

Hazırda onların qarşılarında yeni bir mərhələ dayanır. Hər iki gənc ali təhsil dövründə həm nəzəri biliklərini artırmaq, həm də praktik təcrübə qazanmaq niyyətindədir.

Səyədulla bildirir ki, IT sahəsində uğurun əsas şərtlərindən biri təcrübədir: “Bu sahədə yalnız kitab oxumaqla və ya mühazirələr dinləməklə uğur qazanmaq mümkün deyil. Mütləq real layihələrdə iştirak etməli, problemlərlə qarşılaşmalı və onların həllini tapmağı öyrənməlisən”.

Dilarə isə gələcək planlarını daha geniş təsvir edir: “Bakalavr təhsilindən sonra magistraturada oxumağı düşünürük. Bununla yanaşı, çalışaraq peşəkar təcrübə qazanmaq istəyirik. Məqsədimiz ölkəmiz üçün də faydalı mütəxəssis olmaqdır”.
 
“Uğurun əsas açarı davamlı öyrənməkdir”

Söhbətin sonunda Dilarə və Səyədulla Azərbaycan gənclərinə mesajlarını çatdırırlar: “Uğurun əsas açarı davamlı öyrənməkdir. Oxumaqdan və öyrənməkdən yorulmayın. Bəzən gecələr yuxusuz qalacaqsınız, bəzən çətinliklərlə qarşılaşacaqsınız. Amma bir gün geriyə baxanda bütün o zəhmətin necə böyük nəticələr verdiyini görəcəksiniz. Bu gün inkişaf edən Azərbaycanın gələcəyi məhz bilikli, çalışqan və vətənini sevən gənclərin əlindədir”.