“Autizmli ailələrin müraciət edə biləcəkləri dəstək qapısı açdıq” – MÜSAHİBƏ

1 İyun, 2026 - 14:36
“Autizmli ailələrin müraciət edə biləcəkləri dəstək qapısı açdıq”

Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan və evdə təhsil alan şagirdlərin sosial, emosional və akademik inkişafını dəstəkləyən layihə həyata keçirilir. Maraqlıdır ki, layihə bu kateqoriyadan olan uşaqlarla yanaşı, onların valideynlərini, o cümlədən müəllimləri də əhatə edir.

Elm və Təhsil Nazirliyinin elan etdiyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin qaliblərindən olan "Birgə və Sağlam" İctimai Birliyinin sədri Aytən Eynalova “Evdə təhsilə cəlb olunan xüsusi qayğıya ehtiyacı olan şagirdlərin və onların ailələrinin dəstəklənməsi”ni nəzərdə tutan həmin layihənin mahiyyətindən danışıb, həyata keçirilmə mexanizmindən söhbət açıb. QHT sədri “Azərbaycan müəllimi”nə müsahibəsində icra zamanı ortaya çıxan çətinliklərdən də bəhs edib. 

Valideynlər üçün təlimlər, uşaqlar üçün məşğələlər, müəllimlər üçün metodiki seminarlar təşkil edilib

- Evdə təhsil alan şagirdləri, onların valideynlərini əhatə edən, müəllimlərinin peşəkar inkişafına təsir etməyi hədəfləyən bir layihəyə həyat vermisiniz. Bu layihəni zərurətə çevirən amillər nədən ibarətdir?

- Mövzuya həssaslığım bu vəziyyətə yaxınlığımdan irəli gəlib, çünki autizmli övlad böyütmüşəm. Təhsil işçisi olduğum halda bir çox valideynlər kimi, iş fəaliyyətimi dayandırmaq məcburiyyətində qalmışam. Bunları ona görə qeyd edirəm ki, bu layihəyə başlayarkən hardan yola çıxdığım aydın olsun. Yəni, cəmiyyətdə sağlamlıq imkanları məhdud olan uşaqlara sahib ailələrin ehtiyaclarını çox yaxşı bilirəm. 15 ilə yaxındır bu istiqamətdə artıq cəmiyyətlə sıx işləyirəm və harda boşluqlar olduğunu, hansı sahələrə dəstək vermək lazım gəldiyini yaxşı bilirəm. Başqa sözlə, övladlarımızın cəmiyyətə rahat inteqrasiyası üçün görüləcək işlərlə bağlı məlumatlıyam. Qurduğumuz "Birgə və Sağlam" İctimai Birliyi artıq 15 ildir ki, bu istiqaməti fəaliyyətinin mərkəzinə qoyub, xüsusi təhsil sahəsində cəmiyyəti maarifləndirməyə, inklüzivlik, həmçinin autizmlə bağlı məlumatlığı artırmağa, autizmli şəxslərə və onların ailələrinə dəstək verməyə çalışır. Artıq bir neçə aydır başlayan bu layihə çərçivəsində isə konkret hədəfimiz var. Evdə təhsil alan, sağlamlıq imkanları məhdud olan şagirdlərin potensialını gücləndirməyə çalışırıq. Hər kəsə yaxşı məlumdur ki, bu uşaqların sosial təcrid olunması və ailələrin pedaqoji-psixoloji bilik çatışmazlığı onların ümumi inkişafına mənfi təsir göstərir. Odur ki, layihə çərçivəsində valideynlər üçün “Evdə Təhsil və Psixoloji Dəstək” adlı təlimlər, uşaqlar üçün “Motivasiya və Sosial Bacarıqlar” mövzusunda məşğələlər, həmçinin müəllimlər üçün metodiki seminarlar təşkil etmişik. Bununla yanaşı, davamlı təhsil və informasiya mübadiləsini təmin etmək üçün Autizm Portalında “Evdə Təhsil Resurs Mərkəzi” adlı bölmə yaradacağıq. Bu fəaliyyətlər nəticəsində şagirdlərdə sosial bacarıqların inkişafı, valideynlərin evdə təhsil prosesində daha fəal iştirakı və mütəxəssislər arasında koordinasiyanın gücləndirilməsi təmin olunacaq.

