Reytinqlərdə irəliləyiş Azərbaycan universitetlərinin cəlbediciliyini artırır
“QS 2026 sahələr üzrə dünya reytinqi”nə Azərbaycanın 7 universiteti daxil olub, ölkənin təmsil olunduğu proqramların sayı ilə 4 dəfə artaraq 22-yə yüksəlib.
"Azərbaycan müəllimi" xəbər verir ki, QS-in baş vitse-prezidenti Ben Sauter Azərbaycan ali təhsil sisteminin regionda mühüm rol oynadığını, ölkə universitetlərinin nüfuzunun daha da möhkəmləndiyini və həm yerli, həm xarici tələbələr üçün cəlbediciliyinin artdığını qeyd edib.
Əlavə olaraq, Ben Sauter vurğulayıb ki, Azərbaycan universitetləri ölkə iqtisadiyyatı üçün prioritet sahələrdən biri olan “Neft və qaz sahəsində mühəndislik elmləri” üzrə yüksək nəticələr göstərməyə davam etməklə yanaşı, bu il “Kompüter elmləri və informasiya sistemləri”, “Kimya”, “Kimya mühəndisliyi”, “Hüquq” kimi vacib istiqamətlərdə də təmsil olunublar.
QS-in regional direktoru Sergey Xristolyubov isə Azərbaycanın Cənubi Qafqaz regionu üzrə sözügedən reytinqə daxil olan yeganə ölkə olmasını və ilk dəfə top 100-lükdə təmsil olunmasının əhəmiyyətli nailiyyət olduğunu vurğulayıb.



