Həm oxuyur, həm işləyir: Tələbəyə güzəşt edilməlidirmi?

15 Yanvar, 2026 - 12:11
Həm oxuyur, həm işləyir:

Səhər auditoriyaya tələsir, dərsdə qeydlərini yarımçıq saxlayır, günorta haradasa ayaqüstü nahar edir. Axşam isə başqa bir ünvana, başqa bir məsuliyyətə keçir. Gecə evə qayıdanda fikri hələ də sabahkı tapşırıqda qalır, zəngli saat isə artıq növbəti gün üçün qurulub...

Bu, xüsusi bir hekayə deyil. Əyani oxuyan və eyni zamanda işləyən minlərlə tələbənin adi günüdür. Onlar təhsil və işi eyni vaxtda aparmağa çalışırlar və əsas sual da məhz buradan doğur: Bu temp tələbənin akademik və peşəkar yolunu gücləndirir, yoxsa onu zəiflədir?

“Təqaüd bəzən tələbatları ödəmir, əlavə xərclər olur”

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) III kurs tələbəsi Nərgiz Heydərli də həm oxuyub, həm də işləyənlərdəndir. “Azərbaycan müəllimi”nə açıqlamasında deyir ki, bəzən təqaüdü əlavə xərclərinə çatmadığı, həm də bütün ehtiyaclarını özü qarşılamaq istədiyi üçün işləyir: “İşləsəm, xərclərimi daha yaxşı qarşılaya bilərəm deyə düşündüm. Mən evdən pul almaq istəmirdim və bütün ehtiyaclarımı özüm qarşılamaq istəyirdim. Yəni bəzən gəzmək, əylənmək istəyirsən. Amma tələbə standartlarında bu, həmişə alınmır. Buna görə də özəl bir kursda robototexnika üzrə müəllim kimi işləməyə başladım.

Düzü, işləmək dərs prosesimə çox da mane olmur, çünki həftənin bəzi günlərində çalışıram. Sadəcə şagirdlərlə çalışdığım üçün bəzən fiziki yox, psixoloji yorğunluq olur. Amma müəyyən günlərdə ixtisasımla əlaqədar kursa getdiyim üçün dərs, kurs və iş – üçü bir arada olanda artıq çox yorulurdum”.

“İşdən sonrakı yorğunluq dərslərə hazırlaşmağı çətinləşdirirdi”

Nərgiz söyləyir ki, semestr imtahanları vaxtı artıq işini dayandırır, çünki həm işləyib, həm də imtahana hazırlaşmaq çox yorucudur: “Əgər semestr imtahanları boyunca işləsəm, çox çətinlik yaradar. Çünki imtahanların arasında vaxt az olur və fokus problemi yaranır. Bəzi müəllimlərin işlədiyim üçün güzəşt edirdilər, amma həmişə etməlidirlərmi? Bu, bir az mübahisəli məsələdir. Amma düşünürəm ki, müəllimlər anlayışlı olmalıdırlar. Bir tələbə işləyirsə, kefindən işləmir, ehtiyacı olduğu üçün işləyir. Əziyyət çəkən tələbəni anlamaq lazımdır”.

“İşə qəbul prosesində bir az tərəddüd etdilər”

Müsahibimin sözlərinə görə, ilk dəfə özü haqqında məlumatları (CV) işəgötürənə göndərəndə o, tələbə olduğu üçün bir az tərəddüd ediblər: “Tələbəlik dövründə işləmək, məncə, çox yaxşı bir şeydir. Ümumiyyətlə, işləmək insanı müdrikləşdirir. Pulun harada, necə xərcləndiyini daha yaxşı düşünməyə başlayırsan, çünki pulu əziyyət çəkib qazanırsan. Bu da insanın məsuliyyət hissini artırır. Bundan əlavə, yumşaq bacarıqların formalaşmasına da çox kömək edir.

Məni də işə götürəndə müdir bir qədər tərəddüd etdi, uşaqlara dərs keçə biləcəyimi yoxlamaq üçün əvvəlcə müsahibə etdi, daha sonra iki həftə sınaq dərsi keçdim. İki həftədən sonra uşaqların nəticələri yaxşılaşıb valideynlər də razı qalanda məni işə götürdü”.

“Tələbələrə müəyyən güzəştlər edilir”

Nərgizin sözlərində bir detal xüsusilə diqqət çəkir: işə qəbul olunarkən tərəddüd yaşanıb. Çünki işəgötürənlər üçün əyani oxuyan namizədin işə qəbul prosesi ayrıca qiymətləndirmə tələb edir. Bəs tələbə statusu işəgötürən üçün nə deməkdir və bu qərar necə verilir?

