"Bəzən bir “sən bacararsan” kifayət edir" - İnklüziv mərkəzdə BİR GÜN

4 İyun, 2026 - 10:03
"Bəzən bir “sən bacararsan” kifayət edir"

Bəzən insan bir səsdə özünü tapır, bəzən isə bir melodiya ilə hisslərini ifadə edir. Elə insanlar da var ki, musiqi onlar üçün sadəcə sənət deyil, özlərini anlatmağın, cəmiyyətə qarışmağın, həyata daha inamla baxmağın bir yoludur. Naxçıvan Dövlət Universitetində (NDU) fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzi də məhz belə bir missiyanı həyata keçirir.

“Azərbaycan müəllimi” oxucularını mərkəzin fəaliyyəti ilə tanış edir. 

Özünüifadə etmənin ən yaxşı yolu, səmimi mühit və xoş auradır. Elə bura daxil olar-olmaz qayğı və inamı hiss edirsən. 

2025-ci il fevralın 28-də yaradılan mərkəz qısa müddət ərzində bir çox insanın həyatına toxunmağı bacarıb. Yarandıqdan sonra bura müxtəlif avadanlıqlar alınıb, fəaliyyət istiqamətləri formalaşdırılıb. Həmin ilin mart ayının 4-5-də isə “İnklüziv təhsil: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda I Respublika elmi konfransı keçirilib. Bundan sonra mərkəzin fəaliyyəti daha da genişləndirilib.


Mərkəzin mütəxəssisi Lətifə Quliyeva deyir ki, burada hələ ki, universitetdən kənar uşaqlar iştirak edirlər:

"Kənardan uşaqlarımız da gəlirlər buraya, musiqi terapiyası görürlər. Uşaqlara mahnılar, düzgün nəfəs alma öyrədilir, ritmlər  göstərilir. Bu il mərkəzin yaradılmasının bir illiyi münasibətilə keçirilən tədbirdə mərkəzin iştirakçıları da çıxış ediblər. Hazırda mərkəzin 4 üzvü fəaliyyət göstərir”.

L.Quliyeva deyir  ki, gələcəkdə mərkəzin fəaliyyətinin daha da genişləndirilməsi nəzərdə tutulur:

“Artıq rektorun tapşırığı ilə universitetdə sağlamlıq imkanları məhdud şəxslərin rahat hərəkətini təmin etmək məqsədilə universitetin hər bir binasının giriş və çıxışlarında panduslar yaradılıb. Hazırda universitetdə inklüziv təhsilə cəlb olunan 33 tələbə təhsil alır. Onlardan 16-sı qız, 17-si isə oğlandır. İnklüziv Təhsil Mərkəzi tərəfindən həmin tələbələrlə koordinasiya işləri aparılır, onların universitet mühitinə uyğunlaşması və təhsil prosesində fəal iştirakı üçün müxtəlif tədbirlər həyata keçirilir.

Sentyabr ayından etibarən mərkəzin fəaliyyəti daha da genişləndiriləcək, yeni layihələr və təşəbbüslər həyata keçiriləcək. 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəllərində daha geniş çərçivəli tədbirin keçirilməsi də planlaşdırılır”.

Mərkəzdə müxtəlif alətlər və avadanlıqlar da mövcuddur. Gələcəkdə həmin avadanlıqlara uyğun mütəxəssislərin cəlb olunması və müxtəlif terapiya proqramlarının təşkili nəzərdə tutulur.

Mərkəzin mütəxəssisi Lətifə Quliyeva bu yolu seçərkən sadəcə peşəsini yox, həm də qəlbinin səsini dinləyib. O, magistratura təhsili dövründə sağlamlıq imkanları məhdud uşaqlarda sosial kommunikasiya bacarıqlarının inkişafına dair mövzunu seçərək “Gələcəyə inam” layihəsinin təməlini qoyub. Bu gün isə həmin layihə artıq bir ideya olmaqdan çıxaraq uşaqların özlərini tapdıqları bir məkana çevrilib. Əlavə edir ki, indi bu layihə daha da genişləndirilir. Mərkəzin bir illiyində çıxış edən tələbələr məhz bu layihənin üzvləri olub. 

