Müəllimin hüquqlarının daha effektiv qorunmasına ehtiyac var - Mehriban Vəliyeva
Bu gün dünyanın bir çox ölkəsində məktəblərdə intizam, müəllim nüfuzu və şagird davranışları ətrafında ciddi müzakirələr aparılır. Çünki artıq təhsil müəssisələrində baş verən aqressiv davranışlar, müəllimlərin təhqir olunması, sosial şəbəkələrdə hədəfə çevrilməsi və psixoloji təzyiqlərlə üzləşməsi təkcə məktəb problemi deyil, cəmiyyətin mənəvi aşınmasının göstəricisi kimi qəbul edilir.
Bir çox ekspertlər hesab edir ki, müəllimin nüfuzunun zəiflədiyi cəmiyyətlərdə təhsilin keyfiyyəti ilə yanaşı, gələcək nəslin dəyərlər sistemi də təhlükə altına düşür. Məhz buna görə son illər müxtəlif ölkələr müəllimlərin hüquqi müdafiəsini gücləndirmək, onların statusunu artırmaq və məktəblərdə intizam qaydalarını sərtləşdirmək istiqamətində yeni mexanizmlər tətbiq etməyə başlayıblar.
Bu dəfə diqqət mərkəzində Qazaxıstandır. Bu ölkədə qəbul edilən yeni yanaşma geniş rezonans doğurub. Belə ki, şagirdin müəllimə qarşı hörmətsiz davranışına görə valideynlərin cərimələnməsi nəzərdə tutulur.
Təhsil Nazirliyinin izah etdiyi kimi, bu cür pozuntulara ədəbsiz dil, uyğunsuz jestlər və müəllimin peşə vəzifələrinə mane olan və əlverişsiz iş şəraiti yaradan hərəkətlər daxildir.İlk halda valideynlər 86.500 təngə (təxminən 320 manat) məbləğində cərimə edilə bilərlər. Əgər analoji hal inzibati cəzadan sonrakı bir il ərzində yenidən təkrarlanarsa, cərimənin məbləği artırılaraq 130.000 təngəyə (təxminən 480 AZN) çatdırılacaq.
Qazaxıstanın təhsillə bağlı rəsmi qurumları bildirirlər ki, məqsəd müəllim peşəsinin nüfuzunu qorumaq, məktəblərdə sağlam psixoloji mühit formalaşdırmaq və valideyn məsuliyyətini artırmaqdır. "Müəllimlərin statusu haqqında" qanun bu çərçivədə yenidən nəzərdən keçirilir". Qazaxıstanda müəllimlər üçün xüsusi hüquqi statusun mövcud olması, onların sosial təminatlarının gücləndirilməsi və şərəf-ləyaqətinin qanunla qorunması da bu siyasətin əsas hissəsi sayılır. Qeyd olunur ki, Qazaxıstanda müəllimlər peşəkar inkişafı, əməkhaqqı artımını, bonusları və sosial təminatları nəzərdə tutan xüsusi hüquqi statusa malikdirlər. Müəllimin şərəf və ləyaqətini alçaldan hərəkətlərə görə cərimələr isə dərhal tətbiq edilir.
Maraqlıdır ki, qərar bizim cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəziləri hesab edir ki, müəllimə hörmət qanunla deyil, ailə tərbiyəsi ilə formalaşmalıdır. Digərləri isə düşünür ki, artıq məktəblərdə yaranan neqativ hallar hüquqi mexanizmləri zəruri edir. Sosial şəbəkələrdə isə əsas müzakirə mövzularından biri budur: “Müəllimin nüfuzu qorunmadan keyfiyyətli təhsil mümkündürmü?”
Bəs Azərbaycanda müəllimlərin hüquqlarının qorunması üçün hansı addımlar atılmalıdır? Belə bir təcrübənin tətbiqi nə dərəcədə effektiv ola bilər?
“Azərbaycan müəllimi”nin müsahibi olan millət vəkili Mehriban Vəliyeva ilə bu mövzuda söhbət etdik.
– Mehriban xanım, Qazaxıstanda müəllimə hörmətsizliyə görə valideynlərin cərimələnməsi qərarını necə qiymətləndirirsiniz?
– Bu qərar müəllim nüfuzunun və məktəbdə intizamın qorunması baxımından diqqətçəkən addımdır. Dövlət bununla göstərir ki, müəllimə qarşı aqressiv və təhqiredici davranış cəmiyyət üçün qəbuledilməzdir. Lakin belə mexanizmlər hüquqi dəqiqlik və balans əsasında tətbiq olunmalıdır.
