Ən çətin mərhələ son hazırlıq günləri idi - Dünya çempionu

8 Yanvar, 2026 - 14:59
Ən çətin mərhələ son hazırlıq günləri idi

Milli Müdafiə Universiteti tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin kursantı Nihad İbrahimov Türkiyədə keçirilən Turan Alpaqut idman növü üzrə dünya çempionu olub. 

“Azərbaycan müəllimi” vətənə qələbə ilə geri dönən kursantla həmsöhbət olub.

- İlk olaraq özünüzü oxucularımıza təqdim edərdiniz.

- Milli Müdafiə Universiteti tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin kursantıyam. Həm təhsilimi davam etdirir, həm də peşəkar səviyyədə idmanla məşğul oluram. Bu yaxınlarda öz idman növüm üzrə dünya çempionu adını qazanmışam və ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etdiyim üçün qürur duyuram.

- Hansı idman yarışlarında iştirak etmisiniz?

- Turan Alpaqut idman növü üzrə dünya çempionatında iştirak etmişəm. Yarış Türkiyədə keçirilib və dünyanın müxtəlif ölkələrindən ən güclü idmançılar burada mübarizə aparırdı.

- Yarışda qalib gəlmək sizin üçün nə ifadə edir?

- Bu qələbə mənim üçün sadəcə medal deyil. Zəhmətin bəhrəsi, məsuliyyət və Vətənə olan sevginin nəticəsidir. Eyni zamanda bu uğur mənə daha böyük hədəflərə doğru getmək üçün güclü motivasiya verdi.

- Başqa şəhərdə yarışmaq sizdə çətinlik yaşatdımı?

- Əlbəttə, fərqli mühit, iqlim və uyğunlaşma prosesi həmişə müəyyən çətinlik yaradır. Ancaq intizamlı və dözümlü olmaq yarışda qalib gəlməyimə kömək etdi.

- Yarışa hazırlıq prosesiniz necə keçdi?

- Hazırlıq prosesi olduqca intensiv və məsuliyyətli idi. Həm fiziki, həm də psixoloji hazırlıq üzərində ciddi işlədik. Rejimə riayət etmək, qidalanma və istirahəti düzgün bölüşdürmək əsas şərtlərdən idi.

- Gündəlik məşq proqramınızdan qısa məlumat verərdiniz.

- Gün ərzində 2 dəfə məşq edirəm. Birinci məşq fiziki hazırlıq və dözümlülüyə, ikinci məşq isə texniki və taktiki hazırlığa həsr olunur. Bundan əlavə, bərpaedici məşqlər və dartınmalar da proqramın mühüm hissəsidir.

- Yarışa qədər ən çətin mərhələ hansı oldu?

- Ən çətin mərhələ son hazırlıq günləri idi. Çünki həm məsuliyyət, həm də həyəcan maksimum səviyyədə olur. O anda psixoloji sabitliyi qorumaq əsas şərtdir.

- Bu uğurda məşqçinizin rolu barədə nə deyərdiniz?

- Məşqçimin rolu ölçüyəgəlməzdir. Onun dəstəyi, inamı və düzgün taktiki yanaşması olmasaydı, bu nəticəni əldə etmək çətin olardı. Bu qələbədə onun payı mənimki  qədərdir. 

- Yarış zamanı ən həyəcanlı anınız hansıdır?

- Final görüşündən əvvəlki son saniyələr çox həyəcanlı idim. Zalda səssizlik, məsuliyyət hissi və Vətən bayrağını qaldırmaq arzusu – bunlar insanın yaddaşında ömürlük qalır.

- Qalib olduğunuz an hansı hissləri keçirdiniz?

- Yarışda güclü və iddialı rəqibə qarşı mübarizə aparırdım. O, İran təmsilçisi idi və erməni əsilli olması səbəbi ilə məsuliyyət hissimi daha da artırdı. Qələbəm Vətən bayrağımızın qaldırılması ilə ikiqat mənəvi dəyər qazandı.

- Təhsillə idmanı bir arada aparmaq çətin deyil ki?

- Asan deyil, amma mümkündür. Düzgün planlama, iradə və rejim hər şeyi həll edir. Həm kursantlıq, həm də idman bir-birini tamamlayır: biri intizam, digəri isə dözümlülük verir.

- Gələcəkdə idman sahəsində peşəkar karyera qurmaq istəyirsinizmi?

-Bəli, istəyirəm. Ölkəmi daha böyük arenalarda təmsil etmək və gələcəkdə gənclərlə öz təcrübəmi bölüşmək planlarım arasındadır.

- Qarşıdakı yarışlar üçün hansı hədəfləriniz var?

- Növbəti qələbələr, yeni rekordlar və daha yüksək titullar. Hədəfim yalnız mövcud nəticəni qorumaq yox, onu daim artırmaqdır.

- Bu uğuru kimlərə həsr edirsiniz?

- Bu uğuru ailəmə, müəllimlərimə, komandama, ən əsası Vətənimə və Milli Müdafiə Universitetinin kursantlarına həsr edirəm. Onların dəstəyi olmasaydı, bu yola davam etmək çətin olardı.

- Sizin kimi idmana marağı olan tələbələrə nə tövsiyə edərdiniz?

- Heç vaxt ilk uğursuzluqda geri çəkilməsinlər. İradə, səbir və nizam-intizam – bunlar idmanın əsas açarıdır. Özünə inanmaq isə ən böyük gücdür.

- Sonda oxucularımıza nə demək istərdiniz?

- Sağlam həyat tərzi sürün, gənclərə dəstək olun və hər kəs öz sahəsində Vətənini layiqincə təmsil etməyə çalışsın. Qələbə yalnız meydanda yox, gündəlik həyatdakı zəhmətin də nəticəsidir.