Şagird davranış qaydalarının ölkə üzrə tətbiqinə başlanılır – AÇIQLAMA
“Şagird davranış qaydalarının tətbiq olunduğu məktəblərdən müsbət siqnallar alırıq. Yaxın zamanda qaydalar ölkə üzrə bütün məktəblərdə tətbiq olunacaq”.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova “Azərbaycan müəllimi”nə açıqlaması zamanı deyib.
O bildirib ki, 2023-2024-cü ildən Bakıda 62, rayonda 300 məktəbdə şagird davranış qaydaları tətbiq olunub.
“Bu istiqamətdə müsbət dinamika izlənilir. Şagird davranış qaydalarının tətbiqi özünü doğruldub”.
Direktor müavini bullinq mövzusuna da toxunub. Bildirib ki, bu gün "Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış: Bullinq" mövzusunda keçirilən konfransda bu mövzu detallı şəkildə müzakirə edilib.
“Bullinq sırf məktəbdən qaynaqlanmır, burada ailələrin də rolu böyükdür”, – deyə o əlavə edib.