İnsan resursları üzrə mütəxəssis Məleykə Babayeva isə bildirir ki, əgər namizəd şirkətin qoyduğu tələblərə uyğundursa və bu uyğunluq namizədin şəxsi həyatına və təhsilinə zərər vurmursa, onda işə götürülür: “Tələbənin işə götürülməsi təklif olunan vəzifədən asılıdır. Əgər tələbə olması tutduğu vəzifə üçün problem deyilsə, onda, əlbəttə, işə qəbul edilir. Hətta 16-17 yaşlı namizədlərə də valideyn razılığı və Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq şans verilir. Lakin vəzifədən asılı olaraq, işçinin iş saatlarında 1 saat belə orada olmaması ciddi problem yaradırsa, əvəzedicisi də yoxdursa, onda işə götürülməyəcək”.

M.Babayeva qeyd edir ki, Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq statusundan asılı olmayaraq, bütün işçilər rəsmi müqavilə ilə çalışılmalıdır, ona görə də tələbələr də əmək müqaviləsi ilə çalışırlar: “Tələbələrə müəyyən güzəştlər də edilir. Təhsil aldığı müəssisədən (kollec və ya universitet) asılı olaraq, təhsil məzuniyyəti verilir, məsələn, işçi sessiya imtahanı verirsə, 20-40 gün arası ona məzuniyyət verilir. Bu zaman əməkhaqqı saxlanılır. Həmçinin rəhbərlər tərəfindən iş saatlarında, işə gəliş-gediş saatlarında güzəşt də edilə bilər”.

“Son illər tələbələrin işləməyə marağı artıb”

İşəgötürən konkret namizəd üzərindən qərar verir. Karyera mərkəzləri isə tələbənin işləməsinə daha geniş kontekstdə – təhsil, inkişaf və gələcək planlar baxımından yanaşır. ADNSU-nun nəzdində fəaliyyət göstərən UFAZ-ın Karyera Mərkəzinin koordinatoru Qənirə Nəsibova isə açıqlamasında bildirir ki, əvvəlki illərlə müqayisədə tələbələr təkcə maddi ehtiyac səbəbilə deyil, eyni zamanda erkən mərhələdə iş təcrübəsi qazanmaq, əmək bazarının tələblərini daha yaxşı anlamaq və gələcək karyeralarına daha hazırlıqlı başlamaq məqsədilə işləməyə üstünlük verirlər: “Son illərdə əyani təhsil alan tələbələrin işləməyə marağında nəzərəçarpacaq artım müşahidə olunur. Xüsusilə son kurs tələbələri və magistrantlar üçün təhsil dövründə işləmək artıq istisna yox, daha çox planlı bir seçimə çevrilib. Bu marağın artmasının əsas səbəbləri sırasında əmək bazarının dəyişən tələbləri xüsusi yer tutur. Artıq işəgötürənlər məzunlardan təkcə akademik bilik deyil, real iş təcrübəsi və praktiki bacarıqlar da gözləyirlər. Bununla yanaşı, tələbələr karyeralarını daha erkən mərhələdə planlaşdırmağa başlayıblar. Maliyyə müstəqilliyinə ehtiyac, xüsusilə yaşayış və gündəlik xərclərin artması da işləməyə marağı artıran amillərdəndir. Son illər təcrübə və yarımştat iş imkanlarının genişlənməsi, eləcə də çevik və onlayn iş modellərinin yayılması tələbələrə təhsillə işi paralel aparmaq üçün daha əlverişli şərait yaradıb”.

“Tələbə üçün prioritet hər zaman təhsil olmalıdır”

Mütəxəssis qeyd edir ki, təhsil illərində düzgün planlaşdırılmış və balanslı təcrübə tələbənin gələcək karyerasına mühüm töhfə verir: “İş və təhsili paralel aparmaq düzgün planlaşdırıldığı halda tələbəyə mühüm bacarıqlar qazandıra bilər. Bu proses tələbədə məsuliyyət hissini, vaxtın idarə olunması, ünsiyyət və komanda ilə işləmə vərdişlərini formalaşdırır və onu real iş mühitinə daha tez uyğunlaşdırır. İş və təhsilin paralel aparılmasının faydası birbaşa işin tələbənin ixtisası ilə nə dərəcədə əlaqəli olmasından asılıdır. İxtisas üzrə olan işlər təhsili tamamlayır, əlaqəsiz işlər isə çox zaman yalnız vaxt və enerji aparır. Aşağı kurslarda tələbənin əsas məqsədi universitet mühitinə uyğunlaşmaq, fundamental biliklər qazanmaq və ixtisasını düzgün anlamaqdır. Bu mərhələdə tam ştatlı işə başlamaq əksər hallarda akademik göstəricilərə mənfi təsir göstərə bilər.

