“Ruhdan düşmədim” - 300 bal toplayan Yevlax məktəblisi
“Azərbaycan müəllimi” olaraq növbəti uğur hekayəmizdə Yevlax şəhər ümumtəhsil məktəblərindən birinin fərqlənən şagirdi ilə həmsöhbət olduq. Yevlax şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbinin 9 a sinif şagirdi Səma Hətəmli buraxılış imtahanında maksimum nəticə – 300 bal toplayaraq həm məktəbinin, həm də regionun qürur mənbəyinə çevrilib.
Məktəbli qazandığı uğurla bağlı təəssüratlarını bizimlə bölüşərkən qeyd etdi ki, imtahan prosesi onun üçün gözlədiyindən daha rahat keçib: “İmtahan mənim üçün normal keçdi, yəni elə də çətin gəlmədi. Çünki mən hazırlıq dövründə çoxlu test vəsaitlərindən, hətta imtahanda düşə biləcək suallardan daha çətin tapşırıqlar işləyirdim. Buna görə də imtahanda qarşıma çıxan suallar mənə nisbətən asan göründü.
Əlbəttə, mənim də çətinlik çəkdiyim mövzular olurdu. Bəzən sınaq imtahanlarında istədiyim nəticəni əldə etmədiyim vaxtlar da olurdu. Amma bu məni ruhdan salmırdı. Əksinə, belə anlar mənim üçün motivasiya mənbəyinə çevrilirdi. Daha çox çalışmaq, səhvlərimi düzəltmək və irəliləmək üçün özümə əlavə stimul tapırdım.
Bu uğur təkcə mənim deyil. Burada mənim əziyyətimlə yanaşı müəllimlərimin zəhməti, onların verdiyi bilik və dəstək, həmçinin ailəmin və yaxınlarımın mənə olan inamı və dəstəyi böyük rol oynayıb. Mən il ərzində çoxlu sınaq imtahanlarında iştirak etdiyim üçün vaxt bölgüsünü düzgün qurmağı öyrənmişdim. Bu da imtahan zamanı mənə əlavə üstünlük qazandırdı və çətinlik çəkmədən bütün tapşırıqları vaxtında yerinə yetirdim”.
Bu uğur bir daha sübut edir ki, düzgün planlaşdırılmış hazırlıq, davamlı zəhmət, müəllim dəstəyi və güclü iradə bir araya gəldikdə ən yüksək nəticələrə çatmaq mümkündür. Yevlax məktəblisinin əldə etdiyi 300 bal yalnız fərdi nailiyyət deyil, həm də region təhsilinin inkişafının göstəricisi kimi dəyərləndirilə bilər. Bu cür uğurlar digər şagirdlər üçün də ilhamverici nümunədir.



