SABAH tələbələrinin 43%-i 600-dən yuxarı bal toplayanlardır – AÇIQLAMA
SABAH proqramlarına seçim zamanı ixtisas üzrə abituriyentlər artıq bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə mərkəzləşdirilmiş qəbul imtahanlarında (Dövlət İmtahan Mərkəzi – DİM) topladıqları bala görə sıralanır və Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş kvotaya uyğun olaraq ən yüksək bal toplamış, dövlət sifarişi əsasında təhsil alanlar proqrama cəlb edilirlər.
"Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib ki, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibi olaraq ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmuş, habelə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə dövlət sifarişi ilə təhsil almaq hüququ qazanan tələbələr proqramda iştirak edirlər.
Ümumilikdə 2025/2026-cı tədris ili üzrə SABAH proqramında iştirak edən tələbələrin 43%-i 600-dən yuxarı bal toplayanlardır.
Nazirliyin açıqlamasında qeyd edilib ki, “Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə” Azərbaycan Prezidentinin 2024-cü il 15 noyabr tarixli 351 nömrəli Sərəncamına uyğun olaraq hazırlanmış SABAH proqramının təşkili ilə bağlı yeni tələblər əsasında cari tədris ilində SABAH proqramında ümumilikdə 2484 tələbə iştirak edir.
Xüsusi qabiliyyət tələb edən və yaradıcı ixtisaslar qrupu üzrə isə əvvəlki illərdə tətbiq olunan ənənəvi qaydada 94 nəfər tələbə SABAH proqramına qəbul olunub.