- Layihəyə mart ayından başlamısınız, işlər hansı mərhələdədir?

- Mart ayından etibarən başladığımız layihə çərçivəsində artıq təlim mərhələlərini yekunlaşdırmışıq. Layihədə 15 ailə və 15 uşaq, 13 müəllim iştirak edir. Uşaqlar fərdi qaydada təlim prosesinə cəlb olunub. Hər uşağa tətbiqi davranış analizi modelinə əsaslanaraq dəstək göstərilib. Həm onları evlərində ziyarət etmişik, həm də ailələri ilə birlikdə mərkəzimizdə olublar. Müəllimlərə “Autizm nədir?”, “Autizmə elmi-praktik baxış necədir?” kimi mövzularda onların praktik bacarıqlarının inkişafı üçün müəyyənləşdirdiyimiz model əsasında təlim keçdik, texniki və praktik yanaşmaları onlara öyrətdik. Məsələn, bir mütəxəssisin autizmli uşağla necə davranmalı, hər hansı gözlənilməz hal baş verdikdə ona necə yanaşmalı olduğu istiqamətində praktik bacarıqlarını inkişaf etdirdik. Çünki ölkəmizdə bir çox sahədə olduğu kimi, xüsusi təhsil sahəsində də müəllim kontingentinin peşəkarlığını artırmağa ehtiyac hiss olunur.Yeri gəlmişkən qeyd edim ki, təlimlərimizdə əsaslandığımız elmi əsaslı “Applied Behavior Analysis” adlanan tətbiqi davranış analizi modeli hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə təşkilatımızın nəzdində fəaliyyət göstərən iki autizm mərkəzində istifadə olunur. 

- Bəs valideynlərlə işi necə qurdunuz, nəticəsindən gözləntiniz nədir?

- Valideynlər də tətbiqi davranış analizi modeli əsasında təlimləndirilib. Onlara 5 istiqamət üzrə dəstək verməyə çalışdıq. Məsələn, autizmli şəxslərin və sağlamlıq imkanları məhdud autizmli uşaqların motivasiyaları, demək olar ki, olmur. Uşaqlara motivasiya verdik, valideynlərə isə motivasiyanın necə verilməli olduğunu, hər hansı problemlə qarşılaşdıqları zaman vəziyyəti müsbət yöndə dəyişməyin yollarını, texnikasını başa saldıq. Valideynlərə öyrəndiklərini necə tətbiq edəcəklərini praktik şəkildə göstərdik. Bu da onlar üçün çox faydalı və motivasiyaedici bir rol modeli oldu.

İstər təhsil prosesində, istərsə də uşaqların inkişafında davamlı dəstək əsas rol oynayır

- Valideynlərlə, yəni ailələrlə iş effektiv oldumu?

