Şagirdlər ETSN-də bir gün keçirdilər
Milli Məclisin deputatı Nigar Məmmədovanın təşəbbüsü ilə Abşeron rayonunun Qobu, Güzdək və Hökməli qəsəbələrindən olan məktəblilər “ETSN-də bir gün” layihəsi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyində olublar.
"Azərbaycan müəllimi" xəbər verir ki, uşaqların ekoloji biliklərinin artırılması, dünyagörüşlərinin genişləndirilməsi və ətraf mühitin mühafizəsi sahəsində maarifləndirilməsi məqsədilə təşkil olunan görüşdə rəqəmsal ekologiya və biomüxtəlifliyin qorunması mövzularında təqdimatlar keçirilib.
Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov çıxışında ətraf mühitin mühafizəsində rəqəmsal texnologiyaların rolu, ekoloji məlumatların toplanması və təhlilində innovativ həllərin tətbiqi, həmçinin bu istiqamətdə həyata keçirilən layihələr barədə şagirdlərə ətraflı məlumat verib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva isə ekosistemlərin qorunmasının əhəmiyyəti, biomüxtəlifliyin mühafizəsi sahəsində qlobal çağırışlar və təbiətə məsuliyyətli yanaşmanın vacibliyi haqqında danışıb.
Səfər çərçivəsində məktəblilər Azərbaycan Geologiya Muzeyini də ziyarət edərək ölkəmizin zəngin geoloji irsini əks etdirən müxtəlif mineral və süxur nümunələri ilə tanış olublar.
Tədbirin sonunda şagirdlər ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovla görüşüblər. Görüş zamanı layihədə iştirak edən uşaqlara “Yaşıl gələcək” sertifikatları və zeytun tingləri təqdim olunub.
Bu kimi təşəbbüslər uşaqlarda təbiətə sevgi, ekoloji məsuliyyət hissi və elmə marağın formalaşmasına töhfə verir.