“İlk vaxtlar çətin olur. Amma zaman keçdikcə onların dünyasını daha yaxşı anlayırsan. Nəyi sevdiklərini, nəyin onları sevindirdiyini öyrənirsən. Sonra artıq hər şey başqa cür görünməyə başlayır. Onların yönlərini, necə yanaşmaq lazım olduğunu artıq bilirəm. Nədən xoşları gəlirsə, onunla razı salırıq. Psixoloqlar da onlarla işləyir”,- deyə Lətifə müəllim bildirir.

Bu mərkəzin fəaliyyətindən yararlananlardan biri də Şahbuz rayonunun Kolanı kəndindən olan Ənvər İsmayıllıdır. O, orta məktəbi və musiqi məktəbini doğulduğu kənddə bitirib. Hazırda Naxçıvan Dövlət Universitetinin nəzdində Musiqi Kollecinin ikinci kurs tələbəsidir və gələcəkdə təhsilini konservatoriyada davam etdirmək istəyir: “Evdən məni tara yazdırmışdılar, amma ona həvəsim yox idi. Sonra səsimə baxdılar, gördülər ki, gözəldir və xanəndəliyə sənəd verdim. Anam tərəfdə də səsi gözəl olanlar var. Xanəndəliyi sevirəm, arada özüm üçün zümzümə edirdim”. 

Ənvər deyir ki, kollecdə muğamları, nəzəriyyəni və musiqi ədəbiyyatını öyrənirlər, tez-tez konsertlərdə iştirak edir. Sevdiyi mahnılar haqqında danışır: “Klassiklərdən “Vəfadarım” mahnısını oxumağı sevirəm, mənə çox təsir edir. Oxuyanda tam ona qapılıram. Xalq mahnılarından “Bu şənlikdə”, muğamlardan isə “Mahud-Hindi”ni oxumağı çox istəyirəm”.

Tələbə toy məclislərində oxumağı sevmir: “Toylarda oxumağı sevmirəm, səsimə pis təsir edir. Amma yaxın qonaqlıqlarda oxuyuram. Yanvardan isə bu mərkəzə gəlirəm. Burada mahnıları məşq edib öyrənə bilirəm. Konsertlərdə də iştirak etmişəm, bundan sonra da iştirak edəcəyəm”.

Mərkəzdə özünü kəşf edənlərdən biri də 5 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Rüstəm Rüstəmovdur. Onun özünəməxus səsi var. Səsini isə təsadüfən Lətifə müəllim kəşf edib.

Rüstəm müxtəlif tamaşalarda qısa rollar oynayıb. Həmin tamaşalardan birində onun oxuduğunu eşidən Lətifə müəllim istedadını görərək onu layihəyə dəvət edib. Bu gün artıq o mərkəzə gəlir, yeni mahnılar öyrənir və müxtəlif tədbirlərdə çıxış edir: “İlk dəfə burada təşkil olunan elmi konfransda səhnəyə çıxmışam. “Sarı gəlin” mahnısını və Barış Mançonun mahnılarını oxumağı çox sevirəm. Məktəbdə isə Azərbaycan dili və ingilis dili fənnini yaxşı oxuyuram. Gələcəkdə vokal sinfinə getmək istəyirəm”.

Bəzən bir insanın həyatını dəyişmək üçün böyük möcüzələrə ehtiyac olmur. Bəzən bir mahnı, bir diqqət, bir “sən bacararsan” cümləsi kifayət edir.

Elə Naxçıvan Dövlət Universitetinin İnklüziv Təhsil Mərkəzində də hər gün məhz belə kiçik möcüzələr baş verir. Gələcəkdə isə fəaliyyətini daha da genişləndirib, daha çox tələbə və şagirdin həyatına toxunacaq. Çünki burada uşaqlar yalnız mahnı oxumağı yox, özlərinə inanmağı, səhnəyə çıxmağı və ən əsası, həyatın içində öz səslərini eşitdirməyi öyrənirlər.

"Bəzən bir “sən bacararsan” kifayət edir"
"Bəzən bir “sən bacararsan” kifayət edir"