- Ən vacib məsələlərdən biri ailələrin övladları ilə düzgün ünsiyyət qurmasını öyrənməsidir. Bunun üçün layihə çərçivəsində xüsusi portalımız da yaradılıb. Həmin portal vasitəsilə ailələrə metodik materiallar və müxtəlif faydalı məlumatlar təqdim olunur. Orada istifadə etdiyimiz metodikalar vasitəsilə valideynlər övladlarına daha funksional və düzgün dəstək verməyi öyrənirlər.Yəni layihə yalnız müəyyən dövr üçün bir dəstək modeli yaratmır. Bu gün qətiyyətlə deyə bilərəm ki, layihə çərçivəsində tanış olduğumuz ailələr və uşaqlar üçün ehtiyacları olanda bizə müraciət edə biləcəkləri bir növ dəstək qapısı açdıq. Bu qapı layihə bitəndən sonra da açıq qalacaq, müraciət edənlərə tövsiyələrimizi, dəstəyimizi davam etdirəcəyik. Çünki bu sahədə davamlılıq çox önəmlidir. İstər təhsil prosesində, istərsə də uşaqların inkişafında davamlı dəstək əsas rol oynayır. Bildiyiniz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın inkişafı üzrə 5 əsas prioritet müəyyənləşdirilib. Prioritetlər arasında ən vacib istiqamətlərdən biri də inklüziv cəmiyyətin formalaşdırılması və inkişaf etdirilməsidir. Bu prosesdə isə hər insanın verəcəyi töhfə xüsusi əhəmiyyət daşıyır. Ona görə də inklüziv cəmiyyətin formalaşması, inklüziv təhsilin önəmi və evdə təhsil alan uşaqların da təhsillərini davam etdirə bilmə potensialının olduğunu göstərmək üçün layihənin davamlılığını təmin etməyə çalışırıq. Bunu isə layihə çərçivəsində gördüyümüz ən önəmli işlərdən biri, yaratdığımız “Evdə Təhsil Resurs Mərkəzi” ilə təmin edəcəyik. Bu məqsədlə bir sıra texniki və maarifləndirici işlər həyata keçirdik. İlk olaraq portal daxilində PDF formatında çoxsaylı oxu materialları hazırladıq və onları hər kəs üçün əlçatan etdik. Çünki bilirik ki, bu ehtiyac regionlarda daha çox hiss olunur. Məqsədimiz internetdən istifadə edən hər bir ailənin, xüsusilə sağlamlıq imkanları məhdud uşaqlara sahib valideynlərin bu materiallara rahat çıxış əldə etməsi idi. İkinci mühüm istiqamət isə video materialların hazırlanması oldu. Biz tətbiqi davranış analizi modelinin beş əsas istiqaməti üzrə video çəkilişlər etdik.

- Oxu materialları da tətbiqi davranış analizi modeli əsasında hazırlanıb?

- Bəli, burada inklüzivlik nədir, autizmə elmi yanaşma nə deməkdir, elmi əsaslı müdaxilə üsulları hansılardır, tətbiqi davranış analizi modelinin mahiyyəti nədir və bu model tətbiq olunduqda uşaqlar hansı inkişaf mərhələsinə çata bilirlər – bütün bunlarla bağlı geniş məlumatlar yerləşdirmişik. Bundan əlavə, portaldan dünyada tətbiqi davranış analizi modelinin vəziyyəti, hansı səbəblərlə istifadə edilməsi və effektivliyi barədə də müxtəlif oxu materialları, fərqli metodikalardan istifadə etməklə sağlamlıq imkanları məhdud uşaqlarda akademik bacarıqların necə inkişaf etdirilə biləcəyi ilə bağlı oxu və video materialları hazırlayıb yerləşdirdik.

- Digər videoların məzmunu nədən ibarətdir?

- Videolardan biri fərdi təhsil planının hazırlanması ilə bağlıdır. Çünki hər bir autizmli və ya sağlamlıq imkanları məhdud uşağın təhsilə cəlb olunmasından əvvəl onun fərdi təhsil planı hazırlanmalıdır. Bu plan vasitəsilə uşağın mövcud vəziyyəti qiymətləndirilir, mütəxəssisin hansı yanaşmanı tətbiq etməli olduğu müəyyənləşdirilir və inkişaf üçün konkret hədəflər seçilir. Fərdi təhsil planının necə hazırlanması ilə bağlı praktik videonun mütəxəssislər üçün çox faydalı istiqamətləndirici resurs olacağını düşünürəm.