Çevik iş qrafiki olan tələbələrdə akademik çətinliklər daha az müşahidə olunur. Uzun iş saatları dərsə davamiyyətə və hazırlığa birbaşa mənfi təsir edir. İş və təhsili uzun müddət balanssız şəkildə paralel aparmaq tələbədə motivasiya itkisinə və emosional yorğunluğa səbəb ola bilər. Bu amil tez-tez nəzərdən qaçır, amma akademik nəticəyə birbaşa təsir edir. Təcrübə göstərir ki, bəzi tələbələr zamanla işə daha çox fokuslanırlar, prioritetləri dəyişir və bu da akademik nəticələrin zəifləməsinə, ümumi orta göstəricinin aşağı düşməsinə səbəb olur. Bəzi hallarda işində uğurlu olan tələbələrin akademik çətinliklər səbəbindən dərslərdən kəsilməsi də müşahidə edilir. Digər tərəfdən, işi və təhsili balanslı şəkildə qura bilən, prioritetlərini düzgün müəyyən edən, vaxtını effektiv idarə edən və xüsusilə ixtisası ilə uyğun, çevik qrafikli işlərdə çalışan tələbələr hər iki sahədə uğurlu nəticələr əldə edə bilirlər. Onlar ən yüksək akademik göstəricilərə malik olmasalar belə, həm təhsil prosesində, həm də iş həyatında özlərini doğruldurlar. Eyni zamanda, əmək bazarında yanaşma da dəyişib və artıq işəgötürənlər təkcə yüksək nəticəyə deyil, praktik bacarıqlara, uyğunlaşma qabiliyyətinə və real təcrübəyə malik kadrları üstün tuturlar”.

“İxtisasla əlaqəsi olmayan işlər akademik nəticələrə mənfi təsir göstərə bilər”

Q.Nəsibovanın sözlərinə görə, təhsil dövründə əldə olunan iş təcrübəsi əksər hallarda tələbəyə böyük üstünlük qazandırır, lakin onun faydası kontekstdən asılıdır: “Təcrübə ixtisasla uyğun, məqsədyönlü və balanslı olduqda, tələbənin bacarıqlarını, praktik anlayışını və karyeraya hazırlığını artırır. Yəni əsas məsələ iş təcrübəsinin keyfiyyəti, uyğunluğu və təhsillə balansının qorunmasıdır.

Erkən kurslarda tələbələr, əsasən, akademik biliklərə fokuslanmalıdırlar. Daha yuxarı kurslarda isə ixtisas üzrə yarımştat və ya təcrübə xarakterli fəaliyyətlərə qoşula bilərlər. Aşağı kurslarda tələbələr tələbə cəmiyyətləri, layihələr və sosial fəaliyyətlərlə ilkin təcrübə qazana bilərlər. Yay ayları isə iş təcrübəsi üçün ideal dövrdür, çünki akademik yük azalır və tələbələr real iş mühitində bacarıqlarını inkişaf etdirə bilirlər. Təcrübə yalnız akademik nəticələrə deyil, həm də şəxsi inkişaf, şəbəkələşmə, zaman idarəsi və prioritet qoyma bacarıqlarına təsir edir”.

“Tələbələr iş seçərkən tez-tez yanlış yanaşmalara yol verirlər”

Koordinator tələbələrin iş seçimi haqqında da danışaraq söyləyir ki, aşağı kurs tələbələri bəzən daha xaotik seçimlər edə bilirlər: “Onlar, əsasən, təcrübə qazanmaq məqsədilə müxtəlif könüllülük proqramlarında iştirak edirlər. Hər bir təcrübə onlara yeni bacarıqlar və biliklər öyrədir. Zaman keçdikcə və təcrübələri artdıqca yuxarı kurs tələbələri daha məqsədli hərəkət etməyə başlayır, gələcək planlarına fokuslanaraq ixtisasları ilə uyğun, yarımştat və ya təcrübə xarakterli işləri seçirlər. Bununla belə, tələbələr iş seçərkən tez-tez yanlış yanaşmalara yol verirlər: yalnız yüksək maaş və şirkət nüfuzuna önəm vermək, ixtisas uyğunluğunu nəzərə almamaq, işin təcrübə və bacarıq imkanlarını qiymətləndirməmək, gələcək karyera perspektivini düşünməmək, vaxt və prioritetləri düzgün idarə etməmək, dostların və sosial təzyiqin təsiri altında qərar vermək və bəzən bir neçə işi eyni anda seçərək balansı pozmaq. Bu illərdə özünü axtarmaq isə tamamilə normaldır, xüsusilə texniki ixtisaslarda geniş ixtisaslaşmalar mövcuddur. Tələbələr müxtəlif təcrübələrlə özlərini sınayır və yuxarı kurslarda karyera istiqamətlərini daha dəqiq müəyyənləşdirirlər”, – deyə o bildirib.