Şagird şeiri əzbər bilməlidir, yoxsa düşündüyünü ifadə etməlidir? – Nazir

10 İyun, 2026 - 17:49
Şagird şeiri əzbər bilməlidir, yoxsa düşündüyünü ifadə etməlidir? – Nazir

“Təxminən 15–20 il əvvəl qərar verildi ki, məktəblərdə informatika tədris olunsun. Fikir özü çox yaxşı idi. Amma sonradan məlum oldu ki, informatikanın tədrisi üçün təkcə dərslik kifayət etmir. Müəllim, avadanlıq, texniki imkanlar və s. lazımdır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində müzakirə zamanı səsləndirib.

Nazir bildirib ki, hüquq savadlılığının geniş şəkildə tədrisi ilə bağlı da eyni suallar ortaya çıxır: “Əgər ölkə üzrə bütün uşaqlara hüquqi savad vermək istəyiriksə, bunun üçün hansı zəruri şərtlər lazımdır?

Neçə dərslik çap olunmalıdır? Neçə müəllim hazırlanmalıdır? Həmin müəllimlər hansı ixtisas sahibi olmalıdırlar? Özləri mövzunu kifayət qədər mənimsəyiblərmi? Onları necə qiymətləndirəcəyik? Şagirdlərin biliyini necə ölçəcəyik? Bu sualların cavablarını tapmadan genişmiqyaslı tətbiqə başlamaq düzgün olmaz”.

Emin Əmrullayev bildirib ki, eyni yanaşma digər sahələrə də aiddir: “Məsələn, Azərbaycan dili tədrisində bizim üçün əsas məqsəd nədir?
Şagird şeiri əzbər bilməlidir? Yoxsa oxuduğunu başa düşməlidir? Yoxsa Azərbaycan dilində fikrini düzgün və səlis şəkildə ifadə etməyi bacarmalıdır?
Azərbaycan dilini yaxşı bilən insan kimdir? Şeiri əzbər deyən, yoxsa mətnləri anlayan və keyfiyyətli yazı yazan şəxs?

Məncə, bu sualların cavabları ilə bağlı cəmiyyət olaraq hələ tam ortaq mövqeyə gəlməmişik. Halbuki tədrisin məqsədini müəyyən etmək üçün, ilk növbədə, məhz bu suallara cavab verməliyik”.