“Rus bölmələrinin bağlanması gündəmdə deyil” – Emin Əmrullayev 

10 İyul, 2025 - 11:39
“Rus bölmələrinin bağlanması gündəmdə deyil” – Emin Əmrullayev 
“Rus bölmələrinin bağlanması gündəmdə deyil” – Emin Əmrullayev 

“Biz istəyirik ki, şagirdlər xarici dillə yanaşı, Azərbaycan dilini də yaxşı bilsinlər. Buna baxmayaraq, rus dili ilə bağlı müəyyən çatışmazlıqlarımız var”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən “Sertifikatlaşdırma 2025: Peşəkar müəllim–keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, müəllimlərin işə qəbulu prosesində rus bölməsi üzrə namizədlərin nəticələri aşağı olur: “Rus bölməsi üzrə müəllim olmaq istəyən namizədlərin maksimum balı 50–60-dır. Azərbaycan bölməsi üzrə isə bu göstərici 80-dən yuxarıdır. Bu səbəbdən də rus bölməsinə yarıbayarı nəticə göstərən müəllimi işə götürməyə məcbur oluruq, çünki alternativ yoxdur”.

Nazirin sözlərinə görə, məktəbi bitirən hər bir şagird Azərbaycan dilini yaxşı bilməlidir: “Əgər şagird dövlət büdcəsi hesabına təhsil alırsa, dövlət dilini bilməlidir. Uşaqlarımızın rus dilini bilməsində pis heç nə yoxdur. Amma bu, dövlət dilinin kölgədə qalması anlamına gəlməməlidir. Biz istəyirik ki, uşaqlarımız həm rus, həm ingilis, həm də digər dilləri bilsinlər. Lakin bu, Azərbaycan dilinin statusunu azaltmamalıdır”.

E.Əmrullayev bunu da qeyd edib ki, hazırda təhsil müəssisələrində rus bölmələrinin bağlanması məsələsi gündəmdə deyil.