Hər uşaq öyrənir

İkinci videomuzun məzmunu akademik bacarıqların inkişaf etdirilməsi yolları ilə bağlıdır. Evdə təhsil alan uşaqların akademik inkişafı gücləndirilməlidir ki, onlar həmyaşıdları ilə eyni səviyyəyə yaxınlaşa bilsinlər və cəmiyyətə daha rahat inteqrasiya olunsunlar. Mütəxəssislərin ən çox çətinlik çəkdiyi məsələlərdən biri məhz budur. Məsələn, bəzən belə düşünülür ki, autizmli uşaqlar riyazi bacarıqları mənimsəyə bilmirlər. Halbuki elmi əsaslı metodlarla bunun mümkün olduğunu görürük. Məsələn, “Touch Math” hesablama metodu beynəlxalq səviyyədə tətbiq olunan metodikalardan biridir. Bu model vasitəsilə müəllimlər riyaziyyat bacarıqlarını autizmli və ya sağlamlıq imkanları məhdud uşaqlara fərqli və daha effektiv metodlarla öyrədə bilirlər. Bu üsulda uşaqlar rəqəmləri vizual və toxunmaqla mənimsəyirlər. Hər bir rəqəmin üzərində onun dəyərinə uyğun sayda xüsusi toxunma nöqtələri yerləşir. Uşaqlar bu nöqtələri sayaraq toplama və çıxma kimi ilkin riyazi əməliyyatları asanlıqla yerinə yetirirlər. İşlədiyimiz uşaqların arasında iki, üçrəqəmliləri belə bir-birilə toplayıb vuraraq öyrənənlər çoxdur. Yəni, hər uşaq öyrənir. 

Diqqət uğurun və düzgün davranışın üzərinə yönəldilir

Üçüncü video motivasiya sistemi ilə bağlıdır. Artıq qeyd etdiyim kimi, autizmli uşaqlarda daxili motivasiya çox aşağı olur, bəzən isə, ümumiyyətlə olmur. Onlara öyrənməyin vacibliyini hiss etdirməsəniz, bunu ehtiyac kimi qəbul etməyə bilərlər. Biz onlara motivasiyanı öyrədirik. “Sən bunu bacararsan” fəlsəfəsinə əsaslanan metodikalar tətbiq edirik. Uşağın təşviq olunması yollarını, düzgün motivasiya üsullarını elmi əsaslı modellərlə izah edirik. Motivasiya yalnız şifahi formada olmur. Bunun üçün motivasiya kartları, simvol cədvəlləri və digər vasitələrdən istifadə edilir. Çəkdiyimiz videoda bunların necə hazırlandığını, necə tətbiq edildiyini addım-addım göstərmişik.

Burada xüsusi vurğuladığımız məqamlardan biri budur ki, uşaqlarımız düzgün motivasiya ilə çox böyük inkişaf göstərə bilirlər. Hətta bir müddətdən sonra özləri özlərini motivasiya etməyə başlayırlar. Nəinki autizmili, bəzən tipik inkişaf edən uşaqlara münasibətdə də yanlış yanaşmalar tətbiq edirik. Məsələn, uşağın hər hansı səhvində ona “sən səhv etdin”, “bu düzgün deyil”, “cəza alacaqsan” kimi reaksiyalar verilir və diqqət səhvin üzərinə yönəlir. Amma bizim tətbiq etdiyimiz elmi əsaslı modeldə diqqət uğurun və düzgün davranışın üzərinə yönəldilir. Məsələn, bir uşaq dırnaq yeyirsə, biz ona “sən niyə bunu etdin?” deyərək qorxu və təzyiq yaratmırıq. Çünki bu, uşağın daha çox stress keçirməsinə və davranışın davam etməsinə səbəb ola bilər. Əvəzində, uşaq dırnaq yemədiyi anda onu motivasiya edirik. Deyirik ki, “Bravo, sən çox gözəl davranış nümayiş etdirdin”. Hətta ən sevdiyi şeyi ona təşviq kimi təqdim edirik. Bu zaman uşaq özü düşünür ki, dırnaq yeməyəndə müsbət nəticə əldə edir. Beləliklə, o davranışı özü idarə etməyə başlayır. Bu çox incə, amma çox vacib yanaşmadır və bunu video materiallar vasitəsilə həm valideynlərə, həm də mütəxəssislərə öyrədirik.

