Risk qrupuna aid 133 uşağın təhsil göstəriciləri yaxşılaşıb - Vüqar Behbudov
“Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq davam etdirilir. Bu fəaliyyət təhsildə sosial iş proqramı çərçivəsində həyata keçirilir və xidmətlər təhsil mühitində uşaqların üzləşə biləcəyi sosial risklərin azaldılmasına yönəlib”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərə dair mətbuat konfransında deyib.
O bildirib ki, məktəblərə və ailələrə sosial xidmət göstərməklə uşaqların sosial bacarıqlarının inkişafı, onların müdafiəsinin təmin edilməsi, uşaqlara diqqət və qayğının artırılması, onlara qarşı fiziki və psixoloji zorakılığın qarşısının alınması, eyni zamanda bu sahədə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi təmin olunur: “2025-ci il ərzində agentliyin sosial işçiləri tərəfindən 414 ərazi üzrə ümumilikdə 685 məktəbə səfər edilib, əməkdaşlıq etdiyimiz təhsil müəssisələrinin sayı 1140-a çatdırılıb. İl ərzində 1392 uşaqla məktəbdə ilkin qiymətləndirmə aparılıb. Risk qrupuna aid 323 uşağın ailəsinə səfərlər olunaraq müvafiq sosial müdaxilələr həyata keçirilib. Nəticədə uşaqların ailə və sosial yönümlü inkişafında müsbət dəyişikliklər müşahidə edilib, 133 uşağın təhsil göstəricilərində irəliləyiş qeydə alınıb”.



