Riyazi biliklər beynəlxalq standartla ölçüləcək

24 İyun, 2026 - 10:57
Riyazi biliklər beynəlxalq standartla ölçüləcək

"Biz artıq müəyyən imtahanlarımızın səviyyələrini beynəlxalq standartlarla uyğunlaşdırmışıq. Məsələn, doktoranturaya qəbul üzrə xarici dil imtahanı B2, magistraturaya qəbul üzrə xarici dil imtahanı isə B1 və ya B1+ səviyyəsinə uyğundur". 

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Trend Beynəlxalq İnformasiya Agentliyinə və "Baku TV" televiziya kanalına birgə müsahibəsində bildirib.

M.Abbaszadənin sözlərinə görə, bu uyğunluqla bağlı “Cambridge Assessment”lə araşdırmalar aparılıb və müvafiq təsdiqlər də əldə olunub:

 "İndi istəyirik ki, riyaziyyat üzrə də beynəlxalq imtahanlarla müqayisəli bir cədvəl hazırlansın. Məsələn, deyə bilək ki, bizim 9-cu sinif riyaziyyat proqramı hansı beynəlxalq imtahanın hansı səviyyəsinə uyğun gəlir.

Bu nə üçün lazımdır? Ona görə ki, gənclər öz bilik səviyyələrini beynəlxalq meyarlarla müqayisə edə bilsinlər və bilsinlər ki, onların hazırlıq səviyyəsi beynəlxalq miqyasda hansı göstəriciyə uyğundur".

DİM sədri qeyd edib ki, əsasən riyaziyyat və dil sahələri üzrə bu istiqamətdə irəliləyirlər:

"Eyni zamanda, süni intellektin tətbiqi ilə bağlı müəyyən məsələlər var. Hazırda bunun hüquqi bazası formalaşdırılır".