Eyni zamanda, elmi əsaslı modelimizin ən vacib hissələrindən biri olan fəaliyyət cədvəllərinin istifadəsini də video vasitəsilə izah etdik. Bəzən autizmli və ya sağlamlıq imkanları məhdud olan uşaq hansı addımı necə atacağını, hansı işi hansı ardıcıllıqla görəcəyini bilməyə bilər, ona bunu vizual şəkildə öyrədirik. Yəni uşaq üçün bir fəaliyyət planı hazırlanır, “İndi bunu edəcəksən, sonra növbəti mərhələyə keçəcəksən”, - deyilir. Beləliklə, o öz yol xəritəsini görür. Bu da uşağın daha az həyəcan keçirməsinə, daha az stress yaşamasına və prosesi daha rahat idarə etməsinə kömək edir. Çünki planlı şəkildə hərəkət edən insan özünü daha təhlükəsiz və rahat hiss edir.

100-dən çox ailə ilə əlaqə yaratmağa çalışsalar da, layihəyə cəmi 15 ailə qoşuldu

- Videolar çəkməkdə çətinlik çəkmədiniz? Autizmli uşaqların ailələri, adətən, foto və videoçəkilişlərə həssas reaksiya göstərirlər. Ümumiyyətlə, onları mərkəzə dəvət etmək, iştiraklarını təmin etmək asan oldu? Prosesi necə idarə etdiniz? 

- Bu ailələrin müəyyənləşdirilməsi, onlarla əlaqə yaradılması və mərkəzə dəvət olunması prosesi həm şəxsi əlaqələrimiz, həm də Elm və Təhsil Nazirliyinin aidiyyəti şöbələrinin dəstəyi ilə mümkün oldu. Nazirliyin mütəxəssisləri vasitəsilə ailələrə çıxış imkanımız genişləndi və bu dəstək layihənin həyata keçirilməsində çox mühüm rol oynadı. Uşaqların məlumatlarını alıb ailələri mərkəzimizə dəvət etdik. Valideynlərə mərkəzimizdə iş prosesinin necə qurulduğunu, hansı metodikaların tətbiq olunduğunu göstərdik. Eyni zamanda təlimlərə və məşğələlərə onları da aktiv şəkildə cəlb etdik. Bəli, nəticə olaraq çox sadə səslənir, əslində isə ən çətin hissələrdən biri məhz bu oldu. Mən bunu aidiyyəti qurumlarla müzakirə edərkən də qeyd etmişdim ki, layihə çərçivəsində nə təlimlərin keçirilməsi, nə uşaqlarla işləmək, nə də mütəxəssislərin hazırlanması prosesində ciddi çətinlik yaşamadıq. Çünki bu sahə bizim peşəkar fəaliyyət istiqamətimizdir və işimizi yaxşı bildiyimiz üçün proses rahat şəkildə irəlilədi. Ən böyük çətinlik valideynlərlə ünsiyyət qurmaq və onları layihəyə cəlb etmək mərhələsində yaşandı. 100-dən çox ailə ilə əlaqə yaratmağa çalışdıq. Elələri oldu layihə haqqında ilk cümləni eşidən kimi evdən çıxmaq istəmədiklərini dedi, bəzi valideynlər övladlarını göstərmək istəmədilər. Hətta layihəyə qoşulan ailələr arasında belə foto və video çəkilişinə razılıq verməyənlər oldu. Onların qərarına hörmətlə yanaşdıq və bəzi hallarda sadəcə arxa plandan çəkilişlər etməklə layihənin sənədləşmə prosesini həyata keçirdik.

Ailə bilməlidir ki, uşağın inkişafı üçün ən vacib addımlardan biri onun vaxtında təhsilə cəlb olunmasıdır

- Bu vəziyyəti necə dəyişmək olar? Bəzi hallarda uşaqları nəinki təhsilə cəlb etmək, cəmiyyətdən gizlədən ailələr də var... 