– Sizcə, müəllim nüfuzunun qorunması üçün inzibati cərimələr effektiv vasitədirmi? “Hörmətsizlik” anlayışının sərhədi necə müəyyən edilməlidir?
– Cərimə müəyyən qədər preventiv təsir göstərə bilər, amma problemi tam həll etmir. Daha effektiv addımlar məktəb-ailə əməkdaşlığının gücləndirilməsi, etik davranış qaydalarının təbliği və psixoloji maarifləndirmədir. “Hörmətsizlik” anlayışı konkret hüquqi meyarlarla müəyyən edilməlidir. Sərt, amma etik çərçivədə ifadə olunan etiraz hörmətsizlik hesab edilməməlidir.
– Bu tip qanunların sui-istifadə riski varmı? Hansı davranışın “hörmətsizlik” sayılması necə müəyyən edilməlidir?
– Bəli, sui-istifadə riski mövcuddur. Buna görə də qanunda təhqir, alçaldıcı ifadə, fiziki və ya psixoloji təzyiq kimi hallar dəqiq göstərilməlidir. Subyektiv yanaşmaların qarşısını almaq üçün mübahisələr müstəqil araşdırma mexanizmi ilə qiymətləndirilməlidir.
– Sizcə, müəllimlərin nüfuzunu ən çox hansı amil zədələyir: sosial şəbəkələr, valideyn müdaxiləsi, yoxsa başqa faktorlar?
– Burada bir neçə amil paralel rol oynayır. Sosial şəbəkələrdə müəllimlərin hədəfə çevrilməsi, bəzi valideynlərin məktəbin daxili işinə həddindən artıq müdaxiləsi və müəllim peşəsinin cəmiyyət tərəfindən maddi-mənəvi baxımdan kifayət qədər dəyərləndirilməməsi nüfuza mənfi təsir göstərir.
– Fikrinizcə, Azərbaycanda da müəllimə qarşı hörmətsiz davranışlarla bağlı hüquqi mexanizmlərin sərtləşdirilməsinə ehtiyac varmı?
– Azərbaycanda da müəllimin hüquqlarının daha effektiv qorunmasına ehtiyac var. Lakin əsas məsələ yalnız cərimələrin sərtləşdirilməsi deyil, məktəbdə sağlam münasibət mühitinin formalaşdırılmasıdır. Hüquqi mexanizmlər maarifləndirici tədbirlərlə paralel aparılmalıdır.
– Bu cür cərimələr valideyn-məktəb münasibətlərinə necə təsir göstərə bilər?
– Əgər düzgün tətbiq olunarsa, qarşılıqlı məsuliyyət hissini gücləndirə bilər. Amma şəffaflıq və obyektivlik olmazsa, valideynlə məktəb arasında gərginlik və inamsızlıq da yarada bilər. Ona görə tətbiq mexanizmi çox həssas qurulmalıdır.
– Müəllim hüquqlarının qorunması ilə söz və davranış azadlığı arasında balans necə saxlanmalıdır?
– Balansın əsas prinsipi qarşılıqlı hörmətdir. Valideyn və şagird müəllimi tənqid edə bilər, amma təhqir və alçaltma yolverilməzdir. Hüquqi yanaşma emosional reaksiyalara deyil, konkret etik və hüquqi pozuntulara əsaslanmalıdır.
– Azərbaycanda məktəblərdə müəllimə qarşı hörmətsizlik halları ilə bağlı statistika və ya ciddi problem müşahidə olunurmu?
– Rəsmi statistikalar geniş açıqlanmasa da, son illərdə sosial şəbəkələrdə yayılan görüntülər və bəzi məktəb insidentləri problemin mövcud olduğunu göstərir. Bu hallar sistemli böhran səviyyəsində olmasa da, müəllim nüfuzunun qorunması istiqamətində əlavə tədbirlərə ehtiyac olduğunu ortaya qoyur.
– “Müəllimin statusu haqqında” ayrıca qanunun qəbuluna ehtiyac görürsünüzmü?
– Bəli, belə bir qanun müəllimin hüquq və vəzifələrinin daha aydın müəyyənləşdirilməsi baxımından faydalı ola bilər. Bu sənəd müəllimin sosial təminatı, etik müdafiəsi və peşə nüfuzunun qorunması üçün hüquqi baza rolunu oynaya bilər.
– Valideyn məsuliyyətinin artırılması təhsil mühitinə müsbət təsir edə bilərmi?
– Şübhəsiz. Təhsil yalnız məktəbin deyil, ailənin də məsuliyyətidir. Valideyn məsuliyyətinin artması şagird davranışına, məktəb intizamına və ümumi təhsil mühitinə müsbət təsir göstərə bilər.