- Çünki cəmiyyət hələ də bizim övladlarımızı qəbul etmir. Uşaqları evdən çıxardan valideynlər çox ciddi reaksiyalarla qarşılaşırlar. Valideynlərin uşaqları cəmiyyətdən uzaq tutmasının əsas səbəblərindən biri də məhz bu münasibətdir. Burada ən vacib yol maarifləndirmədir. Bu iş yalnız bir layihə çərçivəsində bir neçə ay aparılmamalıdır, davamlı xarakter daşımalıdır. Maarifləndirmə, sadəcə bir məlumat paylaşmaq deyil. Ailəni davamlı şəkildə bu prosesə cəlb etmək, onlara uzunmüddətli dəstək vermək, uşağın təhsil yolu ilə inkişafını addım-addım izah etmək çox vacibdir. Fikrimcə, hansı sahə ilə bağlı layihə həyata keçirilirsə keçirilsin, həmin layihənin əsas komponentlərindən biri maarifləndirmə işinin gücləndirilməsi olmalıdır. Odur ki, sağlamlıq imkanları məhdud uşaqların vaxtında müəyyənləşdirilməsi, vaxtında təhsilə cəlb olunması, intensiv dəstək proqramlarına yönləndirilməsi və ailələrin ciddi şəkildə məlumatlandırılması istiqamətində daha geniş işlər görülməlidir. Eyni zamanda mütəxəssislərin və ümumilikdə kadr potensialının gücləndirilməsi istiqamətində davamlı layihələr həyata keçirilməlidir. Bizim bu istiqamətdə artıq müəyyən hədəflərimiz var. Hazırda biz növbəti - ikinci mərhələyə keçməyi planlaşdırırıq və əsas məqsədlərdən biri əsaslandığımız modelin məktəbəqədər hazırlıq səviyyəsində tətbiq olunmasıdır. Bu istiqamətdə artıq fəaliyyətimiz də var. Təhsil İnstitutu ilə birlikdə məktəblərdə və məktəbəqədər təhsil müəssisələrində çalışan mütəxəssislərin, müəllimlərin və xüsusi təhsil sahəsində fəaliyyət göstərən şəxslərin peşəkar potensialının gücləndirilməsi məqsədi ilə xaricdən mütəxəssislər dəvət olunub, təlimlər təşkil etmişik. Çünki kadr potensialı güclü olanda, cəmiyyətə təqdim olunan yanaşma da dəyişir. İnsanlar daha anlayışlı mövqedə olurlar.

- Azərbaycanda bir çox ailələr uşağın vəziyyətini qəbul etmək istəmir, uzun müddət “sağalacaq” ümidi ilə müxtəlif xəstəxanalara müraciət edirlər. Bu səbəbdən uşaqlar təhsilə gələndə məktəbəhazırlıq yaşını çoxdan keçmiş olurlar. Bu yaşda onları təhsilə cəlb etmək çətin olmayacaqmı?

- İndi dövr dəyişib, diaqnoz erkən qoyulur. Valideyn də autizmin nə olduğunu, uşağın hansı çətinliklərlə qarşılaşdığını və hansı dəstəyə ehtiyacı olduğunu düzgün bilərsə, uşağı illərlə xəstəxana-xəstəxana gəzdirməz. Digər tərəfdən, bu məsələdə məsuliyyəti yalnız valideynlərin üzərinə qoymaq düzgün olmaz. Burada səhiyyə işçilərinin də bilik və yanaşma səviyyəsi çox önəmlidir. Çünki bir uşağın ilkin qiymətləndirilməsi və yönləndirilməsi prosesində valideynlərin ilk qarşılaşdığı şəxslər məhz səhiyyə mütəxəssisləri olur. Səhiyyə işçiləri diaqnoz qoyan kimi valideyni də düzgün məlumatlandırmalıdırlar. Onlara izah edilməlidir ki, uşağı müəyyən yaşdan gec olmayaraq təhsilə cəlb etmək vacibdir, təbii ki, autizmlə yanaşı ciddi fizioloji problemlər müşahidə olunmursa. Biz tipik inkişaf edən uşaqların təhsilini gecikdiririkmi? Xeyr. Əksinə, valideynlər onları erkən yaşlardan bağçaya, məktəbəqədər hazırlığa və daha sonra məktəbə yönləndirirlər. Yəni heç bir valideyn övladının təhsilini bilərəkdən gecikdirmək istəmir. Eyni yanaşma sağlamlıq imkanları məhdud uşaqlara münasibətdə də olmalıdır. Ailə bilməlidir ki, uşağın inkişafı üçün ən vacib addımlardan biri onun vaxtında təhsilə cəlb olunmasıdır. 

Xüsusi qayğıya ehtiyacı olan uşaqlara sahib ailələrin müəyyən hissəsində ata modeli ümumiyyətlə olmur

Layihəmizdə olduğu kimi, ailələrin psixoloji vəziyyətinin gücləndirilməsi də çox önəmlidir. Çünki sağlamlıq imkanları məhdud uşağa sahib olmaq asan məsələ deyil. Çox vaxt bu, ailələrin dağılması ilə nəticələnir. Araşdırmalar göstərir ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlara sahib ailələrin müəyyən hissəsində ata modeli ümumiyyətlə olmur. Bəzi hallarda ata ailəni tərk edir, bəzi hallarda isə fiziki olaraq ailədə olsa da, prosesdə iştirak etmir. Bəzi atalar vəziyyəti qəbul etməkdə çətinlik çəkir, məsuliyyətdən uzaqlaşır və bütün yük ananın üzərinə düşür. Halbuki bu proses paralel şəkildə paylaşılmalıdır. Çünki bir insanın bütün bu yükü təkbaşına daşıması çox ağırdır və hər ana bunu eyni güclə davam etdirə bilmir. Ona görə də maarifləndirmə işinin təşkilində ailələrin birlikdə hərəkət etməsi, uşağın həyata bağlanması və cəmiyyətə inteqrasiyası yollarının göstərilməsi də vacib istiqamətlərdən biridir. 

- Layihənin icrası vəziyyəti nə göstərir, gedişat hədəfinizə uyğundur? Sizcə, layihə məqsədinə çatacaq?

- Layihənin ən vacib hissəsi evdə təhsil alan uşaqlardır və seçdiyimiz uşaqlarda oxuma-yazma bacarığını inkişaf etdirdik, onların fəaliyyətində ciddi irəliləyişə nail olduq. Layihənin gedişatı bir daha təsdiq etdi ki, evdə təhsil alan şagirdlərlə işi düzgün quraraq çox ciddi irəliləyişə nail olmaq, elmi əsaslı və intensiv yanaşmaqla sağlamlıq imkanları məhdud olan uşaqları da təhsilə cəlb eləmək, onların cəmiyyətə inteqrasiyalarını təmin etmək olar. Ancaq o da bir həqiqətdir ki, bir layihə ilə bütün problemləri tam şəkildə həll etmək mümkün deyil. Amma bu layihə ailələr üçün çox böyük təkan rolunu oynayır. Yəni, hər insan təhsil ala bilər. Yetər ki, davamlılıq təmin olunsun, cəmiyyət maarifləndirilsin. O zaman autizmli şəxslər həm təhsil ala, həm də işləyə bilər. Biz dünyanın bir çox ölkəsində olmuşuq, müxtəlif qurumlarla əməkdaşlıq etmişik. Amerika, Avropa, Türkiyə, Rusiya və s. yerlərdə ən ağır dərəcəli sağlamlıq imkanları məhdud şəxslərin belə təhsilə cəlb olunduğunu, müəyyən bacarıqlar qazanaraq cəmiyyətə inteqrasiya edildikləri faktlarla qarşılaşmışıq. Əsas məsələ doğru yolu tapmaqdır.